Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1169/2021 06.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “01.05.2019-cu ol tarixli 013 saylı müqaviləyə əsasən göstərilmiş xidmətin dəyəri kimi 9434 manat əsas borc və 500 manat cərimə olmaqla, ümumilikdə 9934 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.05.2019-cu il tarixdə “Mühasibat və vergi uçotu üzrə xidmətin göstərilməsi barədə” müqavilə bağlanmışdır. Razılaşmaya əsasən icraçı müxtəlif mühasibatlıq xidməti göstərməyi, müştəri isə həmin xidmətlərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış üzləşmə aktından görünür ki, 28.06.2021-ci il tarixə Cavabdeh MMC-nin ödənilməmiş 9434 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, 18.11.2021-ci il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). 28.06.2021-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehə 9434 manat məbləğində xidmət göstərilmiş, lakin qeyd edilən borc ödənilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 01.05.2019cu il tarixli müqavilə bağlanmış, müqavilənin predmeti mühasibat uçotu üzrə əməliyyatların ilkin sənədlərə işlənməsi, proqram təminatı, vergi uçotu üzrə bəyannamələrin hazırlanması və dəqiqləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsindən ibarət olmuş, tərəflər bu xidmətlərin dəyərini hər ay üçün 1770 manat məbləğində müəyyənləşdirmişlər. Təqdim edilən qaimə-fakturalardan müəyyən edilir ki, cavabdeh tərəfindən ərizəçiyə hər ay bu xidmətlər üçün 1770 manat məbləğində vəsait ödənilməli idi, 6 ay müddət üzrə həmin vəsait tam ödənilməmişdir. Qeyd edilən elektron qaimələr elektron qaydada təsdiq edilsə də, tərəflərin imza və möhürləri ilə də təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış və təsdiq edilmiş 01.01.2021-ci il tarixli Üzləşmə aktından müəyyən edilir ki, 9434 manat məbləğində borc cavabdehin etirafedici hərəkətləri olsa da, ödənilməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlıdır və 9434 manat borc cavabdehdən tutulmaqla iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 500 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər, müqavilənin şərtlərinə əsasən aralarındakı hər cür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,15 % həcmində cərimə ödəməyi qəbul edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri xidmətin dəyərini hesabın təqdim edildiyi tarixdən 5 gündən gec olmayaraq ödəməyi qəbul edir. Təqdim edilən elektron qaimələrdən görünür ki, həmin qaimələr 2021-ci ilin yanvar ayının 26 tarixindən- 2021-ci ilin iyun ayının 26 tarixinədək 6 ədəd təqdim edilmiş, keçən müddət üçün ayrılıqda hesablanmış və ümumilikdə 9434 manat vəsaitin hər gecikdirilən gün üçün ödənilməli olan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Odur ki, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 500 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunu tələb etmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9434 manat borc və 50 manat cərimə borcu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1169/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1169/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver