Məhkəmə qərarları › İş №e-2-2(117)-1169/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1169/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1169/2023 12.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 7532 manat dəymiş maddi ziyan və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 08/02418 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən 4000 manat məbləğində SR-2045 taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə Cavabdeh istifadəsinə verilmiş, sonuncu xx.xx.2023-cü il tarixli iltizamla müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüş və xx.xx.2023-cü il tarixli aktla kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli iltizamlarla texnikanı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, texnikanı saz vəziyyətdə saxlayacağını və saz təhvil verəcəyini öhdəsinə götürmüşdür. Biçin mövsümü başa çatdıqdan sonra texnikanın təhvil verilməsi zamanı nasazlıqlar və çatışmazlıqlar aşkar olunmuş və buna dair xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli aktla texnika geri alınmış və texnikanın nasaz olması müəyyən edilmişdir. Arayış tərtib edilərək texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 7532 manat olması müəyyən edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 7532 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 7532 manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən ona bir ədəd taxılyığan kombayn icarəyə verilmişdir. Cavabdeh götürdüyü texnikanı saz vəziyyətdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini icra etməmiş və texnikanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytardıqda müəyyən nasazlıqlar aşkar edilmişdir. Həmin nasazlıqların tam bərpası üçün 7532 manat dəymiş zərər hesablanmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Aktlar, Arayış, İltizamlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 08/02418 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən 4000 manat məbləğində SR-2045 taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə Cavabdeh istifadəsinə verilmiş, sonuncu xx.xx.2023-cü il tarixli iltizamla müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüş və xx.xx.2023-cü il tarixli aktla kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli iltizamlarla cavabdeh texnikanı saz vəziyyətdə saxlayacağını və saz təhvil verəcəyini öhdəsinə götürmüşdür. Biçin mövsümü başa çatdıqdan sonra texnikanın təhvil verilməsi zamanı nasazlıqlar və çatışmazlıqlar aşkar olunmuş və buna dair xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli aktla texnika geri alınmış və texnikanın nasaz olması müəyyən edilmişdir. Arayış tərtib edilərək texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 7532 manat (mühərrikin əsaslı təmiri ilə əlaqədar) olması müəyyən edilmişdir. Cavabdeh texnikanın müəyyən edilmiş nasazlığını qəbul etsə də öhdəliyini icra edərək texnikanı saz vəziyyətdə təhvil verməmişdir. Göründüyü kimi cavabdeh SR-2045 markalı taxılyığan kombaynı lizinq müqaviləsinə əsasən istifadə üçün saz vəziyyətdə təhvil almış, saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, texnikaları nasaz vəziyyətdə saxlanca təhvil vermiş və bununla bağlı tərtib edilmiş aktlara imza etmişdir ki, hazırki vəziyyətdə lizinq predmetinə cavabdeh tərəfindən ziyan vurulması təsdiq olunur. Lakin məhkəmə araşdırılması zamanı texnikanın saz vəziyyətə gətirilməsi üçün çəkiləcək xərcə dair hazırlanmış ehtiyyat hissələrinin siyahısı ilə xx.xx.2023-cü il tarixli aktlarda nasazlıq yaranmış ehtiyat hissələrində uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2023-cü il tarixli qüsur aktlarında nasazlıq yaranmış ehtiyat hissələrinin siyahısında “ön sol şin”in təmirə ehtiyacının olduğu göstərilsə də texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışda “arxa şin”in dəyişdirilməli olması və şinin dəyəri 250 manat kimi göstərilmişdir. Bu səbəbdən də məhkəmə texnikanın işlək vəziyyətə gətirilməsi sərf olunacaq xərclər barədə arayışda şinin dəyişdirilməsi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, şinin dəyəri olan 250 manat cavabdehdən tutulmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və 7282 manat həddində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əmlakının zədələnməsi ilə bağlı çəkdiyi və ya çəkməli olduğu real zərəri cavabdehdən tələb edir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən müəyyən olunduğu kimi dəymiş zərər 7282 manat olduğundan iddiaçının tələbi bu hissədə əsaslıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 95,32 manat dövlət rüsumunun 3,16 manat hissəsi iddiaçıdan, 92,16 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 100 manat mediasiya xərci ödəmiş və həmin vəsaiti cavabdehdən tələb etmişdir ki, 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 92,16 manat dövlət büdcəsinə və iddiaçıdan 3,16 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 3,16 manat dövlət rüsumu çıxılmaqla 96,84 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 3,16 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 92,16 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 95,32 manat dövlət rüsumu bütöv şəkildə cavabdeh olan əsas borcludan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 7282 manat dəymiş maddi ziyan və 96,84 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 95,32 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar