Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-12/2022 24.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “10000 manat borcun və 120 manat dövlət rüsumunuun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X1” MMC-nin arasında bağlanmış 04.08.2020-ci il tarixli hüquq xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən vəkalət alan 1 il müddətinə vəkalət verənin şirkət daxilində hüquq şöbəsinin səlahiyyətlərinə aid olan xidmətlərin göstərilməsini təmin edir və vəkalət verənin hüquqlarını dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında, o cümlədən məhkəmələrdə müdafiəsinin təmin edilməsini təşkil edir. Müqavilə çərçivəsində görüləcək işlərin dəyəri hər ay üçün 2000 manat təşkil edir. Cavabdeh 18.06.2021-ci il tarixli bildirişlə "xxxx" MMC-yə müraciət edərək əmək müqaviləsi əsasında cəmiyyətə hüquqşünas işə götürüldüyünü bildirmiş və aralarında bağlanmış 04.08.2020-ci il tarixli müqaviləyə 18.06.2021-ci il tarixdən xitam vermişdir. Cavabdeh 10 aylıq müqavilə müddəti üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 5 aylıq xidmətlərin göstərilməsi müqabilində ödənilməmiş 10000 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı 07.12.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışlarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, bildiriş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin (Mülki Məcəllə - maddə 777.1, 783.2, 786.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X1” MMC arasında 04.08.2020-ci il tarixdə tapşırıq müqaviləsi bağlanmış və müqavilə şərtlərinə görə vəkalət alan 1 il müddətinə vəkalət verənin şirkət daxilində hüquq şöbəsinin səlahiyyətlərinə aid olan xidmətlərin göstərilməsini təmin etməyi və vəkalət verənin hüquqlarını dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında, o cümlədən məhkəmələrdə müdafiəsinin təmin edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh isə bunun müqabilində müqavilə çərçivəsində görüləcək işlərin dəyərini hər ay üçün 2000 manat məbləğində muzdu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 18.06.2021-ci il tarixli bildirişlə "xxxx" MMC-yə müraciət edərək əmək müqaviləsi əsasında cəmiyyətə hüquqşünas işə götürüldüyünü bildirmiş və aralarında bağlanmış 04.08.2020-ci il tarixli müqaviləyə 18.06.2021-ci il tarixdən xitam vermişdir. Cavabdeh 10 aylıq müqavilə müddəti üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 5 aylıq xidmətlərin göstərilməsi müqabilində ödənilməmiş 10000 manat borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 10000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaçının dəlillərini təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. 20.12.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının irəli sürdüyü iddianın qanunsuzluğu ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi ilə üçün məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, sonuncunun vəsatətinə əasən məhkəmə iclası təxirə salınmışıdır. Lakin növbəti məhkəmə iclasına qədər məhkəməyə hər hansı sübut təqdim etməmiş və nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İş məhkəmə baxışına təyin olunduqdan sonra yenidən məhkəmə iclasının təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonuncunun vəsatəti əsasında məhkəmə iclası təxirə salınsa da 24.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi cavabdehin hərəkətləri məhkəmə araşdırmasının lüzumsuz uzadılmasına xidmət etmiş, iddiaçının iddia dəlillərini təkzib edən, yəni müqavilə üzrə iddiaçıya ödəməli olduğu muzda görə borcunun olmamasına dair sübutları məhkəməyə təqdim edilməmiş ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutlar və qanunvericiliyin tələbləri əsasında yekun məhkəmə aktı qəbul etmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (10000 manat) ödənilməli dövlət rüsumu 120 manat olmalıdır ki, iddia təmin edildiyindən, lakin iddiaçı tərəfindən 1 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən 1 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 119 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş və qanunvericliyin tələbinə əsasən həmin məbləğdə dövlət rüsumundan azad olunaraq məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. Lakin iddiaçı mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 100 manatı deyil, ödəmədiyi dövlət rüsumunu tələb edir ki, bunda da haqlı deyil. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 10000 manat borc və 1 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 119 manat ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-12/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-12/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver