Məhkəmə qərarları › İş №e-2-2(117)-1200/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1200/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1200/2024 23.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “6610,18 manat əsas borc və 1189,92 manat ƏDV borcu, 1500 manat cərimə borcu, 500 manat hüquqi xidmətə görə ödənilmiş xidmət haqqı və 98 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış Unit 143/2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı, hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement növünü alıcıya satmağı, alıcı isə malı alaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinin tələbinə görə satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonra ödəmə şərtində alıcı aldığı malların dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə 10508,48 manat əsas məbləğ üzrə, 1891,52 manat ƏDV olmaqla müqaviləyə 1, 2, 3, 4, 5, 6 nömrəli Əlavələrdə adı göstərilmiş ümumilikdə 12400 manat dəyərində malı cavabdehə vermiş, sonuncu isə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 6610,18 manat əsas borc və 1189,92 manat ƏDV borcu qalmışdır ki, borcun mövcudluğu təqdim edilmiş əmtəə-nəqliyyat qaimələri, xx.xx.2021-ci il tarixli 612160 nömrəli, xx.xx.2022-ci il tarixli 275909 nömrəli, xx.xx.2022-ci il tarixli 989912 nömrəli elektron qaimələrlə təsdiq olunur. Təqdim edilmiş ödəniş tapşırıqlarından cavabdeh tərəfindən ümumilikdə 2000 manat ödəniş edildiyi görünsə də, iddiaçı ərizəsində 4600 manat cavabdeh tərəfindən ödəniş edildiyini qəbul etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya sənədi ilə cavabdehə müraciət etməsinə baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinə cəmi ƏDV ilə birlikdə mala görə 7800 manat (əsas - 6610.18 manat Ədv - 1189.18 manat) ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, əmtəə-nəqliyyat qaimələri, elektron qaimələr, ödəniş sənədləri və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin həqiqi maraqlarına uyğun həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, tərəflərin müqavilə bağlanakən həqiqi maraqları alğı-satqıdan ibarət olmuş və iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun mallar satılaraq təhvil verilmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış Unit 143/2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı, hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satmağı, alıcı isə malı alaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə 10508,48 manat əsas məbləğ üzrə, 1891,52 manat ƏDV olmaqla müqaviləyə 1, 2, 3, 4, 5, 6 nömrəli Əlavələrdə adı göstərilmiş ümumilikdə 12400 manat dəyərində malı cavabdehə vermiş, sonuncu isə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 6610,18 manat əsas borc və 1189,92 manat ƏDV borcu qalmışdır ki, borcun mövcudluğu təqdim edilmiş əmtəə-nəqliyyat qaimələri, xx.xx.2021-ci il tarixli 612160 nömrəli, xx.xx.2022-ci il tarixli 275909 nömrəli, xx.xx.2022-ci il tarixli 989912 nömrəli elektron qaimələrlə təsdiq olunur. Bundan başqa məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaimələrə münasibətdə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni əmtəənəqliyyat qaimələri və müqavilə şərti ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ƏDV daxil 12400 manat məbləğində malın dəyərindən 4600 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. Eyni zamanda Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq cavabdeh iddia tələbinə etirazını və bunu təsdiq edəcək sübutlarını Mülki Prossesual Məcəllə ilə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb olunan 6610,18 manat əsas borc və 1189,92 manat ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “1500 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin tələbinə görə satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun 5%-i həddində 300 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Bundan başqa iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 500 manata münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilə ödənilməli olan məbləğin ağlabatanlığını, məhkəmə araşdırması zamanı ödənilmiş vəsaiti nəzərə alaraq hesab edir ki, tələb olunan məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş 500 manat deyil, 200 manat hüquqi yardıma görə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 115 manat təşkil edir. İddia qismən təmin edilsə də, məhkəmə qanunvericiliklə müəyyən olunmuş qaydada ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. İddiaçı tərəfindən cəmi 119 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləğin 98 manat hissəsini tələb etmişdir. Bu səbəbdən 98 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 4 manat və tələb olunmayan 17 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6610,18 manat əsas borc, 1189,82 manat ƏDV, 300 manat cərimə, 200 manat hüquqi xidmətə görə ödənilmiş xidmət haqqı və 98 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 4 manat və tələb olunmayan 17 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar