Məhkəmə qərarları › İş №e-2-2(117)-121/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-121/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-121/2024 15.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 6573,68 manat əsas borc, 657,36 manat dəbbə pulu və 110 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “cavabdehdən 6573,68 manat əsas borc, 657,36 manat dəbbə pulu və 110 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı gecikdirilən hər gün üçün qalıq ödənişin 0,2%-i məbləğində dəbbə pulu ödəməlidir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 6573,68 manat əsas borcu yaranmışdır.Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabde xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə 5110 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən Məhsullar Alıcının sorğularına (sifarişlərinə) əsasən və Satıcı tərəfindən təsdiq edildikdən sonra Satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı Məhsulları tələb olunan çeşid və miqdarda ən azı 5 iş günü müddətində qabaqcadan Satıcıya yazılı və ya elektron formada sifariş edir. Sifariş olunan mallar mövcud olmadıqda, Satıcı belə sifarişdən imtina edə bilər. 2.2-ci bəndinə əsasən hazırkı müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan Malların adı, çeşidi, miqdarı və dəyəri Tərəflərin təsdiq etdiyi təhvil-qəbul aktları və elektron qaimə-fakturaya əsasən tənzimlənir. 3.3-cü bəndə əsaəsn məhsulların qiyməti və ödəniş şərtləri Qiymət razılaşma Protokolu ilə müəyyən edilir. 3.6-cı bəndə əsasən Məhsullar Alıcı və ya Alıcının nümayəndəsi tərəfindən imzalanmış Akt əsasında qəbul edildikdən sonra göndərilmiş elektron qaimə faktura və aktdan 3 gün ərzində imtina etmədiyi təqdirdə Məhsullar Alıcı tərəfindən qəbul edilmiş hesab edilir. Alıcı həmin Məhsullara görə ödənişi həmin vaxtdan həyata keçirməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən, alıcı gecikdirilən hər gün üçün qalıq ödənişin 0,2%-i məbləğində dəbbə pulu ödəməlidir. 5.2-ci bəndə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi dəyərinin 10%-i müəyyən edilir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 5110 nömrəli alqı-satqı müqaviləsinin icra olunduğu dövr ərzində İddiaçı MMC tərəfindən fərdi sahibkar Cavabdeh elektron qaimələr əsasında 27305,43 manat (ƏDV daxil) dəyərində müxtəlif adlı, çeşidli məhsullar təchiz edilmiş və həmin məhsullara görə 20731,75 manat ödəniş edilmişdir. Nəticədə dövrün sonuna Cavabdeh İddiaçı MMC-yə 6573,68 manat (ƏDV daxil) məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “Malların təhvil-qəbul aktı”na əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus obyektə 637,39 manat, 910,55 manat, 1219,24 manat, 1393,42 manat, xx.xx.2023-cü il tarixdə isə 1284,60 manat məbləğində malların təhvili həyata keçirilmiş, əvvəlki dövrün borcları hər təhvil-təslim aktında qeyd edilməklə nəzərə alınmış, ümumilikdə 7573,68 manat borcu qalmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqavilələri, təhvil-təslim aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı gecikdirilən hər gün üçün qalıq ödənişin 0,2%-i məbləğində dəbbə pulu ödəməlidir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 6573,68 manat əsas borcu yaranmışdır. Cavabdeh elektron qaimələr əsasında 6629,04 manat dəyərində müxtəlif adlı, çeşidli məhsullarla təchiz edilmişdir. İş materiallarına əlavə edilmiş “Malların təhvil-qəbul aktı”ndan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus obyektə 637,39 manat, 910,55 manat, 1219,24 manat, 1393,42 manat, xx.xx.2023-cü il tarixdə isə 1284,60 manat məbləğində malların təhvili həyata keçirilmiş, əvvəlki dövrün borcları hər təhvil-təslim aktında qeyd edilməklə nəzərə alınmış, ümumilikdə 7573,68 manat borcu qalmışdır. Həmin aktlarda müvafiq malın məbləği, malın razılaşdırılmış sayı və qiymətləri, vaxtında və istənilən keyfiyyətdə təhviltəslimi həyata keçirilmiş və hər iki tərəf bunu öz imzası ilə təsdiq etmişdir. Hazırkı iddiada tələb edilən məbləğ 7573,68 manat məbləğindən aşağı olduğundan məhkəmə hesab edir ki, iddiaçı tələbini tam sübuta yetirə bilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 6573,83 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “657,36 manat məbləğində cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşması və ödəmə şərtlərinə dair protokoluna əsasən alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 0,2%-i məbləğində dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi dəyərinin 10%-i müəyyən edilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat mediasiya xərci ödəildiyindən həmin xərc tələb edilir. Bildiyimiz kimi mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən mediasiya xərci iddiaçının xeyrinə tutulmalı dövlət rüsumu isə tutulmamalıdır. İddia tələbi qismən təmin edilsə də, tələb əsas hissədə təmin edildiyindən və cavabdehdən mediasiya xərcinin əvəzi tutulmalı, ondan təkrarən dövlət rüsumunun tutulması qanunsuzdur.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6573,68 manat borc, 200 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar