Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1210/2023 01.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyekti olan 2017-ci il buraxılışlı, “QAZ 2705-744” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 27 sentyabr 2022-ci il tarixli MAS-5485 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 sentyabr 2023-cü il tarixə 5041,97 manat gecikdirilmiş əsas, 400,33 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2608,73 manat dəbbə pulu, cəmi 8051,03 manat borc və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: ** JN *** dövlət qeydiyyat nömrəli Qaz 2705-744 markalı Vaqon tipli nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5485 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş QAZ 2705 markalı, ağ rəngli avtomobili 12 ay müddətinə illik 17 % həcmində mükafatla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, sonuncu isə bu müqavilə ilə müəyyənləşdirilmiş lizinq ödənişini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq məbləği 5968 manat təşkil edir. 7.2ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 13.9-cu bəndinə əsasən lizinq verənin lizinq alan tərəfindən öhdəliklər vaxtında və ya lazımi qaydada icra edilmədikdə öhdəliyin icrasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Müqaviləyə 3 nömrəli Əlavədən görünür ki, lizinq alan Cavabdeh müqaviləyə 1 nömrəli Əlavədə göstərilmiş əmlakı illik 17 faiz mükafat məbləği kimi 564 manat, əsas məbləğ kimi isə 5968 manat olmaqla ümumilikdə 6532 manat ödəniş edilməsini öhdəsinə götürmüş, lakin bu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 5041,97 manat əsas, 400,33 manat gecikdirilmiş mükafat məbləği qalmış və iddiaçı gecikdirilən lizinq ödənişi məbləğinə günlük 0,3% hesabı ilə 2608,73 manat dəbbə pulu hesablamışdır. Bu hal iş materiallarına əlavə olunmuş arayışla da müəyyən olunur. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavə olan təhvil-təslim aktı üzrə iddaçının mülkiyyətində olan “QAZ 2705-744” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmişdir və tərəflər bunu öz imzaları ilə təsdiq etmişlər. Hesabdan çıxarış məlumatından görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 545 manat ödəniş etmiş və bu məbləğdən 460,45 manat əsas borcdan, 84,55 manat mükafat üzrə borcdan silinmiş, xx.xx.2022-ci il tarixdə 550 manat ödəniş etmiş və bu məbləğdən 465,58 əsas manat əsas borcdan, 78,84 manat mükafat üzrə borcdan, 5,58 manat isə hesablanmış dəbbə pulu məbləğindən silinmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarış sənədində cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 405 manat ödəniş edildiyi qeyd olunmasına baxmayaraq məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən (hesabdan çıxarış, qəbz və s.) müəyyən olunur ki, ödənilmiş 405 manat ödəniş başqa şəxs – X1 tərəfindən səhvən Cavabdeh hesab nömrəsinə köçürülmüş və daha sonra Bayramov Pərviz tərəfindən edilən müraciətə əsasən 405 manat ödəniş sonuncunun hesab nömrəsinə köçürülmüşdür. Qeyd olunan həmin məbləğ cavabdeh tərəfindən ödənilməmiş, göstərilən səbəbdən hesabdan çıxarışda cavabdehin hesabından mədaxil kimi görünmüşdür. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli MAS-5485 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2017-ci il buraxılışlı, “QAZ 2705-744” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 544,31 manat, ümumilikdə isə 6532 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 6532 manatın 5968 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5485 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 27 sentyabr 2023-cü il tarixə ümumilikdə 8051,03 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli” nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə ünvanı üzrə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Daxili lizinq müqaviləsi, Daxili lizinq müqaviləsinə 1 saylı, 2 saylı, 3 saylı Əlavələr, Hesabdan çıxarış, Arayış, Xəbərdarlıq məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin birinci hissəsinə (lizinq obyektinin geri qaytarılması) münasibətdə qeyd edir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (Mülki Məcəllə maddə - 748-2.1, 748-2.5). Tərəflər arasında bağlanmış müqavilənin 2.1 və 2.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinqə alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizin alan və lizinq verən arasında bağlanmış “mülkiyyət hüququnun keçməsi barədə akt” əsasında həyata keçirilir. 9.2-ci bəndinə əsasən müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə (müqavilənin 9.1.4-cü bəndi), lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır. Göründüyü kimi tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir və texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək lizinq predmetinin dəyərini tam ödəməmiş və müqavilə şərtlərinə uyğun tərəflər arasında “mülkiyyət hüququnun keçməsi barədə akt” mövcud deyildir. Belə olan halda lizinq predmeti iddiaçının mülkiyyətincə olduğundan və müqavilə müddəti artıq bitdiyindən o, başqasının qeyri-qanuni sahibliyindən əmlakını geri tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə təmin edilərək lizinq predmeti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddianın ikinci hissəsinə (pul tələbi) hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5485 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş QAZ 2705 markalı, ağ rəngli avtomobili illik 17 % dərəcəsilə muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, sonuncu isə bu müqavilə ilə müəyyənləşdirilmiş lizinq ödənişini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq məbləği 5968 manat təşkil edir. 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 13.9-cu bəndinə əsasən lizinq verənin lizinq alan tərəfindən öhdəliklər vaxtında və ya lazımi qaydada icra edilmədikdə öhdəliyin icrasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Müqaviləyə 3 nömrəli Əlavədən görünür ki, lizinq alan Cavabdeh müqaviləyə 1 nömrəli Əlavədə göstərilmiş əmlakı illik 17 faiz mükafat məbləği kimi 564 manat, əsas məbləğ kimi isə 5968 manat olmaqla ümumilikdə 6532 manat ödəniş edilməsini öhdəsinə götürmüş, lakin bu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 5041,97 manat əsas, 400,33 manat gecikdirilmiş mükafat və əsas məbləğə günlük 0,3%-lə hesablanmış 2608,73 manat dəbbə pulu qalmışdır. Bu hal iş materiallarına əlavə olunmuş arayışla da müəyyən olunur. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavə olan təhviltəslim aktı üzrə iddaçının mülkiyyətində olan “QAZ 2705-744” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmişdir və tərəflər bunu öz imzaları ilə təsdiq etmişlər. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh tərəfindən iş materiallarında olan hesabdan çıxarış məlumatından göründüyü kimi xx.xx.2022-ci il tarixdə 545 manat ödəniş etmiş və bu məbləğdən 460,45 manat əsas borcdan, 84,55 manat mükafat üzrə borcdan silinmiş, xx.xx.2022-ci il tarixdə 550 manat ödəniş etmiş və bu məbləğdən 465,58 əsas manat əsas borcdan, 78,84 manat mükafat üzrə borcdan, 5,58 manat isə hesablanmış dəbbə pulu məbləğindən silinmiş, qalan məbləğlər ödənilməmiş qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən ödənilməmiş 5041,97 manat gecikdirilmiş əsas, 400,33 manat gecikdirilmiş mükafat məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 2608,73 dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Cavabdeh borclarını tam ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır. Bu səbəbdən dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 2608,73 manat deyil, 149,40 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.1.4-cü bəndində tərəflər arazılaşmışlar ki, lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərədə tutulmuş ödəniş müddətləri üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödəmədikdə və ya 15 təqvim gündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq alan lizinq verəni 15 gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflərin razılaşmasına əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən hər ay 544,31 manat məbləğində ödəniş etməli idi. Eyni zamanda müəyyən edildiyi kimi, cavabdeh iki ay xx.xx.2022 və xx.xx.2022-ci l tarixlərdə ödəniş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdə olan ödənişi gecikdirmə ilə baş verdiyindən gecikmə gününə dəbbə hesablanmış və ödənişindən 5,58 manat dəbbə pulu tutulmuşdur. Bundan sonra cavabdeh təfindən ardıcıl ödənişlərin olunmamasına baxmayaraq iddiaçı müqavilənin şərtlərinə uyğun tədbirlər görməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sonuncu ödəniş ayından aylıq ödənişinə 0,3 faiz hesabı ilə (544,31 aylıq ödəniş x 0,3 faiz = 1,63293 günlük cərimə məbləği, 1,63293 manat günlük dəbbə x 30,5 günə = 49,80 manat aylıq cərimə məbləği) 2022-ci ilin dekabr ayının ödənişinə iki aylıq cərimə məbləği olan 99,60 manat və 2023-cü ilin yanvar ayı ödənişi üçün isə 1 aylıq cərimə məbləği olan 49.80 manat olmaqla cəmi 149.40 manat cərimə məbləği cavabdehdən tutulmalı, diğər hissəə dəbbə pulun tutulması rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (8051,03 manat) ödənilməli dövlət rüsumu 100,51 manat olmalıdır ki, iddia qismən təmin edilsə də, yalnız cərimə məbləğinə münasibətdə məhkəmə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. İddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənilmiş və iddiaçı bu hissədə rüsumdan azad edilmişdir. İddiaçı 0,51 manat dövlət rüsumunun ödənilməsi isə təmin edilməmişdir. Ödənilməmiş 100,51 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2017-ci il buraxılışlı, “QAZ 2705-744” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 5041,97 manat gecikdirilmiş əsas, 400,33 manat gecikdirilmiş mükafat, 149,40 manat dəbbə pulu və 100 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 100,51 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1210/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1210/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver