Məhkəmə qərarları › İş №e-2-2(117)-1224/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1224/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1224/2024 19.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “36559.66 manat məbləğində borcun və 199.68 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “36559.66 manat məbləğində borcun və 199.68 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 70 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 112 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus (istifadə və ya icarədə olan) Ünvan 1də yerləşən 70 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu MMC-yə satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, İddiaçı MMC ilə Cavabdeh arasında 20 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 124 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus (istifadə və ya icarədə olan) Ünvan 1də yerləşən 20 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu MMC-yə satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilələrin 8.3-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında xx.xx.2021-ci il tarixli müqavilə üzrə 169324.79 manat dəyərində avans verilmiş, mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 58210.92 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında xx.xx.2023-cü il tarixli müqavilə üzrə 29729.50 manat dəyərində avans verilmiş, mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə daha əvvəlki müqavilə üzrə qalıq borcla birlikdə 87940.42 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra cavabdeh tərəfindən 28114.76 manat dəyərində xam pambıq təhvil verilmiş və əlavə olaraq 23266.0 manat nəğd ödəniş etmişdir. Bununlada cavabdehin hər iki müqavilə üzrə nəticədə 36559.66 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 36559.66 manat borcu qalmışdır. Məhkəmə hazırlıq iclasında cavabdeh izahatında bildirmişdir ki, iddiaçının dedikləri ilə razıdır. Lakin məhsul noyabr ayının ortaları yetişəcəyi üçün bu tarixdən sonra məhsulu satıb borcunu ödəyə bilər. Məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 36559.66 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixli 2 nömrəli Əlavə ilə tərəflər arasında aqrotexniki xidmətlərin hər hektar üçün qiymətləri razılaşdırılmış və təsdiq edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, müqavilələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 70 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 112 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus (istifadə və ya icarədə olan) Ünvan 1də yerləşən 70 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu MMC-yə satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, İddiaçı MMC ilə Cavabdeh arasında 20 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 124 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus (istifadə və ya icarədə olan) Ünvan 1də yerləşən 20 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu MMC-yə satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 36559.66 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 36559.66 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf xx.xx.2021-ci il tarixli müqavilə üzrə 169324.79 manat dəyərində avans və görülmüş işləri qəbul etmiş, bunun əvəzi olaraq 93193.55 manat dəyərində xam pambıq vermiş və 15000 manat, 500 manat və 2420.32 manat olmaqla nağd ödəniş etmişdir. Məhkəmə hesablaması ilə müəyyən edilir ki, (93193.55 + 17920.32 = 111113.87 169324.79 - 111113.87 = 58210.92) cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 58210.92 manat borcu vardır. Əlavə olaraq cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 29729.50 manat dəyərində avans və görülmüş işləri qəbul etmiş, bunun əvəzi olaraq 28114.76 manat dəyərində xam pambıq vermişdir. Bununla da cavabdehin həmin müqavilə üzrə 1614.74 manat borcu qalmışdır. Daha sonra cavabdeh tərəfindən 23266.00 manat nağd ödəniş edilmişdir. Bununla da cavabdehin hər iki müqavilə üzrə cəmi borcu 36559.66 (58210.92 + 1614.74 - 23266.00 = 36559.66) manat olmuşdur. Həmçinin, cavabdehin məhkəmə iclasında verdiyi izahatdanda göründüyü kimi cavabdeh tərəf iddiaya hər hansı bir etiraz bildirməmiş, məhkəmə iclasında borcunun olduğunu təsdiqləmiş və ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 199.68 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 36559.66 manat əsas borc və 199.68 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar