Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1229/2021 01.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Cavabdeh MMC-yə qarşı “61452,83 manat borcun və mediatora ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “61452,83 manat borcun və mediatora ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi yer üzrə deyil, iddiaçının hüquqi ünvanı olan Bakı şəhərində fəaliyyət göstərən XX mediator qismində seçilmiş və sonuncu tərəfindən mediasiya sessiyası təşkil edilərək 01.11.2021-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediator seçilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından və bununla da iddiaçı tərəfindən seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməmişdir. Bu hal həmin mediatorun Mediasiya Şurası tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə zidd seçilməsi halına da şamil olunur. Şərh olunanlara əsasən məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışı iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməsi ilə bağlı sübut kimi qəbul etmir və iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, elektron imzalanmış iddia ərizəsində cavabdehə aid qanunvericilikdə sadalanmış məlumatlar, iddiaçının tələbi, tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı qeyd olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri qaytarır. İş üzrə mübahisə predmeti olan tərəflər arasında bağlanmış gəmilərin kirayə verilməsinə dair 25.11.2020-ci il tarixli müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər. 7.2-ci bəndinə əsasən mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda bu məsələlər mövcud qanunvericiliyə uyğun həll edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə də qeyd olunmasına baxmayaraq iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Bundan başqa kağız daşıyıcıda imzalanmış iddia ərizəsinə qoşma kimi göstərilən sənədlərin siyahısında göstərilmiş və iş materiallarına əlavə edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzinə münasibətdə məhkəmə qeyd edir ki, poçt qəbzi məktubun çatdırılmasını deyil, göndərilməsini təsdiq edir. Belə ki, həmin poçt qəbzi ilə qarşı tərəfindən məktubu alıb-almaması, almışsa hansı tarixdə alması və kim tərəfindən alınması qeyd olunmur. Bu səbəbdən həmin poçt qəbzi məktubun çatdırılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Cavabdeh MMC-yə qarşı “61452,83 manat borcun və mediatora ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-1229/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1229/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver