Məhkəmə qərarları › İş №e-2-2(117)-1237/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1237/2022

24.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1237/2022 24.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3437,43 manat, İşsizlikdən sığorta fonduna olan 2,99 manat, İcbari Tibbi Sığorta Fonduna olan 62,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1973-cü il təvəllüdlü Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı *******, FİN nömrəsi - xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “Qəbələ rayonu Bayramkoxalı bələdiyyəsinin Dövlət Sosial Müdafiə Fonduna olan 3437,43 manat, İşsizlikdən sığorta fonduna olan 2,99 manat, İcbari Tibbi Sığorta Fonduna olan 62,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1973-cü il təvəllüdlü Qəbələ rayonu, Bayramkoxa kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı *******, FİN nömrəsi - xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iş materialları baxılması üçün aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci madəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Hazırki mübahisədə maraqlı şəxs İsayev X1 rayonu Bayramkoxalı bələdiyyəsinin sədri olduğundan, mübahisə predmeti olan borc Bayramkoxalı bələdiyyəsinin borcu olduğundan və bələdiyyə qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alındığından məhkəmə hesab edir ki, hazırki hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar deyildir və bu səbəbdən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, qeyd olunduğu kimi kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda Mülki Prosessual Məcəllənin 40-2-ci fəsilində (vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) nəzərdə tutulmuş işlərə baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). Hazırki iş üzrə vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş Qəbələ rayonu Bayramkoxalı bələdiyyəsinin sənədlərindən müəyyən olunduğu kimi bələdiyyələr yerli özünü idarəetmə orqanı olaraq qeyri-kommersiya qurumudur. Bələdiyyələr qeyrikommersiya qurumu olduğundan isə borclu bələdiyyənin vergi orqanına olan borcu sonuncunun kommerssiya fəaliyyətinin deyil qeyri-kommersiya xarakterli fəaliyyətinin nəticəsidir ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinin tələbinə əsasən bu qəbildən olan müraciətlərə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə aidiyyəti qaydalarına əsasən kommersiya məhkəmələrində baxılmalı olmadığından iddia baxılması üçün aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, maraqlı şəxsin qeydiyyat ünvanı Qəbələ rayonu Bayramkoxa kəndidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3437,43 manat, İşsizlikdən sığorta fonduna olan 2,99 manat, İcbari Tibbi Sığorta Fonduna olan 62,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1973-cü il təvəllüdlü Qəbələ rayonu, Bayramkoxa kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı *******, FİN nömrəsi - xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar