Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1243/2022 01.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 11920,17 manat əsas borc, 2000 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, satıcı İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 may 2017-cu il tarixli BRP 016 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı bu müqavilədə göstərilən ərzaq və qeyri-ərzaq məhsulları alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən ərzaq və qeyri-ərzaq məhsulları satılmış və mallar müqavilə şərtlərinə əsasən satıcıya çatdırılmışdır. Malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Satılmış malların dəyərindən ƏDV xaric 70068,79 manat ödənilmiş, bu günkü günə cavabdehin bu müqavilə üzrə iddiaçıya 11920,17 manat borcu qalmaqdadır. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair 26 aprel 2022-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə etirazla və iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəmə müraciət edərək etirazını və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tələb etdiyi borc məbləğinin 01 may 2017-ci il tarixli alğı-satqı müqaviləsi üzrə yarandığını qeyd etsə də, ümumiyyətlə həmin müqaviləni bu günədək, hətta məhkəmə tərəfindən müqavilənin xx.xx.2022-ci il tarixədək məhkəməyə təqdim edilməsinin tələb olunmasına baxmayaraq təqdim etməmişdir. Bu səbəbdən də tərəflər arasında yaranmış münasibətlərin hansı formada tənzimləndiyini müəyyən etmək mümkün deyildir. İddiaçı məhkəməyə yalnız bir neçə “satış qaiməsi” və “təhvil-təslim” aktı adlanan sənədlər təqdim etmişdir ki, həmin sənədlərlə də malların kimə təhvil verildiyini, ümumiyyətlə təhvil verilib-verilmədiyini, tələb olunan borc məbləğinin necə yarandığını müəyyən etmək mümkün deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi həmin sənədlərin bəzilərində ümumiyyətlə təhvil alan hissədə heç bir məlumat qeyd edilməmiş (şəxsin imzası, adı, soyadı və ata adı), bəzilərində isə təhvil alan şəxsin imzası olsa da, həmin şəxsin adı, soyadı və ata adı tam göstərilmədiyi üçün təhvil alan şəxsin şəxsiyyətini, ümümiyyətlə həmin malları cavabdehin adından qəbul etməyə səlahiyyətinin olub-olmasını müəyyən etmək mümkün deyildir. Göstərilənlər də təsdiq edir ki, həmin mallar iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilməmişdir. Təqdim olunan elektron qaimələrlə bağlı bildirmişdir ki, həmin elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən həmin qaimələr malların təhvil verildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Hazırkı halda elektron qaimələrin hansı müqavilə və sənədlər əsasında tərtib edildiyini müəyyən etmək mümkün deyil. Göründüyü kimi elektron qaimə ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər – qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Təhvil-təslim aktının elektron qaimənin doldurulması üçün əsas sənədlərdən biri hesab olunması elektron qaimələrin malın təhvil verilməsini, xidmətin göstərilməsini təsdiq edən sənəd olmadığını göstərir. Bundan əlavə iddiaçı və cavabdeh arasında xx.xx.2019-cu il tarixində tərtib edilmiş hesablaşmaların qarşılıqlı üzləşmə aktına əsasən xx.xx.2019-cu il tarixinə "xxxx" MMC-nin iddiaçıya hər hansı bir borcu olmamışdır. Belə olan halda da iddiaçının hazırda tələb etdiyi borc məbləğinin hardan yarandığı məlum deyildir. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçının guya cavabdehə təhvil verildiyini iddia etdiyi malların sonuncusu xx.xx.2019-cu il tarixində təhvil verilmişdir. Hətta hesab edilsə ki, həmin mallar, sonuncusu xx.xx.2019-cu il tarixində olmaqla həqiqətən də təhvil verilib, o zaman da iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunla müəyyən olunan iddia müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüş və iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində qaldırılmamışdır. Göstərilənlərə əsasən iddia tələbləri həmin tələblərin əsassızlığına dair yuxarıda göstərilən dəlillərlə yanaşı, həm də tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti keçdiyi üçün də rədd edilməlidir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 10 saylı ƏVİ-nin xx.xx.2022-ci il tarixli **********359600 nömrəli məktubu ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 63 ədəd elektron qaimə faktura təqdim edilmiş, bunlardan 61 ədədi göndərilmiş, 2 ədədi ləğv edilmişdir. 63 ədəd elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. İşdə olan tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktı ilə müəyyən olunur ki, xx.xx.2019 - xx.xx.2019-cu il tarixlər arası İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında əməliyyatlar aparılmış və qalıq borc 0 manat təşkil etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, təhvil-təslim aktları, elektron qaimələr, qarşılıqlı üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazrki iş üzrə iddiaçı cavabdehlə aralarında xx.xx.2017-ci il tarixli BRP 016 nömrəli alğı-satqı müqaviləsi bağlandığını bildirsə və həmin müqaviləyə istinad etsə də, məhkəmənin tələbinə baxmayaraq həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən tərəflər arasında yaranmış münasibətlərin növü, xarakteri, ödəmə qaydası, müddəti və s. müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq iş materiallarında olan təhvil-təslim aktları, elektron qaimələr, habelə qarşılıqlı üzləşmə aktı ilə müəyyən olunur ki, tərəflər arasında ticarət əlaqələri qismində müəyyən adda malların alğı-satqısı ilə bağlı münasibətlər mövcud olmuşdur. Bu səbəbdən məhkəmə hazırki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər kimi qiymət verilməlidir. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Hazırki iş üzrə iddiaçı alğı-satqı müqaviləsindən irəli gələn vəzifələrini yerini yetirməklə iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları ilə adları qeyd olunan malları cavabdehə təhvil verdiyini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin təhvil-təslim aktlarınin bir qismi sadəcə imzalanmış, imzalayan şəxsin adı, soyadı və digər rekvizitləri qeyd olunmamış, bir qismində isə yalnız soyad və ya ad qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi təhvil-təslim aktları ilə malların məhz cavabdehə təhvil verilməsi öz təsdiqini tapmır. Elektron qaimə fakturalara münasibətdə isə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddianın hüquqi əsasına qiymət verən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş və sistem tərəfindən qəbul edilmiş elektron qaimə fakturalar malların təhvili ilə bağlı sübut kimi qəbul edilsə də, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş (iddiaçı tərəfdən müəssisənin baş direktoru Sənan Sadıqov tərəfindən imzalanmış və İddiaçı MMC-yə məxsus möhürlə möhürlənmiş) xx.xx.2019-cu il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktı ilə müəyyən olunur ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlər arası tərəflər arasında əməliyyatlar aparılmışdır, əvvəlki qalıq 3767,51 manat müəyyən edilmiş, daha sonra həmin tarixlər arası əməliyyatlar aparılmış və dövrün sonuna müəyyən edilmiş qalıq borc 0 manat təşkil etmişdir. Göründüyü kimi, tərəflərin qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin xx.xx.2019cu il tarixə iddiaçıya borcu olmamışdır. İddiaçının mübahisə predmeti olan borcun yaranması əsası kimi istinad etdiyi təhvil təslim aktları və məhkəməyə təqdim edilmiş elektron qaimə fakturalarla müəyyən olunur ki, tərəflər arasında son alqı-satqı xx.xx.2019cu il tarixdə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, üzləşmə aktı ilə xx.xx.2019-cu il tarixə cavabdehin borcunun olmaması öz təsdiqini tapdığından və akt iddiaçı tərəfindən imza və möhürlə təsdiq edildiyindən, habelə mübahisə predmeti olan borcun üzləşmə aktının tərtib edildiyi tarixdən sonrakı dövrdə yaranması ilə bağlı da məhkəməyə sübut təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Lakin iddia tələbi əsaslı olduğu təqdirdə iddia müddətinin tətbiqi qanunvericliklə təsbit edildiyindən və hazırki iddia tələbinin əsassızlığı məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia, iddia müddətinin tətbiqi ilə deyil əsassızlığı ilə əlaqədar rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsassız olduğundan, cərimə borcuna aid hissədə əsassız hesab edilməli və rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 131,76 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən həmin dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 204 manat məbləğində mediasiya xərcini ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin iddia tələbi rədd edildiyindən ödənilməmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: http://cms.justice.loc/Common/Content.aspx?Id=3448170İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 11920,17 manat əsas borc, 2000 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 131,76 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1243/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1243/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver