Məhkəmə qərarları › İş №e-2-2(117)-1244/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1244/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1244/2022 10.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “24325 manat əsas borc, 10000 manat penya, mediasiya üçün ödənilmiş 200 manat və vəkil üçün ödənilmiş 1500 manat pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməsi qəbul etdi. Təsviri hissə: Təchizatçı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02 nömrəli təchizat müqaviləsinə əsasən təchizatçı balıq yemini bazar qiymətlərinə uyğun olaraq alıcıya təhvil verməyi alıcı isə həmin malları bu müqavilə ilə müəyyən edilmiş şətrlərlə qəbul etməyi, yoxlamağı və ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən çeşid, ad, say, malın ümumi dəyəri, o cümlədən ödənişlər elektron qaimə-faktura ilə müəyyən olunur. 2.3-cü bəndinə əsasən alıcı yük göndərən tərəfin anbarında malı alan andan 30 təqvim günü müddətində ödənişi həyata keçirir. 6.3-cü bəndinə əsasən təchiz olunan malın ödənişi vaxtında həyata keçirilməyən halda təchizatçı alıcıdan gecikmiş hər təqvim günü üçün ödənişin 1 % məbləğində cərimə (penya) tələb etmək hüququna malikdir. Təchizatçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 24325 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktı və elektron qaimələrlə öz təsdiqini tapır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Company MMC ilə River Fish MMC arasında 24 sentyabr 2020-ci il tarixli 02 nömrəli Alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı bu müqavilədə göstərilən balıq yemi məhsullarını alıcıya satır, alıcı isə öz növbəsinə alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən mallar satılmış və mallar müqavilə şərtlərinə əsasən satıcıya çatdırılmışdır. Malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. 02 noyabr 2020-ci il tarixli EBAS seriyalı 036615 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 3325 manat, 18 noyabr 2020-ci il tarixli EBAS seriyalı 721466 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 29350 manat, 18 noyabr 2020-ci ilə tarixli EBAS seriyalı 721709 nömərli elektron qaiməyə əsasən ümumi dəyəri 19293,75 manat və 28 dekabr 2020-ci İ tarixli EBAV seriyalı 536586 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 94500 manat olmaqla, ümumilikdə 61418,75 manat mallar cavabdehə satılmışdır. Satılmış malların dəyərindən 37093,75 manat ödənilmiş, 24325 manat borc qalmışdır. Təflər arasında təsdiq olunmuş 01 noyabr 2021-ci il tarixli üzləşmə aktından da görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilə üzrə iddiaçıya 24325 manat borc qalmışdır. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair 07 iyul 2022-ci il tarixdə kağız daşıyıcıda və 08 iyul 2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Təchizat müqaviləsi, Elektron qaimələr, Ödəniş qəbzi, Üzləşmə aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, müəyyən pul ödəməli. əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarsda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməmişdir. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonar da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanı alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci tarixli 02 nömrəli təchizat müqaviləsinə əsasən təchizatçı balıq yemini bazar qiymətlərinə uyğun olaraq alıcıya təhvil verməyi, alıcı isə həmin malları müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul etməyi, yoxlamağı və ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də. cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 24325 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktı və elektron qaimələrlə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə heab edi ki, iddia tələbi bu hissədə təmin edilməklə 24325 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə 10000 manat dəbbə pulunun (penya) ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən təchiz olunan malın ödənişi vaxtında həyata keçirilməyən halda təchizatçı alıcıdan gecikmiş hər təqvim günü üçün ödənişin 1% məbləğində cərimə (penya) tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş üzləşmə aktına əsasən xx.xx.2021-ci il tarixədək borcun ödənilməsi öhdəliyini götürsə də, borcunu ödəməmişdir. Həmin tarixdən etibarən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanan penya məbləği iddiaçının hazırda tələb etdiyi məbləğdən artıq olsa da, məhkəmə iddiaçının vaxtında məhkəməyə müraciət etməməsini, iddiaçı və cavabdehin mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək 1000 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 1500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabtlarının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 1500 manat deyil, 150 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (24325+10000) ödənilməli dövlət rüsumu 192,98 manat olmalıdır ki, iddiaçı mediasiya xərci olaraq 200 manat mediasiya qurumuna ödədiyindən o, yalnız məhkəməyə mürəciət etmək imkanını əldə etmək üçün çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 192,98 manat dövlət rüsumunun 50,57 manat hissəsi iddiaçıdan, 142,31 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 142,31 manat dövlət büdcəsinə və iddiaçıdan 50,57 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 50,57 manat dövlət rüsumu çıxılmaqla 149,43 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 50,57 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 142,31 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 192,98 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 24325 manat məbləğində əsas borc, 1000 manat dəbbə pulu, 149,43 manat mediasiya xərci, 150 manat vəkilə ödənilmiş pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 192,98 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar