Məhkəmə qərarları › İş №e-2-2(117)-1249/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1249/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1249/2024 02.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1769,62 manat əsas borc və 37,70 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 09336 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları satmağı, alıcı isə həmin malları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinin ii yarımbəndinə əsasən müqavilənin əlavələri, o cümlədən, sifarişləri qaimə-fakturalar (təhvil qəbul aktları) müqavilənin ayrılmaz tərkib hissəsidir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə malların təhvil-qəbul aktları ilə ümumi dəyəri (ƏDV daxil) 3032,34 manat olan malları (ərzaq məhsulları) alıcıya vermiş və buna dair elektron qaimələri məhkəməyə təqdim etmiş, sonuncu isə malları qeyd edilən təhvil-qəbul aktlarına imza etməklə alsa da, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək malların dəyərini lazımınca ödəməmiş və bu səbəbdən 1769,62 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya sənədi ilə cavabdehə müraciət etməsinə baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 1769.62 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09336 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 dekabr 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 1769.62 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən hazırki iddia tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri cavabdehə rəsmi qaydada ünvanı üzrə xx.xx.2024cü il tarixdə göndərilsə də, “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə və ya ailə üzvlərinə çatdırılması üçün Zərdab rayon İcra Hakimiyyəti Hüseynxanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, Malların təhvil-qəbul aktları, Elektron qaimələr, Maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin həqiqi maraqlarına uyğun həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, tərəflərin müqavilə bağlanarkən həqiqi maraqları alğı-satqıdan ibarət olmuş və iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun mallarn təhvil qəbul aktları və onun əsasında verilmiş elektron qaimələrdə nəzərdə tutulmuş mallar təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2022ci il tarixdə bağlanmış 09336 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları satmağı, alıcı isə həmin malları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə malların təhvil-qəbul aktları ilə ümumi dəyəri (ƏDV daxil) 3032,34 manat olan malları (ərzaq məhsulları) alıcıya vermiş və buna dair elektron qaimələri məhkəməyə təqdim etmiş, sonuncu isə malları qeyd edilən təhvil-qəbul aktlarına imza etməklə alsa da, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək malların dəyərini lazımınca ödəməmiş və bu səbəbdən 1769,62 manat borcu qalmışdır. Eyni zamanda məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaimələrə münasibətdə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni malların təhvil-qəbul aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, tələb olunan 1769,62 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu hallar təqdim edilmiş malların təhvil qəbul aktları, elektron qaimələr və maliyyə arayışı ilə təsdiq edilir. Cavabdeh iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 37,7 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 37,7 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1769,62 manat əsas borc və 37,7 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar