Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1251/2024 27.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “1277 manat əsas borcun, 244 manat cərimə borcunun və ödənilmiş 35.21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “1277 manat əsas borcun, 244 manat cərimə borcunun və ödənilmiş 35.21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 200 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müqavilədə müəyyən edilmiş şərtlər əsasında göstərilmiş malları Cavabdeh satmağı, Cavabdeh isə həmin malların dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən məhsulların qiyməti müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malı qəbul etdikdən sonra 7 gündən gec olmayaraq həyata keçirilir. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı gecikdirmənin hər gün üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2% həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərinin məcburi qaydada icası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh həmin tarixə 2798.77 manat borcunun olmasını öz imzası ilə təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından gprünür ki, cavabdehə dəyəri 9299.72 manat olan mal verilmiş, cavabdeh həmin məbləğdən 8022.72 manat ödəniş etmiş və onun hazırki tarixə 1277 manat əsas, 244 manat cərimə borcu qalmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 1277 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, üzləşdirmə aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 200 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müqavilədə müəyyən edilmiş şərtlər əsasında göstərilmiş malları Cavabdeh satmağı, Cavabdeh isə həmin malların dəyərini ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh həmin tarixə 2798.77 manat borcunun olmasını öz imzası ilə təsdiq etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehə dəyəri 9299.72 manat olan mal verilmiş, cavabdeh həmin məbləğdən 8022.72 manat ödəniş etmiş və onun hazırki tarixə 1277 manat əsas, 244 manat cərimə borcu qalmışdır. Məhkəmə təqdim edilmiş sübutlardan müəyyən etmişdir ki, satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 1277 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə rəsmi qaydada bildiriş çatdırılsa da borc məbləği ilə bağlı hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 1277 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “244 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən alıcı gecikdirmənin hər gün üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2% həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərinin məcburi qaydada icası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınmaqla cərimə məbləğinin 50 manat müəyyən edilməsi qanuni və ədalətlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə qeyd edilənləri əsas tutaraq hesab edir ki, iddiaçı 1277 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas borca münasibətdə təmin edildiyindən 35.21 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1277 manat əsas borc, 50 manat cərimə borcu və 35.21 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov