Məhkəmə qərarları › İş №e-2-2(117)-1253/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1253/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1253/2021 03.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “11527,95 manat borc, mediasiya sessiyasına ödənilmiş 200 manat və ödənilmiş 123,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “11527,95 manat borc, mediasiya sessiyasına ödənilmiş 200 manat və ödənilmiş 123,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinə əlavə edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə 04.10.2021-ci il tarixli arayışda mediator kimi təyin olunan xxxxxxxxxxxxx fəaliyyət göstərdiyi ərazi Ağsu şəhəri olmasına baxmayaraq Kürdəmir Mediasiya kimi qeyd olunmuş, nəticədə iddiaçı tərəfindən düzgün mediasiya təşkilatı seçilməməsi səbəbindən məhkəmənin 26.11.2018-ci il tarixli e-2-2(117)-1218/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Ağsu Mediasiyasında fəaliyyət göstərən mediator xxxxxxxxx tərəfindən verilmiş 04.10.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iş materiallarına əlavə etmişdir. İşdə olan mediasiya arayışına münasibətdə əvvəla məhkəmə onu qeyd edir ki, İddiaçı MMC-nin eyni cavabdehə qarşı əvvəlki iddiası üzrə məhkəməyə təqdim etdiyi Kürdəmir Mediasiya mediator xxxxxxxxx tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışdan görünür ki, 04.10.2021-ci il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Hazırki iş üzrə Ağsu Mediasiya mediator xxxxxxxxx tərəfindən verilmiş eyni tarixli arayışdan görünür ki, 04.10.2021-ci il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Göründüyü kimi, mediatorun fəaliyyət göstərdiyi ərazi Ağsu rayonu olmasına baxmayaraq Kürdəmir rayonunda medasiya təşkil etmiş, habelə Kürdəmir və Ağsu şəhərində eyni gündə hətta eyni saatda medasiya təşkil olunmuşdur. Bu səbəbdən təqdim edilmiş medasiya arayışlarının həqiqiliyi şübhə doğurur. Bundan başqa Ağsu Mediasiya tərəfindən verilmiş 04.10.2021-ci il tarixli mediasiya arayışı sübut qismində qəbul edilsə belə, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi yer və ya cavabdehin (Şəki şəhəri) qeydiyyat ünvanı üzrə deyil, Ağsu Mediasiya tərəfindən mediasiya prosesi təşkil edilmişdir. Göründüyü kimi, tərəflərin mediatorun secilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından və bununla da iddiaçı tərəfindən seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. İddiaçı eyni cavabdehə qarşı eyni iddia tələbi ilə daha əvvəl iki dəfə məhkəməyə müraciət etdiyindən və həmin iddia ərizələri çatışmazlıqlar izah edilməklə məhkəmə tərəfindən eyni əsasla qaytarıldığından, buna baxmayaraq iddiaçı çatızmaqlıqları aradan qaldırmadan üçüncü dəfə yenə eyni cavabdehə qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddiaçı məhkəmənin iş vaxtının əsassız itirilməsinə səbəb olur. Bu səbəbdən eyni hal təkrar olunacağı təqdirdə iddiaçı və ya onun vəzifəli şəxsinin cərimə olunacağı barədə xəbərdarlıq edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “11527,95 manat borc, mediasiya sessiyasına ödənilmiş 200 manat və ödənilmiş 123,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar