Məhkəmə qərarları › İş №e-2-2(117)-1257/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1257/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1257/2025 08.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 459975 manat pulun tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MTK arasında bağlanmış müvafiq müqaviləyə əsasən, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-nin bank hesabına pul vəsaitləri köçürülmüşdür. xx.xx.2023-cü il tarixli son razılaşmaya əsasən, Cavabdeh MMC-nin İddiaçı MTK-nə 459975 manat borcunun olması etiraf olunaraq qəbul edilmişdir. Hal-hazırda İddiaçı MTK-nın maddi vəziyyətinin çətinləşməsi səbəbi ilə Cavabdeh MMC-nə köçürülmüş pul vəsaitinin geri qaytarılması zərurəti yaranmışdır. İddiaçı MTK tərəfindən Cavabdeh MMC-nə ödənilmiş 459975 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı pretenziya göndərilməsinə baxmayaraq,cavabdeh tərəfindən borclu olduğu pul vəsaiti geri ödənilməmişdir. Ona görədə, məhkəməyə müraciət etmək zərurəti yaranıb.

3. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MTK-nə olan borcu əslində 459975 manat deyil 491975 manatdır. Belə ki, xx.xx.2023-cü il tarixli arayışdan əvvəlki tarixdə yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC və İddiaçı MTK-nın səlahiyyətli şəxsləri tərəfindən razılaşma müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, 491975 manat pulu Cavabdeh MMC İddiaçı MTK-nə 3 ay ərzində hissə-hissə geri qaytarmağı və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda İ tərəf (Qlobal-SF MMC) İİ tərəfə (Zəfər Premium MTK-nə) hər kv.metr üçün 400 manat olmaqla hal-hazırda mövcud İ tərəfin mülkiyyətində olan 15.200 kv.metr sahədən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış sahələrini İİ tərəfə sənədləşdirib (notarial təsdiqlə) verməyi öz öhdəsinə götürüb. Bu günədək "xxxx" MMC tərəfindən İddiaçı MTK-nə hər hansı məbləğdə geri ödəniş edilməmişdir. Hər dəfə Cavabdeh MMC-dən geri ödəniş edilməsi tələb edilməsinə baxmayaraq yaxın vaxtda ödəniş edəcəkləri barədə yalnız vədlər verilmişdir. Hal-hazırda isə həmin sənədləri kommersiya işinə əlavə edildiyi üçün iddia tələbinin həcminin artırılması zərurəti yaranıb. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh MMC-dən 491975 manat pulun tutularaq İddiaçı MTK-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, İddiaçı MTK ilə "xxxx" MMC arasında bağlanmış müvafiq müqaviləyə əsasən, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-nin bank hesabına pul vəsaitləri köçürülmüşdür. xx.xx.2023-cü il tarixli son razılaşmaya əsasən, Cavabdeh MMC-nin İddiaçı MTK-ya 459975 manat borcunun olması etiraf olunaraq qəbul edilmişdir. Hal-hazırda İddiaçı MTK maddi vəziyyətinin çətinləşməsi səbəbi ilə Cavabdeh MMC-yə köçürülmüş pul vəsaitinin geri qaytarılması zərurəti yaranmışdır. İddiaçı MTK ilə Cavabdeh MMC arasında razılaşmalar olduğu doğrudur. Lakin bu razılaşmalar borc vermək, layihənin maliyələşdirilməsinə və ya başqa formada pul qoyulması deyil, tikinti işlərinin aparılması ilə bağlı olmuş və mahiyyət etibarı ilə podrat münasibətləri olmuşdur. Bu da Cavabdeh MMC-nin əvvəlki təsisçinin mülkiyyətində olduğu və ən azından 5 il bundan əvvəlki müddətlərdə olmuşdur. Razılaşmalar bir-neçə dəfə olmuşdur. İddia ərizəsindən müvafiq müqavilə qeyd edərək, müqavilənin tarixi göstərmədiyindən hansı müqavilədən söz getdiyi bəlli deyildir. İddia ərizəsində xx.xx.2023-cü il tarixli son razılaşma kimi qeyd edilən və həmin razılaşma ilə tərəflər arasında 459975 manat borcunun olması etiraf olunaraq qəbul edilməsinə gəlincə, bu tərəflər arasında razılaşma və ya borcun etirafı deyil, Cavabdeh MMC ilə ilə İddiaçı MTK arasında tərtib edilməmişdir. "xxxx" MMC-nin direktoru Tağıyev E.Q. tərəfindən tərtib və təsdiq edilmiş arayışdır. Həmin arayışda İddiaçı MTK-nin Cavabdeh MMC-yə pul ödədiyi deyil, X11 ilə “Qlobal-SFS MMC-nin direktoru X14 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış birgə fəaliyyətə dair müqavilə əsasında X11 tərəfindən 2021-2023-cü illər ərzində ümumilikdə 459975 manat vəsaitin inşaat işlərinə yatırılması qeyd edilmişdir. Həmin vəsaitlər İddiaçı MTK tərəfindən görülmüş işlərə çəkilmiş xərclərə aid edildiyi göstərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, İddiaçı MTK tərəfindən tikinti sahəsində heç bir işlər görülməmişdir. Qeyd olunan məbləğin X11 tərəfindən ödənildiyi də təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, eyni məbləğlə bağlı X12 Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldırmış və bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi mövcuddur. Qanuni qüvvəsində olan həmin qətnamə ilə müəyyən edilmişdir ki, X12 tərəfindən Cavabdeh MMC-yə hər hansı bir məbləğdə yatırım edilməmiş, İddiaçı MTK tərəfindən də tikinti sahəsində işlər aparılmamışdır. İddiaçı tələbin əsası kimi tərəflər arasında bağlanmış müqavilə əsasdan pul qoyduğu və pulu cavabdehin hesabına ödədiyini qeyd edir. Lakin pul məbləğin ödənilməsinin təsdiqinə dair dəlilə istinad etmir. Çünki belə bir sərmayə qoyuluşu və pul ödənilməsi halı mövcud deyildir. Göründüyü kimi, hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasını iştirakı olmadan keçrilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və eyni zamanda təqdim edilmiş sənədlərdən də görünür ki, Cavabdeh MMC ilə İddiaçı MTK arasında müqavilələr bağlanılmış və bunun əsasında Cavabdeh MMC-nin hesabına 459975 manat pul köçürülmüşdür. Daha sonradan məlum olmuşdur ki, bu rəqəm 491975 manat məbləğində təşkil edir və nəticədə 491975 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Lakin cavabdeh tərəfindən borclu olduğu pul vəsaiti geri ödənilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yarandı. Cavabdeh MMC-dən 491975 maant məbləğində pulun tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ysamal Rayon Məhkəməsinə verilmiş iddiada sübut kimi əlavə olunmuş bu arayışa istinad olunmuşdur. Bundan sonra akt və razılaşma müqaviləsi məhkəmənin elektron sisteminə yüklənmiş və həmin sənədləri araşdırmağa başlayıb. Ümumiyyətlə indiyədək bütün araşdırmalarda belə sənəd mövcud olmamışdır. Razılaşmanı və aktı imzalayan Mirbala Əiyevdir və o şirkətdə əvvəllər direktor vəzifəsində işləmişdir. Mirbala Əliyev 2023-cü ilin fevral ayında şirkətdən çıxarkən bütün sənədlərin hamısını təhvil vermişdir.Təhvil verilən həmin sənədlərin içində belə sənəd olmayıb. Şirkəti 11000000 manata onun əvvəlki sahibindən 2022-ci ildə satın alıblar. 31 may 2023-cü il tarixli arayışın yazılma səbəbi var. Ona görə ki, Premiumum adından Kamil bəyin oğlu Rza bəy gəlib deyir ki, əvvələr yəni əvvəlki təsisçiylə müqaviləsi olanda müəyyən işlər görüb və işlərin haqqı təxmini 40000 manat məbləğindədir. Əvvəlki sahiblə iddiaçının razılaşması olan 11000 öz hesabına azaldacaq və onlarla davam edəcək. Ona görə də Yasamal Rayon Məhkəməsi Rza üçün bunu hər hansı sübut kimi qəbul etməyib. Məhkəmə araşdırması zamanı bu müddət ərzində orada ümumiyyətlə hər hansı bir iş görülməyib. Bu aktda da qeyd edilib ki, sənədlər təqdim edilməyib, orada iş görə bilməyiblər. Ortada həm akt, həm də razılaşma var. Lakin pulun cavabdehin bank hesabına köçürülməsi barədə sübut yoxdur.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

10. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, tərəflər ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında razılığa gəldilər. Həmin razılaşmaya əsasən müqaviləyə uyğun 2-ci tərəfdən (İddiaçı) ümumilikdə qoyulan vəsaiti 491975 manat 3 ay müddətinə 1-ci tərəf (Cavabdeh MMC) 2-ci tərəfə geri qaytarır və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda 1-ci tərəf 2-ci tərəfə hər kv.m üçün 400 manat olmaqla hal-hazırda mövcud 1-ci tərəfin mülkiyyətində olan 15.200 kv.m sahəsindən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış (mağaza) sahələrini 2-ci tərəfə sənədləşdirib təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf aktla 1-ci tərəfdən qəbul etdiyi tikintiyə aid olan bütün sənədləri 1-ci tərəfə geri qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşma qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürləri ilə təsdiq edilmişdir.

11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə əsasında tikintisi başa çatdırılmalı olan tikililərin tikintisinin davam etdirilməsi Cavabdeh MMC-dən asılı olan səbəblərə görə davam etdirilə bilmir. Bu səbəbdən həmin aktla tərəflər tikintinin dayandırılmasını və İddiaçı həmin tikintiyə qoyduğu vəsaitin dəqiləşdirilməsinin aparılması barədə tərəflər razılığa gəlirlər. Həmin akt qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürlə təsdiq edilmişdir.

12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli Cavabdeh MMC-nin direktoru X6 və X12 (İddiaçı üzvü) arasında bağlanmış Birgə fəaliyyətə dair müqaviləyə əsasən tikintisi ünvan 1 ünvanda inşa edilən Cavabdeh MMCnə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şərikli birgə fəaliyyət göstərilməsi üçün X12 tərəfindən ümumilikdə 459975 manat vəsait yatırılmışdır. Həmin arayışda qeyd olunan vəsaitin qoyulma tarixləri və məbləğləri qeyd olunmuşdur. Həmçinin arayışda Cavabdeh MMC tərəfindən göstərilən ünvanda tikintiyə çəkilmiş xərclərin içində X12 tərəfindən yatırılmış 459975 manat vəsaitin olmasının inkar edilmədiyi qeyd olunmuşdur. Arayış Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmaqla möhürü ilə təsdiq edilmişdir.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarilxi aktdan görünür ki, Cavabdeh MMCnin rəhbəri vəzifəsində olan X3, həmin vəzifədən azad edilməsi səbəbindən şirkətə məxsus möhür və sənədləri X4 təhvil verilmişdir.

14. İddiaçı nizamnaməsindən görünür ki, X1, X2, Qanuni nümayəndə, X12 və X5 İddiaçı üzvləridir.

15. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-214/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X12 İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırmış, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

16. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli, “Bank VTB”-nin xx.xx.2026-cı il tarixli, "xxxx" ASC-nin xx.xx.2025-cı il tarixli, "xxxx" QSC BOKT-nın xx.xx.2026-cı il tarixli, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, "xxxx" ASC-nin xx.xx.2025-cı il tarixli məlumatlarda Cavabdeh MMC-nin qeyd olunan banklarda hesabının olmadığı qeyd olunmuşdur.

17. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında məhkəməyə "xxxx" QSC tərəfindən daxil olmuş məlumatda bankda Cavabdeh MMC-nin adına 2 bank hesabının olması qeyd olunmuş və bununla bağlı hesabdan çıxarış məlumatı təqdim edilmişdir. “Yapı Kredi Azərbaycan” tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli məlumatda Cavabdeh MMC-nin adına bankda xx.xx.2009-cu il tarixində AZN, ABŞ, Avro hesablarının açıldığı və 2018-ci ildə həmin hesabların bağlandığı qeyd olunmuşdur. Bank “BTB” tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabından çıxarış məlumatları daxil olmuşdur. Qeyd olunan bank hesabından çıxarış məlumatlarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına pul köçürülməmişdir.

V. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 109-2.3-cü maddəsinə əsasən Kooperativin üzvləri kooperativin işində onun fəaliyyət xarakterinə əsasən şəxsi əməyini tətbiq etməklə və ya tətbiq etməməklə iştirak edirlər. 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 110-3.2. Kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. 110-3.3. Kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

Vl. Məhkəmənin mövqeyi:

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

23. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuş, tərəflər ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında 12 yanvar 2023-cü il tarixli müqavilə bağlamaqla razılığa gəlmişlər. Həmin razılaşmaya əsasən müqaviləyə uyğun 2-ci tərəfdən (İddiaçı) ümumilikdə qoyulan vəsaiti 491975 manat 3 ay müddətinə 1-ci tərəf (Cavabdeh MMC) 2-ci tərəfə geri qaytarır və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda 1-ci tərəf 2-ci tərəfə hər kv.m üçün 400 manat olmaqla hal-hazırda mövcud 1-ci tərəfin mülkiyyətində olan 15.200 kv.m sahəsindən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış (mağaza) sahələrini 2-ci tərəfə sənədləşdirib təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf aktla 1-ci tərəfdən qəbul etdiyi tikintiyə aid olan bütün sənədləri 1-ci tərəfə geri qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşma qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürləri ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslandığı əqdin, yəni tərəflər arasında bağlanmış 12 yanvar 2023-cü il tarixli Razılaşmanın etibarsız olmasına dəlalət edən sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada lazımınca icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.”

25. Məhkəmə qeyd edir ki, İddiaçı MTK tərəfindən podrat münasibəti əsasında tikinti üçün 491975 manat məbləğdə pul verməsi iş materiallarda olan razılaşma (borc) müqaviləsi və digər sənədlərlə öz təsdiqini tapmışdır.

26. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilən etiraza münasibətdə bildirir ki, cavabdeh öz etirazında İddiaçı MTK tərəfindən podrat müqaviləsi üzrə hər-hansı tikinti işlərinin görülmədiyini və iddiaçı tərəfindən cavabdehə ödəniş edilmədiyini bildirsə də, cavabdehin etirazı əsassızdır. Belə ki, tərəflər arasında podrat münasibətlərinin olması və tikinti işlərinin aparılması iş materiallarında olan razılaşma ilə öz təsdiqini tapmışdır. Cavabdeh bu halı təkzib edəcək sübutu öz etirazına əlavə etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi bildirir ki, tərəflər arasında bağlanmış Razılaşma müqaviləsi Cavabdeh MMC-nin əvvəlki direktoru Əliyev Mirbala tərəfindən imzalanmış, şirkətin indiki rəhbərliyinə aid deyildir. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin direktorunun dəyişməsi məhdud məsuliyyətli cəmiyyətin mövcud öhdəlikdən azad olunmasının əsası deyildir.

27. Məhkəmə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 214/2024 nömrəli qətnaməsinə münasibətdə qeyd edir k, həmin qətnaməyə əsasən iddiaçı X7 İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən müəyyən edilir ki, iş üzrə iddiaçı X12 hazırki iş üzrə iddiaçı ilə eyni şəxs deyil, həmçinin işin halları da hazırki işlə eynilik təşkil etmir. Bu səbəbdən cavabdehin həmin qətnaməyə əsaslanaraq iddianı qəbul etməməsi əsassızdır.

28. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 781,48 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilməmiş 0,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 491975 manat məbləğində pul vəsaiti və 781,48 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilməmiş 0,50 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Vİl. Nəticə:

30. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehndən 491975 manat məbləğində borc pul və 781,48 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 0,50 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar