Məhkəmə qərarları › İş №e-2-2(117)-126/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-126/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-126/2021 04.05.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı X11 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Qanuni nümayəndə, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “04.02.2021-ci il tarixli NDQ 008728 nömrəli akt əsasında qanunsuz olaraq yazılmış 18298,80 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X11” Açıq Səhmdar Cəmiyyəti **********52004 abonent kodu ilə “xxxx” ASC-nin xidmət sahəsinə daxil olan abonentidir. 04.02.2021-ci il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşlarının iştirakı ilə “X11” ASC-yə xidmət edən sayğaçın yerləşdiyi tikiliyə baxış keçirilmiş, baxış zamanı sayğaca gələn B fazasının sıxac vasitəsilə kənarlaşdırılması bir-başa qoşulması, sayğacın B fazasındakı yükü qeyd etməməsi, ölçmə zamanı kənar xəttdən axan yükün 46,42 kvt olması müəyyən edilərək 008728 nömrəli akt tərtib edilmişdir. Akt əsasında 04.02.2021-ci il tarixli İcra Vərəqəsi ilə iddiaçıya 203320 kvts (46,42 kvt x 12 saat x 365 gün) x 0,09 manat = 18298,76 manat itirilmiş enerjinin dəyəri hesablanmış və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Aktla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək 18298,80 manat məbləğində pulun cəmiyyətin heaabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, 04.02.2021-ci il tarixli akt cəmiyyətin idarə heyətinin sədrinin iştirakı olmadan və məlumatı olmadan yazılmışdır. İstifadə edilən elektrik enerjisinin dəyəri ödənilməsinə baxmayaraq cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən 04.02.2021-ci il tarixdə Yevlax şəhərində yerləşən şəhər sakinlərinə, bir sıra dövlət müəssisələrinə, həmçinin Bazara məxsus elektrik transformatorlarına baxış keçirilmiş və nöqsanlar aşkar edilmişdir. Baxış zamanı bazar məxsus sayğacdan kənar xətt çəkilməsi barədə akt tərtib edilmiş və 18298,80 manat cərimə yazılmışdır. Aktda bazarın nəzarət-kassa işlərinə baxan Elçin Quliyevin iştirakı qeyd olunmuş və imzası saxtalaşdırılmışdır. Belə ki, Elçin Quliyev iştirak etməmiş və akta imza etməmişdir. Eyni zamanda bazar tərəfindən sayğacdan kənar hər hansı bir elektrik naqili çəkilməmiş və elektrik enerjisindən qanunsuz olaraq istifadə edilməmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin qanun pozuntusunu 04.02.2021-ci il tarixədək “xxxx” ASC-nin Yevlax rayon Enerji Təchizatı və Satışı İdarəsində elektrik montyoru (elektrik avadanlığı işləri mütəxəssisi) işləyən X8 öz şəxsi mənafeyi üçün etmişdir. “xxxx” ASC-nin nümayəndələri bu pozuntunun onların əməkdaşları tərəfindən törədilməsini bildikləri halda onların sahibkarlıq fəaliyyətinə maneələr yaradaraq elektrik enerjisini kəsmişlər ki, bu zaman bazarda soyuducuda olan xarab olan məhsullar sıradan çıxmış və onlara maddimənəvi ziyan dəymişdir. Cavabdeh iddia tələbinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, 04.02.2021-ci il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşlarının iştirakı ilə iddiaçı “X11” ASC-nin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş və baxış zamanı bazarı elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının 10 kvt-lıq 3-cü şəhər hava xəttindən qidalanan, bazardan 80-100 m məsafədə yerləşən 1000 kvt gücündə ******* nömrəli transformator məntəqəsində quraşdırılan sayğaca gələn B fazasının sıxac vasitəsilə kənarlaşdırılaraq birbaşa qoşulduğu və sayğacın B fazasından axan yülü qeyd etmədiyi faktı aşkar edilməmişdir. Xüsusi ölçmə vasitəsi olan Ampermaşa vasitəsilə ilə ölçü aparıldıqda kənar xəttdən axan yükün 46,42 kvt təşkil etdiyi müəyyən edilmişdir. Sayğacın ekran tablosunda B fazası və cos.f (güc əmsalı) 0 göstərdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirilən zaman iddiaçının nümayəndəsi kimi bazarda nəzarətçi işləyən Elçin Quliyev adlı şəxs iştirak etmişdir. Aşkar olunmuş pozuntulara görə 04.02.2021-ci il tarixli 008728 nömrəli akt tərtib edilmiş, həmçinin pozuntu faktı aşkar edilən zaman telefon vasitəsilə video çəkiliş aparılmışdır. İtirilmiş enerjinin dəyəri 46,42 kvt x 12 saat x 365 gün = 203320 kvt x 0,09 manat = 18298,76 kimi hesablanmışdır. Hesabat aparılarkən cəmiyyət tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Habelə bazarın nəzarətçisi Elçin Quliyev də baxış zamanı orada iştirak etmiş və akta imza etmişdir. Bundan başqa aktda qeyd olunmuş pozuntunun mantyor Nazim Zamanov tərəfindən edilməsi ilə bildirmişdir ki, Nazim Zamanov həqiqətən də Mərkəzi Aran RETSİ-nin Hava və Kabel Xidmətinin Yevlax EŞ-si üzrə montyoru işləmiş və 15.02.2021-ci il tarixdə onun bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Nazim Zamanov isə iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirmişdir ki, 3 ilə yaxın müddətdə bazarın rəhbəri kimi tanıdığı Qara adlı şəxslə şifahi razılaşmaya əsasən bazarın elektrik enerjisi ilə təchizatında yaranan qüsurları (elektrik avadanlıqlarının təmiri, əvəzedilməsi və s) aradan qaldırmaq müqabilində ayda 150 manat məbləğində pul almış, pulu alarkən işçilərin siyahsında adının qarşısında imza etmiş və sayğacda aşkar edilmiş enerji pozuntusundan xəbəri olmamışdır. “xxxx” ASC-nin nəzarətçisi X9 06.04.2021-ci il tarixdə keçirirlən məhkəmə iclasında iddiaçı tərəfin şahidi qismində verdiyi ifadəsində bildirmişdir ki, rəsmi olaraq 2014-cü ildən X11 Açıq Səhmdar Cəmiyyətində nəzarətçi işləyir. Transformator bazardan 50-100 metr məsafədə yerləşir. Yoxlama gəldikdə onu telefon vasitəsilə çağırmışlar və transformatorun qapısının açarını istəmişlər. Bu zaman o bildirmişdir ki, açar montyordadır. Montyora zəng etmişlər və o da yarım saata gələcəyini demişdir. O, işinə getmiş, lakin sonra ona zəng edib bildirmişlər ki, yoxlamaya gələn əməkdaşlar gözləyə bilmir, qapını qırıb girməlidirlər. Baxış nəticəsində videoşəkiliş aparıblar. Qanunsuz müdaxilə olduğunu bildirmişlər. Sonra montyor gəlmişdir. Transformator binasına daxil olmuşdur, lakin orada o qədər xətt vardır ki, adi insan hansı xəttin hara getdiyini bilə bilməz. xxxx ASC-nin əməkdaşlarının bazarın xəttinə qəsdən nəsə etdiklərinin şahidi olmamışdır. Aktın harada yazılmasını bilmir. Özünü onlara təqdim etməmişdir, müdaxiləni ona göstərmişlər, lakin anlamamışdır. Transformator bazarın ərazisində olmadığından yoxlama keçirilməsi ilə bağlı rəhbərliyə məlumat verməmişdir. 04.02.2021-ci il tarixdə “X11” ASC-yə məxsus sayğaca keçirilən baxışda iştirak edən “xxxx” ASC-nin əməkdaşı X1 06.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh tərəfin şahidi qismində verdiyi ifadəsində bildirmişdir ki, rəhbərliyin tapşırığına əsasən Yevlax şəhərinə iritutumlu obyektləri yoxlamaq üçün ezamiyyətə göndərilmişdir. Onlardan biri də xxxx olmuşdur. Bazara yaxınlaşmış, öz nəzarətçiləri və X6 da iştirakı ilə baxış keçirmişlər. Nöqsan aşkarlanmış və akt tərtib etmişlər. Baxış zamanı məlum olmuşdur ki, elektrik enerjisi qaydaları kobud şəkildə pozulmuş, enerjinin qırağa ötürülməsi üçün kənar xətt qoşulmuşdur. Transformator həm bazarı, həm də başqa obyektləri enerji ilə təchiz edir. Transformator binasına daxil olan zaman Elçin Quliyevin özünün iştirakı ilə qapıdakı qıfıl açarla açılıb. Açarı Elçin və onunla gələn montyor gətirmişdir. Enerjinin qırağa ötürülməsi üçün calanan kənar xətti xüsusi bilik tələb edən mütəxəssis calaya bilər. 15.02.2021-ci il tarixədək Mərkəzi Aran RETSİ-nin X5 Yevlax şəhəri H.Rəcəbov küçəsində yerləşən ******* nömrəli transformator məntəqəsinə qulluq etmək səlahiyyəti olmaqla elektrik montyoru vəzifəsində işləyən, bazarı fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün cavabdehlik daşıyan X8 20.04.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh tərəfin şahidi qismində verdiyi ifadəsində bildirmişdir ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindən bazara baxış keçirilən gün o, Qaramanlı kəndində işə çıxmışdır. Təxminin saat 11:00 radələrində ona bazara gəlməsi ilə bağlı zəng gəlmiş, işdən icazə alıb gəldiyi vaxt görmüşdür ki, trasformatora baxış keçirilir. O, 1993-cü ildən xxxx ASC-nin əməkdaşı olmuşdur, işdən sonra və altı-bazar günlərində bazarda montyor kimi işləmiş, ayda 150 manat pul almışdır. Suqovuşanda işə girdiyi üçün işdən çıxmışdır. Transformatorun yerləşdiyi binanın açarını görməmişdir. Transformatorun yerləşdiyi binaya daxil olanda yoxlama getdiyini və sayğacdan kənar xətt aşkarlandığını görmüşdür. Xətti o çəkməmişdir. Transformatorun yerləşdiyi binanın bir açarı bazarın işçisi Elçində, bir açarı da onların idarədəsində olmuşdur. O, yoxlamadan təqribən 1 ay öncə nasazlığı aradan qaldırmaq üçün transformatorun yerləşdiyi binaya daxil olmuş və nasazlığı aradan qaldırmışdir. Həmin vaxt qapını bazarın işçisi Elçin açmışdır. Transformatorun yerləşdiyi binaya daxil olduğu zaman orada əlavə xəttin olduğunu görməmişdir və belə xətt olmamışdır. Transformatorun yerləşdiyi binaya nasazlığı aradan qaldırmaq üçün idarənin xəbəri olmadan bazarın rəhbərliyi Elnur Əzizovun göstərişi ilə daxil olmuşdur. Açarın birinin bazarda olmasını iş yerinə məlumat verməmişdir. Bazarın rəhbərliyi Elnur Əzizov ona əlavə xəttin çəkilməsi ilə bağlı heçnə deməyib. Hadisədən sonra işdən çıxarılmamış, öz ərizəsilə Suqovuşanda işə girdiyinə görə çıxmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirdi ki, “X11” Açıq Səhmdar Cəmiyyəti elektrik enerjisinin pulunu hər ay vaxdında ödəmişdir. xxxx tərəfindən təqdim edilən abonent saldosundan da aydın görünür ki, akt tərtib olunana qədər bazarın pərakəndə satış bölməsində elektrik enerjisindən istifadə çoxalmışdır. Əsassız yazılan 18298, 80 manat borc silinsin. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı tərəfin nümayəndəsinin də iştirakı ilə bazarın sayğacına baxış keçirilərkən sayğaca müdaxilə olunmuş və onların iştirakı ilə akt tərtib olunmuşdur. Aktın tərtib olunmasına əsas elektrik enerjisinin itgisidir ki, itki xususi cihaz vasitəsilə aşkar olunmuşdur. Video görüntüdə bu açıq aydın görünür. 46.42 kv amper maşa ilə ölcülüb həmin xətdən keçən sonuncu yükdür. Nəzarətçi sayğacın göstəricisini ən azı 1 metr məsafədən vizual kompyuter vasitəsi ilə oxuduğundan müdaxiləni görməyə bilər. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, İcra vərəqəsi, abunə haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə 04.02.2021-ci il tarixdə “X11” ASC-yə xidmət edən elektrik transformatoruna keçirilən baxışın sahibkarlıq sahəsində aparılan yoxlama xarakterli olubolmamasına münasibətdə onu qeyd edir ki, baxış sahibkarlıq sahəsində aparılan yoxlama xarakterli olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, tərəflərin və onların şahidləri qismində məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından göründüyü kimi, transformator bazar ərazisindən kənarda, fərdi yaşayış evlərinin yanında qeyri-yaşayış sahəsində (köhnə binada) yerləşməklə tək “X11” ASC-ni deyil, digər şəxsləri, cümlədən yaşayış binalarını da elektrik enerjisi ilə təmin edir. Transformatorun və iddiaçıya xidmət edən sayğacın yerləşdiyi tikili iddiaçıya məxsus ərazidə deyil, cavabdehin tabeliyində və nəzarətində olan tikilidə yerləşir ki, həmin əraziyə daxil olunması və orada hər hansı işlərin yerinə yetirilərək baxışın keçirilməsi iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə və sahibkarlıq sahəsində aparılan yoxlama deyildir. Cavabdeh xidmət etdiyi və nəzarət etdiyi trandformatora baxış keçirilən zaman “X11” ASC-yə məxsus sayğacda pozuntular aşkar edilmiş və akt tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, keçirilmiş yoxlama sahibkarlıq sahəsində aparılan yoxlama deyildir və reyestrdə qeydiyyata alınmalı deyildir. Bundan başqa iddianın hüquqi əsasına yəni “X11” ASC-yə məxsus sayğacda aşkar edilmiş pozuntulara və pozuntular əsasında tərtib edilmiş akt əsasında borc hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 04.02.2021-ci il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşlarının iştirakı ilə “X11” ASC-yə baxış keçirilmiş, baxış zamanı sayğaca gələn B fazasının sıxac vasitəsilə kənarlaşdırılması bir-başa qoşulması, sayğacın B fazasındakı yükü qeyd etməməsi, ölçmə zamanı kənar xəttdən axan yükün 46,42 kvt olması müəyyən edilərək 008728 nömrəli akt tərtib edilmişdir. Akt əsasında 04.02.2021-ci il tarixli İcra Vərəqəsi ilə iddiaçıya 203320 kvts (46,42 kvt x 12 saat x 365 gün) x 0,09 manat = 18298,76 manat itirilmiş enerjinin dəyəri hesablanmış və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. İşin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və 04.02.2021-ci il tarixdə keçirilən baxışı əks etdirən video diskə 20.04.2021-ci il tarixli məhkəmə iclasında tərəflərin nümayəndələrinin də iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən də “X11” ASC-yə məxsus sayğaca gələn B fazası sıxac vasitəsilə kənarlaşdırılmış, ölcmə işləri aparılan zaman sayğacdan çıxan B fazında yük mövcud deyildir. Sayğac B fazasındakı yükü qeyd etmir. Həmçinin cihaz vasitəsilə ölçmə zamanı kənar xəttdən axan yükün mövcud olması və yükün 46,42 kvt olması müəyyən edilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində, nümayəndə və vəkil isə məhkəmə iclasında da, sayğacda belə pozuntunun olmasını inkar etmir, lakin pozuntunun onlar tərəfindən törədilmədiyini bildirirlər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə araşdırması zamanı iddiaçı 04.02.2021-ci il tarixli 008728 nömrəli aktda qeyd olunan sayğacdakı pozuntuların istehlakçının təqsiri ucbatından olmadığını, cavabdeh “xxxx” ASC-nin montyoru tərəfindən törədildiyini bildirsə də, elektrik montyoru şahid qismində məhkəmə iclasında dindirilən zaman verdiyi ifadəsində sayğaca müdaxilə etmədiyini bildirmişdir. İddiaçı isə istər baş vermiş pozuntuda təqsirinin olmamasını, istərsə də pozuntunun cavabdeh cəmiyyətin montyoru olan şəxs (Nazim Zamanov) tərəfindən törədilməsini sübut etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan akt iddiaçıya məxsus sayğacın həqiqi baş vermiş pozuntusunu əks etdirdiyindən və sayğacda baş vermiş pozuntu istehlakçının, yəni iddiaçının təqsiri olduğundan akt qanunidir və qanunvericiliyin tələbinə uyğun olaraq itirilmiş enerjinin dəyəri hesablanaraq iddiaçıdan tutulmalıdır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və onun əməkdaşı X9 tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın tərtib olunmasında iştirak etmədiyini və aktda olan imzanın ona məxsus olmadığını bildirmişlər. Lakin məhkəmə bu halın yoxlanılması üçün müvafiq ekspertizanın keçirilməsini zəruri hesab etməmişdir. Belə ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt aşkar olunmuş pozuntu ilə bağlı tərtib edilir və yalnız pozuntunun mövcudluğunu təsdiq edir. İddia tərəfinin imzanın X7 məxsus olmaması ilə bağlı dəlilləri mübahisəyə mahiyyəti üzrə qiymət verilməsi üçün maneə deyildir. Belə ki, məhkəmə araşdırması zamanı 04.02.2021-ci il tarixli NDQ 008728 nömrəli aktda göstərilmiş pozuntu hallarının, yəni kənar qoşulma hallarının mövcud olması istər iddiaçı, istərsə də şahidlər tərəfindən inkar edilməmiş, baxış zamanı aparılmış video çəkilişlə təsdiq edilmişdir. 04.02.2021-ci il tarixli NDQ 008728 nömrəli aktda göstərilmiş kənar qoşulma halının mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapdığından həmin aktda X7 aid imzanın onun tərəfindən icra edilib-edilməməsi araşdırılmamış və ekspertiza keçirilməsindən imtina edilmişdir. Belə ki, qeyd olunduğu kimi elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt aşkar olunmuş pozuntu ilə bağlı tərtib edilir və yalnız pozuntunun mövcudluğunu təsdiq edir ki, məhkəmə araşdırması zamanı aktda göstərilmiş pozuntunun mövcudluğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə araşdırması zamanı aşkar olunmuş pozuntunun bir il öncə baş verdiyini cavabdeh tərəf sübut edə bilmədiyindən məhkəmə itirilmiş enerjinin dəyərinin bir il müddətində hesablanması ilə bağlı cavabdehin dəlilləri ilə razılaşmır. Cavabdeh icra vərəqəsində itirilmiş enerjinin dəyərini kənar xəttdən axan yükü müəssisənin işləmə saatına vurmaqla 365 günə (1 ilə) görə hesablamışdır. Lakin məhkəmə qeyd edir ki, sayğacda baş vermiş pozuntunun hansı tarixdə törədilməsini təsdiq edən sübutlar mövcud deyildir. Cavabdeh “xxxx” ASC pozuntunun hansı tarixdən yaranmasını sübut edə bilməsə də, cavabdehin əməkdaşı olmuş (montyor) və 15.02.2021-ci il tarixədək, yəni pozuntu aşkar edilən zaman həmin ərazinin montyoru işləmiş Nazim Zamanov məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, yoxlama aparılmamışdan 1 ay əvvəl transformatorda baş vermiş nasazlığı aradan qaldırmış, bu zaman sayğacda pozuntu və əlavə xətt olmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçının şəxsi hesabından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya istehlak olunnmuş enerjinin dəyərinə dair bildiriş verilmiş və iddiaçı tərəfindən ödənişlər edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin istehlak olunmuş enerjinin dəyərinə dair bildirişi sayğacın üzərindən oxunmasını təşkil edən cavabdehin əməkdaşı hər ay iddiaçıya xidmət edən sayğacın yerləşdiyi əraziyə daxil olmuş və sayğacın oxunmasını təmin etmişdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Cavabdehin əməkdaşı bildiriş verilməsi üçün sauyğaca baxış kecirildiyi zaman sayğaca müdaxiləni olmasını istisnasız gösrmək imkanına malik olmuşdur ki, belə pozuntu mövcud olduğu təqdirdə cavabdehin bildiriş verilməsi üçün sayğaca sonuncu dəfə baxış keçirmiş əməkdaşı görmək imkanından məhrum olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sayğacın oxunmasının bir metr məsafədən həyata keçirildiyini və buna görə müdaxilənin aşkarlanmasının mümkün olmadığını bildirsə də məhkəmə onun bu dəlili ilə razılaşmır. Belə ki, cavabdehin nümayəndəsinin bilidikləri əməkdaşlarının vəzifə təlimatına və qanunveiciliyin tələblərinə ziddir. Bu səbəbdən məhkəmə hesab edir ki, itirilmiş enerjinin dəyəri pozuntu aşkar edildiyi tarixdən 1 ay əvvəl üçün hesablanmalı, yəni 46,42 kvt (kənar xəttdən axan yük) x 12 saat (müəssisənin işləmə saatı) x 30 gün (1 ay) = 16711,20 kvt saata bərabərdir ki, 16711,20 kvt-nin 0.09 manat tariflə dəyəri 1504,008 manat təşkil edir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının 2021-ci ilin yanvar ayında olan sərfiyyatı ilə 2020-ci ilin sərfiyyatı arasında da fərq mövcuddur ki, həmin fərqdə yuxarıda hesablanmış pul vəsaitinə bərabər vəsaitdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının abunə hesabından müəyyən edilmişdir ki, iddiaçının 2020ci ilin yanvar ayına sərf etdiyi 34320 kvt elektrik enerjisinin dəyəri 3088,80 manat olmuşdur. İddiaçının 2021-ci ilin yanvar ayına sərf etdiyi 17160 kvt elektrik enerjisinin dəyəri 1544,40 manat olmuşdur ki, 2020-ci ilin yanvar ayının sərfiyyatı olan 34320 kvt-dan 2021-ci ilin sərfiyyatı olan 17160 kvt cıxıldıqda fərq 17160 kvt təşkil edir ki, həmin sərfiyyatın dəyəri də 1544,40 manat təşkil edir. Göründüyü kimi, istər pozuntu aşkar olunduğu tarixdə kənar qoşulmuş xətdə olan yükün 30 günlük sərfiyyatının hesablanması, istərsə də anoloji dövrün hesabatlarının fərqinə görə itirilmiş elektrik enerjisinin dəyəri çox fərqli deyildir ki, şərh olunduğu kimi iddiaçı tərəfindən sayğaca müdaxilə nəticəsində ona bir aylıq dövr üçün hesablama aparılmalı və yuvarlaq rəqəmlə 1500 manat itirilmiş elektrik enerjinin dəyəri üzərində saxlanılmaqla hesablanmış digər məbləğ silinməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt əsasında hesablanan 16798,76 manat borc məbləği silinməli, iddia qalan 1500 manat pulun silinməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və istehslakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edildiklərindən 30 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 04.02.2021-ci il tarixli NDQ 008728 nömrəli akt əsasında “X11” Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 16798,76 (on altı min yeddi yüz doxsan səkkiz manat yetmiş altı qəpik) borc silinsin. İddia qalan hissədə rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 30 (otuz) manat Dövlət rüsumu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar