Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-126/2022 11.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndələri X1 və X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “41834,20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “44091,70 manat məbləğində pul vəsaitinin, 100 manat mediasiya xərcinin və 130 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli 26 nömrəli müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ üzrə özünə məxsus olan və ya icarəyə götürdüyü xxxx rayonu Ərəbmehdibəy kəndində yerləşən 54 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-nin xxxx filialına təhvil verməyi, filial isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, istehsalçı hər hektara ən azı 20 sentner yüksək keyfiyyətli pambıq istehsal edir, yetişdirdiyi pambığı son məhsuladək yığıb yalnız İddiaçı MMC-nin xxxx filialına təhvil verir. İddiaçı MMC-nin xxxx filialı tərəfindən ona borc kimi verilən vəsaitlərdən yalnız bu müqavilə üzrə nəzərdə tutulan pambığın istehsalı üçün istifadə edir, xərclərin təyinatı barədə MMC-yə mövsüm ərzində mütəmadi olaraq hesabat verir və filialdan aldığı borcu tam həcmdə ödəyir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, xam-pambığın 1 tonunun satın alma qiyməti: birinci növ 650 manat, ikinci növ 630 manat, üçüncü növ 590 manat, dördüncü növ 550 manatdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbinin müəyyən hissəsi ilə bağlı sübutları olmadığını bildirmiş və “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək iddia məbləğinin 41834,20 manat kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə 41834,20 manat borcu etiraf etmiş və hazırda borcu ödəməyə imkanının olmadığını bildirmişdir. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 21.11.2019-cu il tarixli 26 nömrəli müqavilə, 29.12.2019-cu il tarixli üzləşdirmə aktı, 05.01.2021-ci il tarixli akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndələrinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında pambıq məhsulunun istehsalı üzrə xidmət və satınalma müqaviləsi bağlanmış, müqavilə əsasında tərəflər arasında qarışıq şəkildə podrat, xidmət və alqı-satqı münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli 26 nömrəli müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ üzrə özünə məxsus olan və ya icarəyə götürdüyü xxxx rayonu Ərəbmehdibəy kəndində yerləşən 54 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi, bunun üçün iddiaçı tərəfindən bütün aqrotexniki tədbirlər üçün (əkin, dərmanlama, biçin və.s) xərclər ödənilməklə, əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində alış qiymətinə uyğun İddiaçı MMC-nin xxxx filialına təhvil verməyi, filial isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının aqrotexniki tədbirlərə çəkilən borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini yerinə yetirməmiş və 41834,20 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 05.01.2021-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi barədə akt”dan görünür ki, 21.11.2019-cu il tarixli 26 nömrəli müqavilənin icrası ilə əlaqədar üzləşdirmə aparılmış və 2019-cu ilin pambıq mövsümündən 45085,53 manat qalıq borcun qaldığı, 2020-ci ildə bu məbləğin 48796,35 manat təşkil etdiyi, cavabdeh tərəfindən ödəniş edildiyi və 2020-ci ilin sonuna ümumilikdə 44091,70 manat məbləğində xidmət göstərildiyi və gübrə və pestisid verildiyi müəyyən edildi. Bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmışdır. İddiaçının nümayəndəsi və cavabdeh borc məbləğinin 41834,20 manat təşkil etməsi ilə bağlı ortaq razılığa gəlmiş, iddiaçı iddia tələbinin həcminin azaldılaraq həmin məbləği tələb etmiş, cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək borcunu etiraf etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, məhkəmə qətnaməsi tərəflərin iradəsinə uyğun olaraq qəbul edilməli və cavabdehin iddianı etiraf etməsi qətnamənin əsaslandırılması olaraq qəbul edilməlidir. MPM-in: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən və borcun etiraf edilməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. MPM-in: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı iddia tələbnin azaldılması barədə məhkəmə iclasında verdiyi ərizədə yalnız borc məbləğinin həcmini azaldaraq əsas borcu tələb etmiş və digər prosessual xərcləri tələb etməmişdir. İddiaçı mediasiya xərci 100 manat istisna olmaqla, yalnız ərizə üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmiş, digər məbləğlər üzrə 100 manat məbləğə dair qəbzlər təqdim etsə də, həmin məbləğlər elektron ərizədə öz əksini tapmamış və əvvəlki tarixlərə aid dövlət rüsumunun qəbzləri olmuşdur. Ona görə də iddiaçı tərəfindən yalnız 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi qəbul edilir. Ona görə də ödənilməli olan 224,71 manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənilən dövlət rüsumu çıxılmaqla, qalan hissədə təmin edilən tələbə mütənasib olaraq bölünməli, 185,5 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qalan hissə isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabeh Cavabdeh 41834,20 (qırx bir min səkkiz yüz otuz dörd manat iyirmi qəpik) manat tutularaq İddiaçınə ödənilsin. 185,5 (bir yüz səksən beş manat səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-126/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-126/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver