Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1260/2025 12.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul və dəymiş ziyan tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 dekabr 2022-ci il tarixli FAT-279 saylı “daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 yanvar 2025-ci il tarixə 559.38 manat gecikdirilmiş əsas, 406.86 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 393.65 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3268.20 manat, cəmi 4628.09 manat borc və ödənilmiş 66.69 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli FAT-279 saylı “daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33829 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 yanvar 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 3268.20 manat təşkil edir. Eyni zamanda Cavabdeh 16 dekabr 2022-ci il tarixli FAT-279 saylı “daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 yanvar 2025-ci il tarixə ümumilikdə 1359.89 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilmsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı “lizinq verən” İddiaçı MMC ilə “lizinq alan” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli FAT-279 nömrəli “daxili lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin məbləği 23750 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 4500 manat lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan 60 ay müddətində illik 18 % həcmində mükafat məbləği hesablanır. 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində və həmçinin bu müqavilə hər-hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli FAT-279 nömrəli “Daxili lizinq” müqaviləsinin ödəniş qrafikinə əsasən cavabdeh ümumi dəyəri 23750 manat olan lizinq predmentinin dəyərini 60 ay müddətinə, illik faiz dərəcəsi (mükafat məbləği) 18 % olmaqla, ikin ödəniş olaraq 4500 manat ödəmək şərti ilə, hər ay 488,82 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq predmenti olan “Chevrolet Cobalt LTZ” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli avtomobil Cavabdeh təhvil verilmiş və həmin akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
9. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir.
10. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə aralarında bağlanan lizinq müqaviləsi üzrə gecikdirilmiş 559,38 manat əsas, 406,86 manat mükafat (faiz) və 393,65 manat cərimə borcu olmaqla, cəmi 1359,89 manat borcu vardır.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktda “Chevrolet Cobalt LTZ” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan texniki nasazlıqlar aradan qaldırılmış və aktda həmin nasazlıqların təmir dəyəri öz əksini tapmışdır. Həmin təmir xərclərinin dəyəri ümumi 18 % ƏDV daxil olmaqla 3268,20 manat təşkil etmişdir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, texniki nasazlıqlar olduğu üçün İddiaçı MMC-nin saxlancına verilmişdir. Həmin akt İddiaçı MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır.
13. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB-198/0013 nömrəli xx.xx.2026-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, “Chevrolet Cobalt LTZ” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 3366 manat təşkil edir.
14. İddiaçı MMC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh qeyd olunan lizinq müqaviləsi üzrə borcun və dəymiş ziyan məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. V. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
Vl. Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
18. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli FAT-279 nömrəli “daxili lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan avtomobil cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas, mükafat (faiz) və cərimə borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Göstərilən hallar işin mübahisəsiz halıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas və mükafat borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən lizinq müqaviləsi üzrə 559,38, manat əsas və 406.86 manat mükafat borcu tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli FAT-279 nömrəli “daxili lizinq” müqaviləsi əsasında 27,96 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
20. Bundan başqa məhkəmə iddia tələbinin “avtomobilə dəymiş zərərə görə 3268.20 manatın iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli FAT-279 nömrəli lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir.
21. İş materiallarından müəyyən edilmişdir ki, lizinq alan yəni cavabdeh tərəfindən lizinq predmeti olan avtomobil iddiaçıya təhvil verilərkən onda texniki nasazlıqlar yaranmışdır. Bu nasazlıqlar iş materiallarında olan aktlarla və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Nəticədə məhkəmə belə qənaətə gəlir ki, lizinq predmenti lizinq müqaviləsinin şərtlərinə görə, iddiaçının mülkiyyətində olduğundan iddiaçının mülkiyyətində olan lizinq predmentinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lizinq predmenti olan avtomobilə dəymiş ziyanın məbləği müəyyən edilmiş, bu iş materialları və "xxxx" MMC qiymətləndirmə şirkətinin ekspert rəyində də öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməli lizinq predmeti olan avtomobilə dəymiş zərərə görə 3268.20 manat məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməmildir.
22. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmir.
23. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
24. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilmiş 62,62 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
25. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabına ödənilməlidir.
26. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 559.38 manat əsas borc, 406.86 manat mükafat borcu, 27,96 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3268.20 manat olmaqla, cəmi 4262,4 manat pul vəsaiti və ödənilmiş 62,62 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına (H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ********************, S.W.İ.F.T BİK: AllBAZ2X) hesabına ödənilməlidir.
Vİl. Nəticə:
27. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 559.38 manat əsas borc, 406.86 manat mükafat borcu, 27,96 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3268.20 manat olmaqla, cəmi 4262,4 manat pul vəsaiti və ödənilmiş 62,62 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına (H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ********************, S.W.İ.F.T BİK: AllBAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova