Məhkəmə qərarları › İş №e-2-2(117)-1275/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1275/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1275/2025 03.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh MMC-dən 08 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 65 185,03 manat, dövlət rüsumuna görə 285,55 manat məbləğində, ümumilikdə 65 470,58 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 noyabr 2018-ci il tarixində "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 71/2018 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, “satıcı” “alıcıya” tikinti materiallarını satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən, malın miqdarı, qiyməti, digər əlamətləri və xarakterik xüsusiyyətləri qaimə-fakturalar ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimə-fakturalar ilə müəyyənləşdirilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, “satıcı” müqaviləyə uyğun olaraq “alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 20 (iyirmi) təqvim günü ərzində malı “alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqavilənin şərtlərinə əsasən qiymət razılaşdırılmış və mallar təhvil verilmişdir. Qaimələr üzrə borc 65 185,03 manat təşkil edir. Lakin, 65 185,03 manat məbləğində borc bugünə qədər ödənilməmişdir. Müqavilə xx.xx.2018-ci il tarixinə qədər qüvvədədir. Lakin, müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilənin başa çatmasına 1 (bir) ay qalmış tərəflər müqaviləni ləğv etmək təşəbbüsü ilə çıxış etməzsə, müqavilə hər il növbəti təqvim ili üçün uzadılmış sayılır. Cavabdeh MMC tərəfindən müqavilənin 1.1, 1.2, 2.1, 4.1, 6.1 və 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Hazırda 65 185,03 manat ödənilməmiş borc qalmışdır. Göründüyü kimi Cavabdeh MMC alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Borcun qaytarılması ilə bağlı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 26 avqust 2025-ci il tarixdə elektron vergi sistemi vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki iddiaçı (satıcı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (alıcı) Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 71/2018 nömrəli “alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən (satıcı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) Cavabdehnə müqavilə üzrə nəzərdə tutulmuş tikinti materialları satmağı, cavabeh isə həmin malları qəbul edib müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 073681 nömrəli, xx.xx.2022-ci il tarixli 073682 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-ci il tarixli 079449 nömrəli, xx.xx.2023-cü il tarixli 079603 nömrəli, xx.xx.2023-cü il tarixli 081009 nömrəli, xx.xx.2023-cü il tarixli 081966 nömrəli, xx.xx.2023-cü il tarixli 082140 nömrəli, xx.xx.2023cü il tarixli 002587 nömrəli, xx.xx.2023-cü il tarixli 002583 nömrəli, xx.xx.2023-cü il tarixli 86309 nömrəli, xx.xx.2023-cü il tarixli 002707 nömrəli, xx.xx.2022-ci il tarixli 074912 nömrəli, xx.xx.2023-cü il tarixli 003642 nömrəli qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə aralarında bağlanan müqavilə üzrə tikinti materialları verilmişdir. Həmin malların ümumi dəyəri və adı qaimələrdə öz əksini tapmışdır. Qeyd olunan qaimələr iddiaçı və cavabdeh şirkətin nümayəndələri tərəfindən imzalanmışdır.

8. İş materiallarında olan 356864 nömrəli xx.xx.2022-ci il tarixli, 024107 nömrəli xx.xx.2023-cü il tarixli, 114233 nömrəli xx.xx.2023-cü il tarixli, 387153 nömrəli xx.xx.2023cü il tarixli, 078362 nömrəli xx.xx.2023-cü il tarixli, 167398 nömrəli xx.xx.2023-cü il tarixli, 440663 nömrəli xx.xx.2023-cü il tarixli, 865188 nömrəli xx.xx.2023-cü il tarixli, 963118 nömrəli xx.xx.2023-cü il tarixli, 376401 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələrdə iddiaçının cavabdehə müqavilə üzrə verdiyi malların adları, miqdarı, yekun qiymətləri və ümumi borc öz əksini tapmışdır. V. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

10. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.https://eqanun.az/framework/46837 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

Vİ. Məhkəmənin mövqeyi:

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

12. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləsindən irəli gələn öhdəliyini icra edərək malları cavabdehə təhvil vermiş, cavabdeh isə malların dəyərini tam ödəməmişdir. Bu hal iş materiallarında olan təhviltəslim aktları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

13. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2018-ci il tarixli 71/2018 nömrəli alqı-satqı müqaviləsi üzrə 65185,03 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 285,55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİl. Nəticə:

15. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabeh Cavabdehndən xx.xx.2019-ci il tarixli, 71/2018 nömrəli alqı-satqı müqaviləsi üzrə 65185,03 manat məbləğdə borc və 285,55 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar