Məhkəmə qərarları › İş №e-2-2(117)-1277/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1277/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1277/2025 28.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 1392-GL/16 nömrəli müqaviləin ləğv edilməsi və həmin müqavilə üzrə 2865 manat qalıq borc, 3399.71 manat cərimə borcu olmaqla, cəmi 6 264.71 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576.28 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 1392-GL/16 nömrəli müqaviləin ləğv edilməsi və həmin müqavilə üzrə 2865 manat qalıq borc, 3399.71 manat cərimə borcu olmaqla, cəmi 6 264.71 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576.28 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 1392- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 16 515 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2016-cı il tarixli 1392-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə№ 1) görünür ki, "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh 1 ədəd 29 000 manat dəyərində olan Traktor Belarus-892 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 11 475 manat müəyyən edərək 7 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilədək) və 1 ədəd 16 800 manat dəyərində olan Ot presləyən AG-SRB markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 5040 manat müəyyən edərək 5 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2021-ci ildədək) müəyyənləşdirilməsinə razılaşmışlar. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx.xx.2013-cü il tarixli akta əsasən 29 000 manat dəyərində şassi (zavod) nömrəsi 0004117, mühərrik nömrəsi 831554 olan Traktor Belarus-892, xx.xx.2016-cı il tarixli 16 nömrəli akta əsasən 16 800 manat dəyərində şassi (zavod) nömrəsi 151336, rəngi qırmızı, buraxılış ili 2015-ci il olan Ot presləyən AG-SRB markalı texnikalar lizinq alan Cavabdeh təhvil verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh borcundan xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 2365 manat olmaqla, ümumilikdə 2865 manat ödəniş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2016-cı il tarixli 1392-GL/16 nömrəli müqavilə məbləğindən 13650 manat ödəniş etmiş, 2865 manat qalıq borc, 3399.71 manat cərimə borcu hesablanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından isə göründüyü kimi cavabdeh tərəfindən qalıq borcu tam şəkildə ödənilmiş, lakin həmin borca hesablanmış cərimə borcundan ödəniş edilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı müqavilə üzrə gecikdirilmiş borca müvafiq olaraq 3399.71 manat cərimə borcu hesablamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əsas borcunu ödəyib və buna dair qəbzi məhkəməyə e-maillə göndərib. Cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına yarım saat gecikəcəyini bildirmiş və iclasda iştirak etməsi üçün məhkəmə iclasının yarım saat sonra başlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, akt, maliyyə arayışı, pretenziya məktubu, ödəniş qəbzi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 1392-GL/16 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq iddia tələbinin “xx.xx.2016-cı il tarixli 1392-GL/16 nömrəli müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin müqavilənin qüvvədə olmadığı müəyyən edildiyindən və artıq müqavilənin müddəti bitdiyi halda yenidən ləğv edilməsi əsaslı deyil. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 2865 manat qalıq borcun tələb edilməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh tərəfindən həmin borc tam şəkildə ödənilmişdir. Bu faktı iddiaçı da təsdiq etmişdir. İddia tələbinin “3399.71 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında müqavilə üzrə müəyyən münasibətlər yaranmış, hər iki tərəf müqaviləyə uyğun olaraq öz üzərlərinə müvafiq öhdəliklər götürmüş, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə ödənişi razılaşdırılmış müddətdə ödəməmiş, ancaq iddiaçı bununla bağlı məhkəməyə müraciət etdikdən sonra əsas borc üzrə ödənişi tam şəkildə etmişdir. Lakin hər bir halda ödənişin nəzərdə tutulmuş müddətdə edilməməsi iddiaçıya müəyyən məbləğdə zərər dəymə ehtimalını təsdiqləyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin əsas borcu tamamilə ödəməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 5%-i həcmində, yəni 143.25 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı tərəf cavabdeh Cavabdeh müqavilə üzrə gecikdirilmiş borca münasibətdə hesablanmış 143.25 manat cərimə borcunun tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 576.28 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin, hüquqi yardım göstərilməsi haqqında 507 nömrəli müqavilənin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 300 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilən hissəsinə uyğun ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 1392-GL/16 nömrəli müqavilə üzrə 143.25 manat cərimə borcu və hüquqi yardım üçün ödənilmiş 300 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar