Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1278/2024 27.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 1143,22 manat borc və 31.43 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1174,65 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən 1143,22 manat borc və 31.43 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1174,65 manat pulun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli ACA- MTE/xx.xx.2023/BR saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 3.6-cı bəndindən göründüyü kimi Cavabdeh malları təhvil aldıqdan sonra 20 (iyirmi) təqvim günü ərzində tam ödəməlidir. Lakin, cavadeh öhdəliyi bu günə qədər icra etməyərək həm öhdəliyin icra müddətini, həm də öhdəliyin vicdanlı icra tələbini pozmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı alıcının sifarişi əsasında “Mallar”ı alıcıya satır, alıcı isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, təchiz olunmuş “Mallar”la aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə “Tərəflər”in hər birinin tələbi ilə üzləşmə aktı tərtib oluna bilər. 3.1-ci bəndinə əsasən, bu müqavilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 3 il müddətində qüvvədədir. Hər bir halda müqavilə tərəflərin müqavilə üzrə öz üzərinə götürdükləri öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər biri digərini müqavilənin xitamı ilə əlaqədar müqavilənin müddətinin bitməsinə 15 gün qalmış qabaqcadan yazılı xəbərdarlıq etməzsə müqavilə növbəti 3 il üçün uzadılmış hesab olunur. 3.2-ci bəndinə əsasən, Müqavilənin ümumi dəyəri maliyyə-mühasibatlıq sənədləri əsasında müəyyən edilir. Bu müqavilənin həcmi, verilmiş “Mallar”ın sayı, miqdarı, çeşidi və qiymətləri göstərilmiş qaimə-fakturalarla və ya yol qaimələri ilə, təhvil-təslim aktları və ya hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmiş üzləşmə aktlarına əsasən müəyyən olunur. 3.3-cü bəndinə əsasən, satıcı ilə alıcı arasında yaranmış borc öhdəlikləri mütəmadi olaraq, ən azı 2 ayda bir dəfədən az olmayaraq üzləşmə aktı ilə təsdiqlənir və bu üzləşmə aktı hesablaşma üçün əsas sənəd kimi qəbul edilir. Tərəflərdən hər hansı birinin tələbi ilə istənilən anda tərəflərin iştirakı ilə üzləşdirmə aktları tərtib oluna bilər. 4.4.4-cü bəndinə əsasən, alıcı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə qeydşərtsiz əməl etmək barədə öhdəlik götürür İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktından müəyyən olunur ki, borclunun nəzərdə tutulan tarixə 1143.22 manat borcu mövcuddur. Həmin üzləşmə aktı iddiaçının və cavabdehin özləri və ya nümayəndələri (cavabdehin ticarət nöqtəsi üzrə məsul şəxs Emil Səlimov) tərəfindən imzalanaraq təsdiqlənmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, nəzərdə tutulan müqaviləyə əsasən cavabdehin 1143.22 manat borcu var. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qeyd olunan məbləğ borclu Cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş və sözügüdən borc məbləğinin xx.xx.2024-cü il tarixindən 2 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Əks halda tələb olunan məbləğin borcludan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildiriş poçt vasitəsilə cavabdehə (atasına) ünvanı üzrə təqdim edilməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, maliyyə arayışı, qarşılıqlı üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tələbinə görə satıcı alıcının sifarişi əsasında “Mallar”ı alıcıya satır, alıcı isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Alıcı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməyi öhdəsinə götürür. Satıcı ilə alıcı arasında yaranmış borc öhdəlikləri mütəmadi olaraq, ən azı 2 ayda bir dəfədən az olmayaraq üzləşmə aktı ilə təsdiqlənir və bu üzləşmə aktı hesablaşma üçün əsas sənəd kimi qəbul edilir. Tərəflərdən hər hansı birinin tələbi ilə istənilən anda tərəflərin iştirakı ilə üzləşdirmə aktları tərtib oluna bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, nəzərdə tutulan müqaviləyə əsasən cavabdehin 1143.22 manat borcu var. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qeyd olunan məbləğ borclu Cavabdeh tərəfindən ödənilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktından müəyyən olunur ki, borclunun nəzərdə tutulan tarixə 1143.22 manat borcu mövcuddur. Həmin üzləşmə aktı iddiaçının və cavabdehin özləri və ya nümayəndələri (cavabdehin ticarət nöqtəsi üzrə məsul şəxs Emil Səlimov) tərəfindən imzalanaraq təsdiqlənmişdir.
Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş 1143.22 manat borcu yaranmışdır ki, iddiaçı nəzərdə tutulan borcun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəf məhkəmə bildirişini alsa da, sadələşdirilmiş icraat çərçivəsində iddia tələbinə hər hansı münasibət və ya etiraz bildirməmiş, borcun əsaslı və ya əsassız olması ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Məhkəmə bu səbəbdən iddiaçının təqdim etdiyi sübutlar əsasında mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 31.43 manat dövlət rüsumu ödənildiyindən və iddia təmin edildiyindən 31.43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1143,22 manat borc və 31,43 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov