Məhkəmə qərarları › İş №e-2-2(117)-1278/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1278/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1278/2025 28.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilələrin ləğv edilməsi və xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə üzrə 1608 manat qalıq borc, 1595.14 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə üzrə 2 720 manat qalıq borc, 1092.80 manat cərimə borcu, hüquqi yardım üçün ödənilmiş 576.28 manat pul olmaqla, cəmi 7592.22 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilələrin ləğv edilməsi və xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə üzrə 1608 manat qalıq borc, 1595.14 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə üzrə 2 720 manat qalıq borc, 1092.80 manat cərimə borcu, hüquqi yardım üçün ödənilmiş 576.28 manat pul olmaqla, cəmi 7592.22 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 18 570 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh 1 ədəd 37 500 manat dəyərində olan Traktor Belarus-1221 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 15 000 manat müəyyən edərək 7 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2023-cü ildədək), 1 ədəd 3200 manat dəyərində olan Kotan 5 gövdəli AG-14-5 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 271 manat müəyyən edərək 1 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək), 1 ədəd 2700 manat dəyərində olan Yemqıran qoşulan KT-26 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 859 manat müəyyən edərək 3 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək), 1 ədəd 6100 manat dəyərində olan Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 2440 manat müəyyən edərək 5 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək) müəyyənləşdirilməsinə razılaşmışlar. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx.xx.2014-cü il tarixli akta əsasən 37 500 manat dəyərində olan Traktor Belarus-1221, 3200 manat dəyərində olan Kotan 5 gövdəli AG-14-5, xx.xx.2014-cü il tarixli akta əsasən 2700 manat dəyərində olan Yemqıran qoşulan KT-26 və xx.xx.2015-ci il tarixli akta əsasən 1 ədəd 6100 manat dəyərində olan Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnikalar lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2244- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 7 165 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə№ 1) görünür ki, "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh 1 ədəd 2550 manat dəyərində olan Kotan 4 gövdəli təkərli P4 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 765 manat müəyyən edərək 2 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2018ci ilədək) və 1 ədəd 32 000 manat dəyərində olan Traktor Belarus-892 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 6400 manat müəyyən edərək 10 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2026-cı ildədək) müəyyənləşdirilməsinə razılaşmışlar. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx.xx.2016-cı il tarixli akta əsasən 32 000 manat dəyərində olan şassi (zavod) nömrəsi 0006559, mühərrik nömrəsi 947319, rəngi göy, buraxılış ili 2016-cı il olan Traktor Belarus-892, xx.xx.2016-cı il tarixli akta əsasən 2550 manat dəyərində olan şassi (zavod) nömrəsi 18583, rəngi göy, buraxılış ili 2016-cı il olan Kotan 4 gövdəli təkərli P4 markalı texnikalar lizinq alan Cavabdeh təhvil verilmişdir. Hər iki müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə məbləğindən 4445 manat ödəniş etmiş, 2720 manat qalıq borc, 1092.80 manat cərimə borcu hesablanmışdır. xx.xx.2016-cı il tarixli, 68-GL/16 nömrəli müqavilə məbləğindən 16962 manat ödəniş etmiş, 1608 manat qalıq borc, 1595.14 manat cərimə borcu hesablanmışdır. İşdə olan pretenziya məktubundan göründüyü kimi AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh müraciət edilərək müqavilələr üzrə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş və həmin pretenziya məktubu xx.xx.2025-ci il tarixdə cavabdehə çatdırılmışdır. Cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçı məhkəməyə müraciət edərək müqavilələrin ləğv edilməsini, hər iki müqavilə üzrə ödənilməmiş əsas borcları, eyni zamanda hesablanmış cərimə borclarının cavabdehdən tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdiklərini bildirdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, aktlar, maliyyə arayışı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli və xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin şərtinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq iddia tələbinin “xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilələrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş pretenziya məktubundan göründüyü kimi AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh müraciət edilərək, müqavilələr üzrə yaranmış qalıq borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçı tərəfindən bu barədə iradə ifadəsi birtərəfli qaydada pretenziya məktubu ilə ona bildirildiyindən xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə xx.xx.2025-ci il tarixdən ləğv olunmuş hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Lakin iddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilənin də ləğv edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı həmin müqavilənin qüvvədə olmadığı müəyyən edildiyindən və artıq müqavilənin müddəti bitdiyi halda yenidən ləğv edilməsi əsaslı deyil. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia tələbinin “xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə üzrə 1608 manat və xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə üzrə 2 720 manat qalıq borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qeyd edilən borcun mövcudluğu iş materialları ilə öz təsdqini tapır. Eyni zamanda iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş etmələri, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. İddia tələbinin “xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə üzrə 1595.14 manat və xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə üzrə 1092.80 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında müqavilə üzrə müəyyən münasibətlər yaranmış, hər iki tərəf müqaviləyə uyğun olaraq öz üzərlərinə müvafiq öhdəliklər götürmüş, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, ödənişin nəzərdə tutulmuş müddətdə edilməməsi iddiaçıya müəyyən məbləğdə zərər dəymə ehtimalını təsdiqləyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin əsas borcu vaxtında ödəməməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 5%-i həcmində, yəni xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə üzrə 80.4 manat və xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə üzrə 136 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilməli, eyni zamanda iddiaçı tərəf cavabdeh Cavabdeh xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə üzrə 1608 manat qalıq borc, 80.4 manat cərimə borcu və xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə üzrə 2 720 manat qalıq borc, 136 manat cərimə borcunun tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 576.28 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti, iddia icraatı çərçivəsində məhkəmə iclaslarında iştirak etməsi və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 500 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilən hissəsinə uyğun ödənilməli olan 58.40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 68-GL/16 nömrəli müqavilə üzrə yaranmış 1608 manat qalıq borc, 80.4 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2244-GL/16 nömrəli müqavilə üzrə yaranmış 2 720 manat qalıq borc, 136 manat cərimə borcu olmaqla, cəmi 4544,4 manat və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 58.40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar