Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1291/2024 17.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli müqavilə üzrə yaranmış 2157 manat əsas borc və 3238.23 manat cərimə borcu olmaqla ümumilikdə 5395.23 manat borcun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, müqavilə üzrə yaranmış 2157 manat əsas borc və 3238.23 manat cərimə borcu olmaqla ümumilikdə 5395.23 manat borcun cavabdehdən tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli iddianın dəqiqləşdirilməsi ərizəsində iddiaçı iddia “tələbinin xx.xx.2016-cı il tarixli müqavilə üzrə yaranmış 2157 manat əsas borc və 3238.23 manat cərimə borcu olmaqla ümumilikdə 5395.23 manat borcun cavabdehdən tutulması” kimi qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2286- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 3820 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. Müqavilənin 5.2-ci bəndinə əsasən lizinq verən lizinq alana xəbərdarlıq etməklə lizinq müqaviləsinə vaxtından əvvəl xitam verə bilər. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2016-cı il tarixli 2286-GL/16 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 9550 manat olan, Frez ağac arası becərən hidravlik asma EL-140 üzrə 1910 manat ödəniş edilmiş, güzəştdən sonrakı 3820 manat qalıq məbləği ilə 5 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 2157 manat əsas borc yaranmış və iddiaçı həmin borca 3238.23 manat cərimə borcu hesablamışdır. İş materialları kimi təqdim edilmiş xx.xx.2016-cı il tarixli təhvil-təslim aktından göründüyü kimi, El-140 markalı, 26690 şassi nömrəli texnika cavabdehə təhvil verilmiş və Cavabdeh həmin aktı imzası ilə təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh müqavilə məbləğindən cəmi 1663 manat ödəniş etmiş və onun nəticədə ödənilməmiş 2157 manat əsas borcu qalmışdır. İşə qanunvericiliyin tələbləri baxımından sadələşmiş icraat qaydasında baxılsa da, cavabdehin vəkili Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixində vəkil ərizəsi verilmiş və məhkəmə xx.xx.2024-cü il tarixli qərardadla iddia icraatına keçilmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizəni onunla əsaslandırmışdır ki, iddianı qəbul etmirlər, cavabdeh bütün borcunu ödəmiş və onun borcu qalmamışdır. Cavabdeh son ödənişi xx.xx.2018-cü il tarixində etmiş, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinin tələbinə görə iddiaçı tərəf müqaviləyə xitam vermək vəzifəsi daşıdığından müqaviləyə xitam verilmiş və bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia müddəti ötürülmüşdür, cavabdeh aldığı texnikanın pulunu ödəmişdir, uzun müddət keçdiyi üçün ödəniş sənədləri mövcud deyildir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2286-GL/16 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikasını verməyi, cavabdeh isə həmin texnikanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş 2157 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin “2157 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, EL-140 markalı texnikanın bir ədədinin qiyməti 9550 manat olmuşdur. İddiaçı 40% güzəşt tədbiq edərək həmin texnikanı cavabdehə 5730 manata satmışdır. Cavabdeh qeyd olunan məbləğdən 1910 manat ilkin ödəniş etmiş və qalıq 3820 manat pulu isə ödəniş qrafikinə əsasən xx.xx.2021-ci il tarixinədək ödəyib bitirməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixində son ödəniş olunmaqla, cavabdeh tərəfindən cəmi 1663 manat pul ödənilmişdir. Buradan aydın olunur ki, cavabdehin hazırki tarixə 2157 manat ödənilməmiş əsas borcu vardır. 3820 – 1663 = 2157 manat. Cavabdeh tərəfindən bütün borcun ödənildiyi bildirilsə də, bununla bağlı hər hansı ödəniş sənədi məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə cavabdehin 2157 manat əsas borcunun olduğunu qəbul edir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Düzdür, cavabdeh tərəfindən son ödəniş xx.xx.2018-ci il tarixində olunsa da, müqaviləyə xitam verilməsi barədə heç bir razılaşma olmamış, iddiaçı bununla bağlı cavabdeh tərəfə hər hansı bir iradə ifadəsi göndərməmiş, bununla da həmin müqavilə son ödənişdən sonrakı tarixdə də qüvvədə olmuşdur. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 5.1.5-ci bəndinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulmuş məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə 5.2-ci bəndə əsasən lizinq verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, Texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb edilən xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin Lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarına əsasən Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Beləliklə tərəflər arasında bağlanmış müqavilənin müddəti müqavilənin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən xx.xx.2021-ci il tarixi müəyyən edilmiş, tərəflər arasında olan müqavilə ödəniş edilməməsinə baxmayaraq iddiaçı tərəfdən qarşı tərəfə müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir xəbərdarlığın göndərilməsi sübuta yetirilmədiyindən, öhdəliklərin icra müddətinin bitmə anı xx.xx.2021-ci il tarixi müəyyən edildiyindən, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən 3 illik iddia müddəti ötürülməmişdir. İddia tələbinin “3238.23 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının icra müddəti xx.xx.2021-ci il tarixdə bitmiş müqavilə üzrə tələbi ilə məhkəməyə gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunveiciliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, müqavilə üzrə cavabdeh Cavabdeh 2157 manat əsas borc və 100 manat cərimə borcu tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli müqavilə üzrə yaranmış 2157 manat əsas borc və 100 manat cərimə borcu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov