Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1292/2023 19.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1601,16 manat borc və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 25 nömrəli alğısatqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Rüstəmli kəndində yerləşən 7 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 380 manat məbləğində şum, 56 manat məbləğində kanal çəkmə, 119 manat məbləğində ziq- zaq mala, 98 manat məbləğində mala, 84 manat məbləğində çiyid səpini, 169 manat məbləğində kultivasiya, 50 manat məbləğində dərman səpini, 500 manat məbləğində pambığın maşınla yığımı, 1330 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 104,28 manat məbləğində gübrə və dərman, 159,30 manat məbləğində çiyid, ümumilikdə, 3049,58 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 1820,57 manat məbləğində 2800,87 kq xam-pambıq təhvil vermiş, 1229,01 manat məbləğində borcu ödəməmişdir. Hazırki vəziyyətdə cavabdehin cəmiyyətə 1229,01 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması iş materiallarında olan ödəniş tapşırıqları, iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2019-cu il tarixli akt, aktlar, xx.xx.2019-cu il tarixli 191872 nömrəli və 2019-cu il aprel tarixli, 191704 nömrəli qaimə-fakturalarla öz təsdiqini tapır. Eyni zamanda iddiaçı 1229,01 manat borcla birlikdə ötən illərdən qalıq borc kmi 372,14 manat məbləğ nəzərə alınmaqla cəmi 1601,15 manat borcun ödənilməsini də tələb etsə də ötən illərdən 372,14 manat borcun olmasının təsdiqi kimi məhkəməyə sübut təqqdim edilməmişdir. İddiaçı borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq sonuncu borcunu ödəməkdən üzürsüz səbəblərdən yayındığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə ünvanı üzrə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Aktlar, Ödəniş tapşırıqları, Üzləşmə aktı, Qaimə-Fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk növbədə məhkəmə onu qeyd edir ki, 1601,15 manat borc tələbi 2 hissədən ibarət olmaqla iddianın birinci hissəsi 2019-cu il pambıq mövsümündən ödənilməmiş 1229,01 manat borcun ödənilməsi və ikinci hissəsi 2019-cu ildən əvvəlki illərdən qalıq borc kimi 372,14 manat borcun ödənilməsindən ibarətdir. 1229,01 manat borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin icrası ilə bağlı iddiaçı tərəfindən ümumi dəyəri 3049,58 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, dərman, toxum və avans verilmişdir. Cavabdeh tərəfindən 2800,87 kq pambıq təhvil verilmiş, verilmiş pambığın dəyəri olan 1820,57 manat borcundan cıxılmış və cavabdehin 1229,01 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması iş materiallarında olan ödəniş tapşırıqları, iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2019-cu il tarixli akt, aktlar, xx.xx.2019-cu il tarixli 191872 nömrəli və 2019-cu il aprel tarixli, 191704 nömrəli qaiməfakturalarla öz təsdiqini tapır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyini lazımınca icra etmədiyindən ödənilməmiş 1229,01 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin ötən illərdən qalıq borc kimi 372,14 manat borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında 2019-cu ildən öncəki illərdə hüquq münasibətlərin yaranmasına dair müqavilə, işlərin və xidmətlərin göstərilməsinə dair aktlar, qaimələr və s. habelə təhvil verilmiş xam-pambığın dəyərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, hüquq münasibətlərinin və 372,14 manat borcun yaranmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunması tələb olunmasına baxmayaraq iddiaçı tərəfindən tələb edilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, 372,14 manat borcun tutulmasına dair iddia tələbi sübut olunmadığından rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1229,01 manat borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən 1601,15 manat) ödənilməli dövlət rüsumu 36,01 manat təşkil edir ki, iddia tələbi qismən təmin edildiyindən həmin dövlət rüsumunun 8,37 manatı iddiaçıdan, 27,64 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı 60 manat mediasiya xərci ödədiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən 60 manat medasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1229,01 manat borc, 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 36,01 manat Dövlət rüsumunun 8,37 manatı İddiaçı MMC-dən, 27,64 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1292/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1292/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver