Məhkəmə qərarları › İş №e-2-2(117)-1297/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1297/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1297/2023 28.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “4288,03 manat borcun və 10 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında sement məhsullarının alqısatqısına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********817000 nömrəli çıxarışı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təşkilatı hüquqi forması İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmişdir. İddiaçı ASC tərəfindən tədqim edilmiş xx.xx.2022-ci il tarixli elektron qaimə və xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, cavabdehə 2047,95 manat dəyərində 12800 kq sement klass B və 2240,07 manat dəyərində 12800 kq sement klass A adda mallar təhvil verilmişdir. Eyni zamanda iş materiallarında olan maliyyə arayışından da göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçının tələb etdiyi məbləğdə borcu mövcuddur. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməmiş, ümumilikdə 4288,03 manat məbləğində ödənilməmiş borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə ünvanı üzrə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsi, xx.xx.2022-ci il tarixli elektron qaimə, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, tərəflər arasında sement məhsullarının alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən tədqim edilmiş xx.xx.2022-ci il tarixli elektron qaimə və xx.xx.2022ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən göründüyü kimi cavabdehə 2047,95 manat dəyərində 12800 kq sement klass B və 2240,07 manat dəyərində 12800 kq sement klass A adda mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən müəyyən olunduğu kimi adı göstərilən mallar cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və aktı imzalamaqla doğruluğunu təsdiq etmişdir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni əmtəə-nəqliyyat qaiməsi və maliyyə arayışı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alqı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdehin tələb olunan məbləğdə borcunun olması tərəflərin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsi ilə öz təsdiqini tapır. Bununla yanaşı cavabdeh iddia tələbinin əsaslı və ya əsassızlığına dair etirazını və bunu təsdiq edən sübutları qanunverciliklə müəyyən olunmuş müddət daxilində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və malların təhvil verildiyini təsdiq edən xx.xx.2022-ci il tarixli əmtəənəqliyyat qaiməsini imzalamaqla borcunu etiraf etdiyindən tələb olunan 4288,03 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (4288,03 manat) ödənilməli dövlət rüsumu 62,88 manat təşkil edir. İddiaçı tərəfindən dövlət büdcəsinə 3 manat ödənilmiş və iddiaçı həmin rüsumu tələb etməmişdir. Ödənilməmiş 59,88 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, ödənilmiş 3 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödəmiş və bunu tələb etmişdir. xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 50 manat ödənildiyini bildirmiş və 10 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bu səbəbdən də cavabdehdən 60 manat deyil 10 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4288,03 manat borc, 10 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilməmiş 59,88 manat Dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar