Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1313/2025 30.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə 6294 manat qalıq borc, 6771.29 manat cərimə borcu olmaqla, cəmi 13065.29 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576.28 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə 6294 manat qalıq borc, 6771.29 manat cərimə borcu olmaqla, cəmi 13065.29 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576.28 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 12 640 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə№ 1) görünür ki, "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh 1 ədəd 29 000 manat dəyərində olan Traktor Belarus-892 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 11 600 manat müəyyən edərək 9 il ödəmə müddəti (xx.xx.2015-ci ildən xx.xx.2024-cü ilədək), 1 ədəd 2 600 manat dəyərində olan Kotan 4 gövdəli AG-14-4 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 1040 manat müəyyən edərək 2 il ödəmə müddəti (xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək) müəyyənləşdirilməsinə razılaşmışlar. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx.xx.2015-ci il tarixli akta əsasən 29 000 manat dəyərində olan Traktor Belarus-892, 2600 manat dəyərində olan Kotan 4 gövdəli AG-14-4 markalı texnikalar lizinq alan Cavabdeh təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilə məbləğindən 6346 manat ödəniş etmiş, ödənilməmiş 6294 manat qalıq borcu qalmış, həmin məbləğə 6771.29 manat cərimə borcu hesablanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçı məhkəməyə müraciət edərək müqavilənin ləğv edilməsini, ödənilməmiş əsas borcun, eyni zamanda hesablanmış cərimə borcunun cavabdehdən tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiklərini, iddia tələbinin qanunsuz və əsassız olduğunu bildirmişdir. İddiaçı şişirdilmiş rəqəmlərlə iddia tələbini irəli sürmüşdür. Bundan başqa iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 2941-GL/15 nömrəli müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Hazırkı mübahisə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələbdir. Cavabdeh 3 ildən artıqdır ki, heç bir ödəniş etmir. AR Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. İddia tələbinin qanunsuz və əsassız olması ilə yanaşı, iddia müddəti ötürülməklə verildiyindən iş üzrə iddia tələbinin təmin edilməməsi üzrə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsinin iddia müddətinin keçməsi ilə bağlı ərizəsinə münasibətdə bildirmək istərdi ki, tərəflərindən təqdim edilmiş ödəniş sənədlərində cavabdeh tərəfindən ödənişlərin hamısı öz əksini tapmışdır. Həmin sənədlərdən görünür ki, cavabdeh 2024-cü il tarixdə də ödəniş etmişdir. Belə ki, iddia müddəti keçməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hüqüqlarını müdafiə etdiyi şəxs ödənişlər etmiş, qəbzlərin bir hissəsini tapa bilsə də, digərlərini tapa bilməmişdir. Belə ki, bu illər ərzində Cavabdeh bir neçə dəfə əməliyyat keçirmiş ona görə də ödənişləri xatırlamır. İddiaçı tərəfindən məbləğlər şişirdilmişdir. Ona görə də iş üzrə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, ödəniş cədvəlli, maliyyə arayışı, akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə həmin ərizəyə münasibətdə qeyd edir ki, cavavbdehin nümayəndəsi hazırkı iş üzrə mübahisənin vaxtaşırı icra edilməli öhdəliklərə aid olduğunu, cavabdeh tərəfindən 3 ildən artıq müddətdə heç bir ödənişin edilmədiyini bildirərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Lakin hazırkı iş üzrə yaramış mübahisə müqavilə münasibətlərindən əmələ gəlmiş və cavabdeh tərəfindən öhdəliklərinin icra edilməsi üçün konkret icra vaxtı (ödəniş qrafikindən göründüyü kimi müqavilənin son icra gününü xx.xx.2024-cü il) müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə müqavilələrin icra vaxtı bitdikdən sonra iddia müddətinin axımı başlayır. Göründüyü kimi hər bir halda iddia müddəti ötürülməmişdir. İddia tələbinin “13xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin müqavilənin qüvvədə olmadığı müəyyən edildiyindən və artıq müqavilənin müddəti bitdiyi halda yenidən ləğv edilməsi əsaslı deyil. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia tələbinin “xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilə üzrə 6294 manat qalıq borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qeyd edilən borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda iş üzrə cavabdehin nümayəndəsi qalıq borcun artıq tələb edildiyini, cavabdeh tərəfindən ödənişlər edildiyini, sadəcə cavabdehin həmin dövrlərdə əməliyyat edildiyindən ödənişləri xatırlamadığını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etsə də, cavabdeh tərəf qeyd edilən borc məbləğindən artıq ödəniş etməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə hər hansısa sübut təqdim etməmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə borcunun olmadığını qeyd etsə də, sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. İddia tələbinin “xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilə üzrə 6771.29 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında müqavilə üzrə müəyyən münasibətlər yaranmış, hər iki tərəf müqaviləyə uyğun olaraq öz üzərlərinə müvafiq öhdəliklər götürmüş, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, ödənişin nəzərdə tutulmuş müddətdə edilməməsi iddiaçıya müəyyən məbləğdə zərər dəymə ehtimalını təsdiqləyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin əsas borcu vaxtında ödəməməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 5%-i həcmində, yəni 314.7 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı tərəf cavabdeh Cavabdeh 6294 manat qalıq borc, 314.7 manat cərimə borcunun tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 576.28 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti, iddia icraatı çərçivəsində məhkəmə iclaslarında iştirak etməsi və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 400 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 65.35 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilə üzrə 6294 manat qalıq borc, 314.7 manat cərimə borcu olmaqla, ümumilikdə 6608.7 manat və hüquqi yardım üçün ödənilmiş 400 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 65.35 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov