Məhkəmə qərarları › İş №e-2-2(117)-1318/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1318/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1318/2023 19.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “4541,05 manat borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-072 nömrəli alğı-satqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Malbinəsi kəndində yerləşən 5 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer (satıcı) tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində MMC-yə (alıcı) təhvil verməyi, sonuncu isə fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin sifarişi əsasında ona ötən illərdən qalıq borc kimi 67 manat nəzərə alınmaqla müqaviləyə 1 nömrəli Əlavə olan xx.xx.2022-ci il tarixli “X1”nda müəyyənləşdirilmiş qiymət əsas götürülməklə ümumilikdə 7597 manat dəyərində mal vermiş və işlər görmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, ümumi dəyəri 2964,95 manat olan 3706,19 kq xam pambıq təhvil vermiş, həmçinin 91 manat nəğd ödəniş etmiş, qalan borc məbləği ödənilmədiyindən cavabdehin 4541,05 manat məbləğində borcu qalmışdır. Borcun olması tərəflərin imzaları ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi barədə akt ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 4541,05 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə (qardaşına) ünvanı üzrə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Aktlar, Ödəniş tapşırıqları, X1, Üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-072 nömrəli alğı-satqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Malbinəsi kəndində yerləşən 5 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer (satıcı) tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində MMC-yə (alıcı) təhvil verməyi, sonuncu isə fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin sifarişi əsasında ona ötən illərdən qalıq borc kimi 67 manat nəzərə alınmaqla müqaviləyə 1 nömrəli Əlavə olan xx.xx.2022-ci il tarixli “X1”nda müəyyənləşdirilmiş qiymət əsas götürülməklə ümumilikdə 7597 manat dəyərində mal vermiş və işlər görmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, ümumi dəyəri 2964,95 manat olan 3706,19 kq xam pambıq təhvil vermiş, həmçinin 91 manat nəğd ödəniş etmiş, qalan borc məbləği ödənilmədiyindən cavabdehin 4541,05 manat məbləğində borcu qalmışdır. Cavabdehin iddia olunan məbləğdə (2021-ci il üzrə 4474,05 manat və ötən illərdən qalıq borc kimi 67 manat) borcunun olması tərəflərin imzaları ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi barədə akt ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və iş və xidmətlərin yerinə yetirilməsi barədə aktı imzalamaqla borcunu etiraf etdiyindən tələb olunan 4541,05 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 65,41 manat təşkil edir. İddiaçı tərəfindən dövlət büdcəsinə 4,52 manat ödənilmiş və iddiaçı həmin rüsumu tələb etməmişdir. Ödənilməmiş 60,89 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, ödənilmiş 4,52 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4541,05 manat borc, 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 60,89 manat Dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar