Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1328/2025 02.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 2677,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 84,2 manat, İcbari Tibbi Sığorta Fonduna olan 447,46 manat, dövlət büdcəsinə olan 1117,83 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2677,6 manat, İşsizlikdən Sığorta Fonduna 84,2 manat, İcbari Tibbi Sığorta Fonduna 447,46 manat, dövlət büdcəsinə 1117,83 manat borcu yaranmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2677,6 manat, İşsizlikdən Sığorta Fonduna 84,2 manat, İcbari Tibbi Sığorta Fonduna 447,46 manat, dövlət büdcəsinə 1117,83 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında tələbi qəbul etməyərək bildirmişdir ki, "xxxx" MMCnin direktrou vəzifəsini müvəqqəti icra edir, qeyd edilən müəsissə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 431 nömrəli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun tabeliyində olan müəsissələrin ləğv edilməsi qərara alınmışdır. Bu səbəbdən müəsissənin fəaliyyəti mövcud deyildir. Hazırkı vaxta müəsissənin rəhbəri olaraq heç bir səlahiyyəti həyata keçirə bilmir. Müəsissənin ayrı-ayrı şəxslərə borcları olması səbəbindən məhkəmə qərarlarının icrası üçün bütün hesablarına həbs qoyulmuş, müəsissənin idarəetməsi Ləğvetmə komissiyasına keçmişdir. O rəhbər olaraq qeyd edilən müəsissənin ləğv edilməsi üçün hazırlıq işlərinin getməsi səbəbindən istəsə də hər hansı vəsaiti ödəmək üçün hər hansı bir qərar qəbul etmək səlahiyyətində deyildir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçi tərəf məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçi tərəfin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan hüquqi şəxslərin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq, AR Prezidentinin 27 dekabr 2024-cü il tarixli sərəncamı, AR İqtisadiyyat Nazirliyinin 13 mart 2025-ci il tarixli əmrinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2677,6 manat, İşsizlikdən Sığorta Fonduna 84,2 manat, İcbari Tibbi Sığorta Fonduna 447,46 manat, dövlət büdcəsinə 1117,83 manat borcu yaranmışdır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Lakin, maraqlı şəxs tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilir ki, "xxxx" MMC hüquqi şəxs olaraq "xxxx" ASC-nin tabeliyində yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 431 nömrəli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun tabeliyində olan müəsissələrin ləğv edilməsi qərara alınmışdır. Hazırda isə ləğvetmə prosesi davam etdirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli əmri ilə qeyd edilən Cəmiyyətin və onun tabeliyində olan müəsissələrin ləğv eilməsi ilə bağlı Komissiya yaradılmışdır. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, qeyd edilən Səhmdar Cəmiyyətin səhmləri tam olaraq dövlətə məxsusdur. Mülki Məcəllənin: 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. Bundan əlavə maraqlı şəxs qeyd edilən müəsisənin rəhbəri olaraq həmin müəsissənin bank hesabları üzərinə həbs qoyulması səbəbindən, həmçinin əmlakının satılmaqla borclarının ödənilməsi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından maraqlı şəxsin ölkədən getmək hüququnun formal olaraq məhdudlaşdırılması onun konstitusion hüquqlarının pozulmasına şərait yaratmış olur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olduğundan həmin hüquqların əsassız məhdudlaşdırılması şəxsin konstitusion hüquqlarından biri olan azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Bu səbəbdən, sözügedən hüquq yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda və müvəqqəti olaraq məhdudlaşdırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. Avropa insan hüquqları məhkəməsi Azərbaycana qarşı tətbiq etdiyi bir çox qərarlarında, o cümlədən Demokratiya və X1 Mərkəzi və Mustafayev Azərbaycana qarşı (ərizələr nöm. 74288/14 və 64568/16) 14 oktyabr 2021-ci il tarixli Qərarında qeyd edir ki, vergi borcuna görə ölkədən çıxış məhdudiyyətləri tətbiq edilərkən, dövlət orqanları alternativ vasitələrdən istifadə etməli və məhdudiyyətin zəruriliyini əsaslandırmalıdırlar.Əks halda belə məhdudiyyətlər insan hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilər. Qeyd edilən halları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Hazırki iş üzrə ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu dövlətin hesabına aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 2677,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 84,2 manat, İcbari Tibbi Sığorta Fonduna olan 447,46 manat, dövlət büdcəsinə olan 1117,83 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılması barədə ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1328/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1328/2025
02.10.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver