Məhkəmə qərarları › İş №e-2-2(117)-133/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-133/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-133/2025 27.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2022-ci il tarixli, S35/22 saylı təchizat müqaviləsi əsasında 4587 manat əsas, 9495 manat dəbbə pulu və 132 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 14214 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S35 /22 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 4587 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu göndərilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 4587 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Təchizat Müqaviləsinin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli S35/22 saylı təchizat müqaviləsinə əsasən, təchizatçı alıcıya mal (bu müqavilə çərçivəsində spirtli məhsullar) satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli S35/22 saylı təchizat müqaviləsinin: 1.2-ci bəndinə əsasən, malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə əks olunur. 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların “təchizatçı” qüvvələr tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 8.1-ci bəndinə əsasən, müqavilə bağlandığı tarixdən hüquqi qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qalmış tərəflərdən heç birinin etirazı olmazsa müqavilə müddəti hər dəfə 1 il müddətinə uzadılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 28/24 nömrəli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh “Elit Market” iaşə obyekti üzrə İddiaçı MMC-yə qaimələr üzrə 5147.36 manat borcu yaranmış, həmin məbləğdən 560 manat ödəniş etmiş, 9495.84 manat məbləğində dəbbə pulu hesablanmış, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 14083.2 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 300032 saylı (141.95 manat), xx.xx.2022-ci il tarixli 303902 saylı (132.48 manat), xx.xx.2023-cü il tarixli 960688 saylı (148.68 manat), xx.xx.2023-cü il tarixli 143936 saylı (1597.89 manat), xx.xx.2023-cü il tarixli 350384 saylı (599.88 manat), xx.xx.2023-cü il tarixli 534093 saylı (1952.40 manat) və xx.xx.2023-cü il tarixli 472486 saylı (574.08 manat) “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 5147.36 manat məbləğində məhsul verilmişdir. İş materiallarına əlavə edilmiş təhvil qəbul sənədlərindən göründüyü kimi elektron qaimə-fakturalara uyğun olaraq 141.95 manat, 132.48 manat, 102.12 manat, 1597.89 manat, 599.88 manat, 1952.40 manat və 574.08 manat məbləğində məhsullar cavabdeh tərəfindən imzalanaraq təhvil alınmışdır. Lakin təhvil qəbul sənədlərindən birində məbəğ ilkin olaraq 148.68 manat yazılsa belə, həmin sənəddən göründüyü kimi təhvil zamanı “X9 1.0 L” adlı 3 ədəd ümumilikdə 46.56 manat dəyərində məhsul istisna edilmiş və cavabdeh həmin sənəd üzrə 102.12 manat məbləğində məhsul təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Satış üçün təqdim olunan malların geri qaytarılması” barədə aktdan görünür ki, 12 ədəd 100208 kodlu Vodka “Morosha” Karpatskie Ozera 0.5L, 12 ədəd 100209 kodlu Vodka “Morosha” Karpatskie Ozera 0.7L, 30 ədəd 100203 kodlu Vodka “Morosha” №1 0.25L, 12 ədəd 100201 kodlu Vodka “Morosha” №1 0.5L, 12 ədəd 100202 kodlu Vodka “Morosha” №1 0.7L, 6 ədəd 100206 kodlu Vodka “Morosha” №1 1.0L, 30 ədəd 100200 kodlu Vodka “Morosha” №2 0.25L, 12 ədəd 100204 kodlu Vodka “Morosha” №2 0.5L, 12 ədəd 100205 kodlu Vodka “Morosha” №2 0.7L, 6 ədəd 100207 kodlu Vodka “Morosha” №2 1.0L, 12 ədəd 100210 kodlu Vodka “Morosha” Sila Karpat 0.5L, 12 ədəd 100211 kodlu Vodka “Morosha” Sinevir 0.5L, 12 ədəd 100212 kodlu Vodka “Morosha” Sinevir 0.7L, 12 ədəd 100100 kodlu X11 0.5L, 9 ədəd 100101 kodlu X11 0.7L, 12 ədəd 100102 kodlu X4 0.5L, 9 ədəd 100103 kodlu X4 0.7L, 12 ədəd 100105 kodlu X12 0.5 L, 9 ədəd 100106 kodlu X12 0.7L, 12 ədəd 100313 kodlu X2 0.5L, 12 ədəd 100312 kodlu X2 0.7L, 12 ədəd 100315 kodlu X2 1.0L, 36 ədəd 100302 kodlu X15 0.5L, 36 ədəd 100300 kodlu X15 0.7L, 18 ədəd 100301 kodlu X15 1.0L, 30 ədəd 100305 kodlu X7 0.25L, 12 ədəd 100304 kodlu X7 0.5L, 12 ədəd 100303 kodlu X7 0.7L, 6 ədəd 100306 kodlu X7 1.0L, 30 ədəd 100308 kodlu X8 0.25L, 12 ədəd 100311 kodlu X8 0.5L, 12 ədəd 100307 kodlu X8 0.7L, 6 ədəd 100310 kodlu X8 1.0L, 12 ədəd 100318 kodlu X10 0.5L və 12 ədəd 100309 kodlu X10 0.7L adlı məhsullar Cavabdeh tərəfindən geri qaytarılmış, həmin akt İddiaçı MMC qismində satış təmsilçisi Əzizov Rəvan tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 861 nömrəli qarşılıqlı üzləşmə aktından göründüyü kimi iddiaçı cavabdehin ümumilikdə 5147.36 manat məbləğində borcu yarandığını, həmin məbləğdən 560 manat ödədiyini və yekun olaraq 4587.36 manat məbləğində borcu qaldığını qeyd etmiş, həmin aktın doğruluğunu nümayəndəsinin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiqləmişidir. Lakin aktdan göründüyü kimi Cavabdeh aktı imzalamamış, lakin təmsilçi Rəvan Əzizova nağd ödənişlə birlikdə qalıq malı siyahı ilə geri qaytardığını, həmin məhsulları şəxsən Rəvanın özünün apardığını, şirkətə borcunun qalmadığını qeyd etmiş və imzalamışdır. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, "xxxx" MMC ilə X5 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncunun xx.xx.2023-cü il tarixədək həmin müəsissədə satış təmsilçisi vəzifəsində işləmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli malların geri qaytarılması aktı araşdırılmış, lakin şirkətin informasiya bazasında belə bir akt mövcud deyil və həmin akt üzrə heç bir mal anbara geri qaytarılmamışdır. Akt cavabdeh və şirkətin keçmiş əməkdaşı Əzizov Rəvan arasında imzalanmış, qeyd olunan malların anbara mədaxil edilməsini təsdiq edən digər məsul şəxslərin (anbar müdiri, mühasibatlıq, direktor və s.) imzası mövcud deyil. Eyni zamanda aktda qeyd olunan 7 adda mal müştəriyə ümumiyyətlə satılmamış, 7 adda mal isə satılmış miqdardan çox sayda geri təhvil verilmişdir. X1 tərəf qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən öhdəlikləri yerinə yetirilərək müqavilə üzrə müəyyənləşdirilən məhsullar cavabdehə verilməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçıya borcu qalmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə məhkəmə baxışı iclasının dəfələrlə (2 dəfə) təxirə salınması, hazırkı işin məhkəməyə daxil olma tarixi, tərəflərin məhkəmə iclasına gəlməmələrinin üzürlü olmasına dair sübut təqdim etməmələri, eyni zamanda üçüncü şəxsin bu barədə məhkəməyə məlumat verməməsi hallarını nəzərə alaraq işə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında cavabdeh tərəfindən məhsulun qaytarılması barədə onlarda məlumat yoxdur və şirkətin bazasında da belə məlumat yoxdur. Cavabdeh əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçının ona təhvil verdiyi məhsulları müvafiq aktla geri qaytarmış və onun iddiaçıya borcu qalmamışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: təchizat müqaviləsi, elektron qaimələr, malların təhvil-qəbul sənədləri, ödəniş qəbzləri, malların geri qaytarılması barədə akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli S35/22 saylı təchizat müqaviləsinə əsasən təchizatçı alıcıya mal (bu müqavilə çərçivəsində spirtli məhsullar) satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəlikləri yerinə yetirilərək malların cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş 1262.66 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəməmiş, müəyyən miqdarını iddiaçıya geri qaytarmış və nəticədə onun hazırkı tarixə ödənilməmiş 1262.66 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş elektron qaimələr, malların təhvil-qəbul sənədləri, satış üçün təqdim olunan malların geri qaytarılması barədə akt, ödəniş qəbzləri və digər sənədlərin qarşılıqlı araşdırılması zamanı öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrə əsasən ümumilikdə 5147.36 manat məbləğində, malların təhvil-qəbul sənədlərinə əsasən isə ümumilikdə 5100.8 manat məbləğində məhsul Cavabdeh təhvil verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 960688 saylı elektron qaimə-fakturadan göründüyü kimi 148.68 manat məbləğində malın cavabdehə verildiyi öz əksini tapsa da, həmin elektron qaiməyə uyğun olan təhvil qəbul sənədindən görünür ki, ilkin olaraq həmin məbləğdə malın cavabdehə verilməsi nəzərdə tutulsa da, daha sonra təhvil zamanı 46.56 manat dəyərində olan “X9 1.0 L” adlı 3 ədəd malın təhvili istisna edilərək 102.12 manat dəyərində olan məhsul cavabdehə təhvil verilmişdir. Bundan başqa iddiaçı cavabdehin ümumi borcundan 560 manat məbləğində ödəniş etdiyini və 4587 manat məbləğində borcunun qaldığını bildirmişdir. Lakin göründüyü kimi iddiaçı bu məbləği hesablayarkən cavabdehə təhvil verilməmiş malın dəyərinidə nəzərə almışdır. Bundan əlavə olaraq cavabdeh məhkəməyə satış üçün təqdim olunan malların geri qaytarılması barədə aktı təqdim edərək bidirmişdir ki, ona təhvil verilən məhsulların bir qismini iddiaçıya geri qaytarmış, yerdə qalan borcu isə nağd şəkildə ödədiyini bildirmişdir. Qeyd edilən xx.xx.2023-cü il tarixli “Satış üçün təqdim olunan malların geri qaytarılması” barədə aktla elektron qaimə-fakturalar, malların təhvil qəbul sənədləri qarşılıqlı araşdırıldıqda aydın olmuşdur ki, cavabdeh tərəfindən ona təhvil verilən məhsulların müəyyən hissəsi geri qaytarılmışdır. Belə ki, malların geri qaytarılması barədə aktda adı qeyd edilən mallardan 12 ədəd 100209 kodlu Vodka “Morosha” Karpatskie Ozera 0.7L, 6 ədəd 100206 kodlu Vodka “Morosha” №1 1.0L, 6 ədəd 100207 kodlu Vodka “Morosha” №2 1.0L, 12 ədəd 100212 kodlu Vodka “Morosha” Sinevir 0.7L, 12 ədəd 100312 kodlu X2 0.7L, 12 ədəd 100318 kodlu X10 0.5L və 12 ədəd 100309 kodlu X10 0.7L adlı məhsullar hazırda iddiaçının əsasında borcunu tələb etdiyi təhvil qəbul sənədlərində öz əksini tapmamışdır. Lakin malların geri qaytarılması barədə aktda adı qeyd edilən digər mallar elektron qaimələr və təhvil qəbul sənədlərində adı qeyd edilən mallarla üst-üstə düşdüyündən həmin mallar cavabdeh tərəfindən satıcıya geri qaytarılmış hesab olunmalıdır. Bundan başqa malların geri qaytarılması barədə aktda 100100 kodlu X11 0.5L, 100101 kodlu X11 0.7L, 100105 kodlu X12 0.5 L, 100106 kodlu X12 0.7L, 100305 kodlu X7 0.25L və 100308 kodlu X8 0.25L adlı məhsulların geri qaytarılma miqdarları təhvil verilmiş miqdardan daha artıq qeyd edilmişdir, məhkəmə bu hissədə hesab edir ki, təhvil qəbul sənədlərində həmin məhsulların miqdarı daha az olduğundan həmin məhsullar hazırkı işə aid hissədə geri qaytarılmış hesab edilməlidir. Bundan sonra geri qaytarılmış mallar nəzərə alınmadan borc hesablandıqda təhvil qəbul sənədləri əsasında təhvil verilmiş və dəyəri ödənilməmiş malların məbləği 1822.66 manat müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdime dilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, "xxxx" MMC ilə X5 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncunun xx.xx.2023-cü il tarixədək həmin müəsissədə satış təmsilçisi vəzifəsində işləmişdir. Məhkəmə qeyd edilən məhsulların Rəvan Əzizova cavabdeh tərəfindən qaytarılması məsələsinə münasibətdə qeyd edir ki, qeyd edilən şəxsin satış təmsilçisi kimi cavabdeh tanıdığından qeyd edilən məhsulları da ona geri qaytarmışdır. Cavabdeh onun buna səlahiyyətinin olmadığını bilə bilməzdi. Çünki ən azı iddiaçı bununla bağlı cavabdehə qeyd edilən satış təmsilçisini tanımadığını və onunla hər hansı əməliyyat aparılmasının qadağan edilməsi ilə bağlı sübut təqdim etməli idi. Bununla bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən sadə hesablama yolu ilə müəyyən edilir ki, iddiaçının cavabdehə təhvil verilmiş ümumi olaraq (5147 manat təhvil verilən malın, faktiki təhvil verilməyən 46.56 manat dəyərində olan malı çıxmaqla) 5100,8 manat iddiaçı isə üzləşmə aktında (özünün təsdiq etdiyi) təhvil verilmiş mallardan cavabdehin 560 manat məbləğində ödənişin edilməsini nəzərə aldığından iddiaçının tələb etdiyi 4 540,8 manat olmuş, qeyd edilən məbləğdən isə cavabdeh tərəfindən geri qaytarılmış 3 278,14 manat məbləğində məhsul iddiaçıya geri qaytarılmış, həmin məbləğ də nəzərə alınmaqla cavabdehin 1262.66 manat məbləğində borcu qalmışdır. Ona görə də məhkəmə cavabdehin əsas borc üzrə 1262,66 manat məbləğində borcunun qaldığını müəyyən edir. Məhkəmə iddia tələbinin “9495 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə işin faktiki hallarını, tərəflər arasında uzunmüddətli işğuzar münasibətlərin olmasını, tərəflərin əmlak mənafeləri baxımından müqavilə üzrə əsas borcun 5%-i həcmində, yəni 91.13 manat cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Bundan başqa iddiaçı tərəf “Satış üçün təqdim olunan malların geri qaytarılması” barədə akta münasibətdə həmin aktın şirkətin informasiya bazasında mövcud olmadığını, onun əsasında heç bir malın anbara geri qaytarılmadığını, aktı digər məsul şəxslərin imzalamadığını bildirsə də, məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfin həmin dövrdə satış təmsilçisi vəzifəsini yerinə yetirən Əzizov Rəvan şəxsən imzalamış və bu təhvil-təhsil sənədlərinə uyğun olaraq qeyd edilən məhsulların cavabdeh tərəfindən geri qaytarılması kimi əsas götürməlidir. Eyni zamanda cavabdeh tərəf ödənişi tam şəkildə ödədiyini, borcunun qalmadığını bildirsə də, məhkəməyə bunu əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri) Yekun olaraq məhkəmə o qənaətə gəlmişdir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə yaranmış 1262.66 manat əsas, 91.13 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 132 manat olmalıdır. İddiaçı tərəfindən 132 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi qismən təmin edildiyindən 12,57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 119.43 manat məbləğində dövlət rüsumu iddiaçıya adi edilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1822.66 manat əsas, 91.13 manat dəbbə pulu və ödənilmiş 17.94 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar