Məhkəmə qərarları › İş №e-2-2(117)-1331/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1331/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1331/2023 24.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “cavabdehdən 6878 manat pulun və ödənilmiş 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən 6878 manat pulun və ödənilmiş 100 manat mediasiya xərcinin tutulması” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi inzibati ərazi vahidində, yəni Şəki şəhərində xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və xx.xx.2022-ci il tarixdən fəaliyyət göstərən Şəki 1 X1 olmasına baxmayaraq işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, mediasiya prosesi Bakı şəhərində təşkil edilmiş və Bakı 2 X1 tərəfindən xx.xx.2023-cü il tarixli “Mediasiya sessiasında iştrak edilməməsi barədə” arayış verilmişdir. Eyni zamanda tərəflərin mediatorun seçilməsi barədə razılıqlarının olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi tərəflərin mediatorun seçilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq iddiaçı və ya Mediasiya Şurası tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mediasiya təşkilatı iddiaçı tərəfindən deyil, Mediasiya Şurası tərəfindən seçilmiş olsa belə, bu hal iddiaçını yuxarıda sadalanan qanunvericilik üzrə məsuliyyətdən azad etmir və Mediasiya Şurası qanunvericiliyin tələblərinə zidd mediasiya təşkilatını seçə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, istər iddiaçı, istərsə də Mediasiya Şurası tərəfindən seçilmiş olmasından asılı olmayaraq mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, Bakı 2 X1 hazırki mübahisə üzrə mediasiya prosesini həyata keçirmək səlahiyyəti olmadığından və bununla da seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməmişdir. Bu səbəbdən də məhkəmə mediasiya prosesi nəticəsində Bakı 2 X1 tərəfindən verilmiş arayışı mediasiya prosesinin keçirilməsi ilə bağlı sübut qismində qəbul etmir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar (Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinin tələblərinə riayət etməklə) aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “cavabdehdən 6878 manat pulun və ödənilmiş 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar