Məhkəmə qərarları › İş №e-2-2(117)-1331/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1331/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1331/2024 15.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “6290.87 manat borcun və 82.91 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “6290.87 manat borcun və 82.91 manat məbləğində dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 20 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 104 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Zərdab rayonu, Bəyimli kəndində yerləşən 20 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi, əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi, onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 848,00 manat məbləğində çöp doğrama, 1241,60 manat məbləğində şum, 897,00 manat məbləğində rotor mala, 901,00 manat məbləğində mala, 132,00 manat məbləğində kanal çəkmə, 962,00 manat məbləğində çiyid səpini, 494,00 manat məbləğində kultivasiya, 585,00 manat məbləğində dərman səpini, 1875,00 manat məbləğində pambığın kombaynla yığımı, 8500,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2296,00 manat məbləğində gübrə və dərman, 4300,80 manat məbləğində toxumluq çiyid, 240,00 manat məbləğində əlavə xərclər, pambığın yığımına görə ödənilən 852,46 manat avans, ötən illərdən ödənilməmiş 6,80 manat borc nəzərə alınmaqla, ümumilikdə, 24131,66 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 24131.66 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə xx.xx.2023-cü il tarixli aktda öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 8304.15 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən 15827.51 manat dəyərində olan 20149.52 kq xam-pambıq iddiaçıya təhvil verilmişdir. Nəticədə 2013.28 manat məbləğində ödəniş də nəzərə alınmaqla cavabdehin müqavilə üzrə 6290.87 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 6290.87 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, müqavilə, aktlar, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında olan müqavilə mahiyyət etibarı ilə podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 20 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 104 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Zərdab rayonu, Bəyimli kəndində yerləşən 20 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 8304.15 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. İddiaçı tərəf cavabdehin təsərrüfat dövründə təhvil verdiyi 15827.51 manat dəyərində xam pambığın və 2013.28 manat məbləğində nağd ödənişin olduğunu qeyd edərək ümumilikdə 6290.87 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından da göründüyü kimi tərəflər aralarında həmin aktla müqavilənin icrası ilə bağlı akt tərtib edildiyi tarixə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aparmış, üzləşmə cavabdeh tərəfindən imzalanmış, pambığın becərilməsinə görə ümumilikdə 24131.66 manat xərc çəkilmiş, cavabdeh tərəfindən 15827.51 manat dəyərində xam-pambıq qaytarılmış, eyni zamandaqalan məbləğ ödənilmədiyindən yekun borc 8304,15 manat (24131.66 – 15827.51= 8304,15) müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh tərəfindən nağd şəkildə ödənilmiş 2013.28 manat məbləğ nəzərə alınarsa, nəticədə cavabdehin 6290.87 manat qalıq borcu yaranmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilərək 6290.87 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəmə icraatı barədə məlumatlı olsa da, iddia barədə hər hansı bir etiraz və ya vəsatət təqdim etməmiş, iddia tələbi ilə razı olmadığını bildirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən əlavə araşdırma aparılmamış, iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 82.91 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6290.87 manat borc və 82.91 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar