Məhkəmə qərarları › İş №e-2-2(117)-1336/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1336/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1336/2024 28.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh Qəzeti Redaksiyasına qarşı “114.85 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh Qəzeti Redaksiyasına qarşı “114.85 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı rabitə xidməti göstərməyi, cavabdeh isə həmin xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh rabitə xidmətinin dəyərini ödəməmiş və onun ödənilməmiş 114.85 manat borcu yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə 000326 nömrəli “telekommunikasiya xidmətlərin göstərilməsi ilə bağlı müqavilə” bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı, abunəçini müəyyən edilmiş standart, norma və qaydalara uyğun olaraq keyfiyyətli və fasiləsiz telekommunikasiya xidmətləri ilə təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən cavabdeh tərəf istifadə etdiyi telekommunikasiya xidmətlərinin ödəniş haqların müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4-cü bəndinə əsasən telefon rabitəsi, multimedia və internet xidmətlərindən istifadəyə görə aylıq abunə haqqı cari ayın 05-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 05-dək ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. Məhkəməyə təqdim edilmiş müqaviləyə əlavədən də görünür ki, telefon çəkilişinə görə aylıq abunə haqqı 7.35 manat, internet xidmətinə görə isə aylıq abunə haqqı 10 manat müəyyən edilmişdir. Əlavə olaraq iş materiallarına əlavə edilmiş 2 ədəd cədvəldən də görünür ki, cavabdehin abonə haqqı üzrə 124.85 manat borcu mövcuddur. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023cü il tarixinə cəmi 124.85 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehin qeydiyyat ünvanına poçt vasitəsilə çatdırılsa da, cavabdeh tərəfindən iddia ərizəsinə heç bir etiraz bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, əlavə, cədvəllər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2018ci il tarixdə 000326 nömrəli “telekommunikasiya xidmətlərin göstərilməsi ilə bağlı müqavilə” bağlanmışdır. Məhkəməyə təqdim edilmiş müqaviləyə əlavədən də görünür ki, telefon çəkilişinə görə aylıq abunə haqqı 7.35 manat, internet xidmətinə görə isə aylıq abunə haqqı 10 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmuş cədvəllərdən görünür ki, cavabdehin telefon abunəliyi üzrə 8 aylıq abunə borcu olan 58.8 manat borcu olmuş və həmin borcdan 13.95 manat ödəniş edilmişdir. Nəticədə cavabdehin telefon borcu üzrə 44.85 manat borcu qalmışdır (7.35 x 8 = 58.8, 58.8 - 13.85 = 44.85). Eyni zamanda cavabdehin internet abunəliyi üzrə 8 aylıq 80 manat borcu olmuş, həmin borcdan isə cəmi 10 manat ödəniş olunmuşdur. Bununla da cavabdehin internet haqqı üzrə 70 manat borcu qalmışdır (10 x 8 = 80, 80 – 10 = 70). Düzdür məhkəməyə təqdim olunmuş maliyyə arayışında cavabdehin 124.85 manat borcunun olduğu bildirilsə də, hesablamadan da göründüyü kimi cavabdehin hazırki dövrə 114.85 manat borcu mövcuddur. Həmçinin iddiaçı tərəf iddia ərizəsində də cavabdehdən abunə borcu üzrə 114.85 manat borcun tutulmasını tələb etmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 114.85 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Qəzeti Redaksiyasından 114.85 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar