Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1344/2024 17.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan 3014,28 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,29 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA0639529, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan fiziki şəxs öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə 3014,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,94 manat, İcbari Tibbi Sığorta Fonduna 1,29 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs dövlət büdcəsinə 3014,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,94 manat, İcbari Tibbi Sığorta Fonduna 1,29 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün qeyd edilən fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, vergi orqanına yaranan borcu gec bilmiş, qızı Əliyeva Damla 9 aydır ki, hüss xəstəliyindən əziyyət keçir. Bu xəstəlik respublikada cəmi 3 uşaqdadır. İcbari Tibbi Sığorta Agentliyi müalicəni qarşılamadığından məcbur olub bütün xərcləri özü qarşılamışdır. İndiyə kimi 150 000 manata yaxın vəsait xərcləmişdir. Uşağa hər 15 gündən bir iynə vurulur. Bir iynənin dəyəri 1800 manat təşkil edir. Buna görə də vergi borcunu ödəyə bilməmişdir. Uşağın Türkiyədə müalicəsi var. Hazırda imkanı olmadığı üçün apara bilməmişdir. Yaxın vaxtlarda iynəni vurdurduqdan sonra uşağın müalicəsi üçün Türkiyəyə getmək fikri var. Ərizənin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xəstəlik haqqında sənədlərdən və epikrizdən görünür ki, maraqlı şəxsin övladına FMFvə atipik HÜS diaqnozu, həmçinin kəskin böyrək çatışmazlığı, ağciyər ödəmi, hemolitik ürək sindromu diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixli epikrizdən də göründüyü kimi uşağın anasının bildirdiyinə görə uşaq xx.xx.2024-cü il tarixdən xəstədir. Uşağın xəstəliyi ilə əlaqədar Şəki R.M.X-yə müraciət etmişdilər. Ambulator və stasionar müalicə alıb. Müayinələr nəticəsində uşaqda anemiya və hiperbilirubinemiya görülmüşdür. Xəstəyə eritrositar və trombositar kütlə köçürülmüş, böyrək sınaqları yüksək olduğuna görə HÜS düşünülmüşdür. Ə.Qarayev adına 2 saylı UKX-ya köçürülmüş, uşağın vəziyyəti pisləşdiyinə görə valideynləri iltizamnamə imzalayaraq, müayinə və müalicədən imtina ediblər və BMP-yə gətirmişdilər. Bundan başqa X1 xəstəxanasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, 5000 ABŞ dolları dəyərində müalicə xərcləri maraqlı şəxs tərəfindən X1 xəstəxanasına ödənilmiş və həmin xəstəxanandan 1 aylıq müddət ərzində maraqlı şəxsin övladına münasibətdə edilən müayinələr köçürmə qərarı alınacağı təqdirdə 5000 ABŞ dolları paketin tərkibinə daxil olacağı, əks təqdirdə ayrı ödəniş ediləcəyi bildirilmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan fiziki şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə maraqlı şəxsin izahatını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifəsidir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi vergi ödəyicisi olan Maraqlı şəxs dövlət büdcəsinə 3014,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,94 manat, İcbari Tibbi Sığorta Fonduna 1,29 manat borcu vardır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Buna baxmayaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmamalıdır. Belə ki, maraqlı şəxsin məhkəmə iclasında verdiyi izahatından və təqdim etdiyi sənədlərdən görünür ki, maraqlı şəxsin qızı Əliyeva Damla 9 aydır ki, HÜS xəstəliyindən əziyyət keçir. Bu xəstəlik respublikada cəmi 3 uşaqdadır. İcbari Tibbi Sığorta Agentliyi müalicəni qarşılamadığından məcbur olub bütün xərcləri özü qarşılamışdır. İndiyə kimi 150 000 manata yaxın vəsait xərcləmişdir. Uşağa hər 15 gündən bir iynə vurulur. Bir iynənin dəyəri 1800 manat təşkil edir. Buna görə də vergi borcunu ödəyə bilməmişdir. Uşağın Türkiyədə müalicəsi var. Hazırda imkanı olmadığı üçün apara bilməmişdir. Yaxın vaxtlarda iynəni vurdurduqdan sonra uşağın müalicəsi üçün Türkiyəyə getmək fikri var. Təqdim edilmiş xəstəlik haqqında sənədlərdən və epikrizdən göründüyü kimi maraqlı şəxsin övladına FMF və atipik HÜS diaqnozu, həmçinin kəskin böyrək çatışmazlığı, ağciyər ödəmi, hemolitik ürək sindromu diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixli epikrizdən də göründüyü kimi uşağın anasının bildirdiyinə görə uşaq xx.xx.2024-cü il tarixdən xəstədir. Uşağın xəstəliyi ilə əlaqədar Şəki R.M.X-yə müraciət etmişdilər. Ambulator və stasionar müalicə alıb. Müayinələr nəticəsində uşaqda anemiya və hiperbilirubinemiya görülmüşdür. Xəstəyə eritrositar və trombositar kütlə köçürülmüş, böyrək sınaqları yüksək olduğuna görə HÜS düşünülmüşdür. Ə.Qarayev adına 2 saylı UKX-ya köçürülmüş, uşağın vəziyyəti pisləşdiyinə görə valideynləri iltizamnamə imzalayaraq, müayinə və müalicədən imtina ediblər və BMP-yə gətirmişdilər. Bundan başqa X1 xəstəxanasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, 5000 ABŞ dolları dəyərində müalicə xərcləri maraqlı şəxs tərəfindən X1 xəstəxanasına ödənilmiş və həmin xəstəxanandan 1 aylıq müddət ərzində maraqlı şəxsin övladına münasibətdə edilən müayinələr köçürmə qərarı alınacağı təqdirdə 5000 ABŞ dolları paketin tərkibinə daxil olacağı, əks təqdirdə ayrı ödəniş ediləcəyi bildirilmişdir. Göründüyü kimi hazırki vəziyyətdə maraqlı şəxsin onun övladının xəstəliyi ilə əlaqədar xarici ölkəyə müalicəyə getməsi halı mövcuddur ki, bununla bağlı təqdim edilmiş sənəddən də göründüyü kimi xəstəxanadan edilmiş 5000 ABŞ dolları ödəniş daxilində əlavə müayinələrin edilməsi üçün 1 ay müddət təyin edilmişdir. Belə olan halda uşağın səhhətində hər hansı bir narahatlıq olarsa və bu səbəbdən ölkə xaricində müalicə alması zərurəti yaranarsa, bu halda dövlət büdcəsinə ödənilməmiş vergi, sosial sığorta və icbari tibbi sığorta borcunun ödənilməsinin təmin edilməsi üçün onun ölkədən çıxışına qoyulan məhdudiyyət maraqlı şəxsin övladının sağlamlığına təhlükə yarada bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə maraqlı şəxsin uşağının hazırki xəstəliyi ilə əlaqədar ölkə xaricində müalicə alması ehtiyacı və bununla da sonuncunun həyat və sağlamlığının qorunması ödənilməmiş borclardan daha üstün təmin edilməsi zəruri olan dövlətin öhdəliyi olduğundan onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 71-ci maddəsinin 1-ci bəndinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 2-ci bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır ki, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizə rədd edilərək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmamalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə ərizəçi büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə rədd edildiyindən ödənilməmiş dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan 3014,28 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,29 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA0639529, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1344/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1344/2024
17.10.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver