Məhkəmə qərarları › İş №e-2-2(117)-1355/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1355/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1355/2024 07.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 41151,03 manat əsas borc, 8230,20 manat dəbbə pulu və 239 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 094/2023 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı bu müqaviləyə əlavələr əsasında (qiymətlərin razılaşdırma protokolu) tərəflər arasında razılşadırılacaq malları alıcıya satmağı, sonuncu isə həmin malları qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən mallar üzrə qiymət və müvafiq ödəniş şərtləri, bu müqavilənin əlavələri ilə müəyyən edilir. 9.3-cü bəndinə əsasən alıcı mallar üzrə ödənişi bu müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə satıcının hər gecikən gün üzrə ödənilməyən məbləğə görə alıcıya həmin məbləğin bir faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır, lakin bu məbləğ həmin borcun 20 faizindən artıq olmamalıdır. Təqdim edilmiş qiymətlərin razılaşdırma protokollarından görünür ki, cavabdehə təhvil verilməli malların dəyəri ümumilikdə 47166,33 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş malların təhvil qəbul aktları ilə ümumilikdə 47166,33 manat dəyərində mal cavabdehə verilmiş və bunun əsasında iddiaçı tərəfindən 440372 nömrəli, 828661 nömrəli, 034311 nömrəli, 276045 nömrəli, 973720 nömrəli, 750831 nömrəli, 732412 nömrəli elektron qaimə-fakturalar cavabdehə təqdim edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 41151,03 manat əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qiymətlərin razılaşdırma protokolu, Malların təhvil-qəbul aktı, Elektron qaimə fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600-cı maddəsinin 1-ci və 3-cü bəndləri). İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflər üçün həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, tərəflər arasında alğı-satqıdan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı satılmış malları cavabdehə təhvil vermiş və cavabdeh alınan malların dəyərindən qismən ödəniş etmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 094/2023 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavələr əsasında (qiymətlərin razılaşdırma protokolu) tərəflər arasında razılaşdırılacaq malları alıcıya satmış, sonuncu isə həmin malları qəbul etsə də, dəyərini qismən ödəmişdir. Təqdim edilmiş qiymətlərin razılaşdırma protokollarından görünür ki, cavabdehə təhvil verilməli malların dəyəri ümumilikdə 47166,33 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş malların təhvil qəbul aktları ilə ümumilikdə 47166,33 manat dəyərində mal cavabdehə verilmiş və bunun əsasında iddiaçı tərəfindən 440372 nömrəli, 828661 nömrəli, 034311 nömrəli, 276045 nömrəli, 973720 nömrəli, 750831 nömrəli, 732412 nömrəli elektron qaimə-fakturalar cavabdehə təqdim edilmişdir. İş üzrə ididaçı tərəfindən məhkəməyə təqdim edilmiş 440372 nömrəli, 828661 nömrəli, 034311 nömrəli, 276045 nömrəli, 973720 nömrəli, 750831 nömrəli, 732412 nömrəli elektron qaimə-fakturalara münasibətdə məhkəmə qeyd edir ki, həmin elektron qaimə-fakturalar orda adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil-təslim aktı, qiymətlərin razılaşdırma protokolu ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən ümumi dəyəri 47166,33 manat olan mallar cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 41151,03 manat əsas borcu qalmışdır. Göründüyü kimi iddiaçı təhvil verilmiş mallların qarşılığında ödənilməmiş 41151,03 manat qalıq borcu tələb edir ki, cavabdeh bunun əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən 41151,03 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 9.3-cü bəndinə əsasən alıcı mallar üzrə ödənişi bu müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə satıcının hər gecikən gün üzrə ödənilməyən məbləğə görə alıcıya həmin məbləğin bir faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır, lakin bu məbləğ həmin borcun 20 faizindən artıq olmamalıdır. Məhkəmə 8230,20 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh MMC borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 500 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 238,14 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız dəbbə puluna münasibətdə qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə edərək dəbbəni azaltmışdır. İddiaçı tərəfindən 239 manat dövlət rüsumu ödənilsə və həmin məbləği cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun 238,14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.86 mantat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 41151,03 manat əsas borc, 500 manat dəbbə pulu və 238,14 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar