Məhkəmə qərarları › İş №e-2-2(117)-1359/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1359/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1359/2024 14.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-in nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-in Cavabdeh MMC-yə qarşı “İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilənin ləğv edilməsi; İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə avans olaraq ödənilmiş və müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən qanunsuz olaraq cavabdeh - Cavabdeh MMC-də saxlanan 6.785,64 (altı min yeddi yüz səksən beş manat altmış dörd qəpik) AZN məbləğdə avans pul vəsaiti, həmin vəsaitin qanunsuz olaraq cavabdehdə saxlanmasına görə hesablanmış 416,91 (dörd yüz on altı manat doxsan bir qəpik) AZN olmaqla, ümumilikdə 7.202,55 (yeddi min iki yüz iki manat əlli beş qəpik) AZN məbləğdə pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 93 (doxsan üç) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh MMC-dən birdəfəlik qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 07/20 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (Star Petrol” MMC) bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş neft məhsullarını alıcıya satmağı, alıcı isə alqı-satqı predmetini qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 8.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə 06/24 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (Star Petrol” MMC) bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş neft məhsullarını alıcıya satmağı, alıcı isə alqı-satqı predmetini qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən alıcı alınmış malların dəyərini satıcı tərəfindən təqdim edilən sənəd (qaimə-faktura, hesab-faktura, vergi-hesab faktura) əsasında müəyyənləşdirilmiş qaydada köçürmə yolu ilə satıcıya 10 təqvim günü müddətində və ya əvvəlcədən tam ödəməyi öhdəsinə götürmüşdür. 8.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək qüvvədədir. xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən benzin Aİ-92 adda malın 1 litrinin dəyəri 1 manat, Benzin Aİ-95 Premium adda malın 1 litrinin dəyəri 2 manat, dizel yanacağının 1 litrinin dəyəri 0,80 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından da göründüyü kimi iddiaçı öhdəliklərini yerinə yetirmiş, buna baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən qalıq borcu 6785,64 manat təşkil etmişdir ki, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki müəssisənin möhürü ilə təsdiq edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə dəyəri razılaşdırılmış yanacaq mallarının qiymətini cavabdehə ödəmiş, buna dair ödəniş tapşırığı, üzləşmə aktı, elektron qaimə fakturaları məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 6785,64 əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçının onunla müqavilə hüquq münasibətlərinə davam etməkdə marağının itməsinə səbəb olmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini sistematik şəkildə icra etmədiyi üçün iddiaçı və cavabdeh arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilənin ləğv edilməsi, iddiaçının avans olaraq ödədiyi və hal-hazırda qanunsuz olaraq cavabdehin sahibliyində saxlanan 6785,64 manat məbləğdə pul vəsaiti, həmin vəsaitin qanunsuz olaraq cavabdehdə saxlanmasına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin müddəasına uyğun olaraq hesablanmış 416,91 manat olmaqla, ümumilikdə 7202,55 manat məbləğində pul vəsaiti cavabdehdən birdəfəlik qaydada tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əsas borcu cavabdeh tərəf üzləşmə aktı ilə təsdiq edir, eyni zamanda, Mərzəki Bankın uçot faiz dərəcəsi olaraq illik 7.25 faizlə bir il üçün əldən çıxma fayda istəyirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının veb səhifəsindn çıxarışdan müəyyən edilir ki, bank uçot dərəcəsi xx.xx.2024-cü il tarixdə 7,75 %, xx.xx.2024-cü il tarixdə 7,5% və xx.xx.2024-cü il tarixdə 7,25 % olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcu qəbul edirlər və ayda 1000 manat ödəyə biləcəklərini iddiaçı tərəfə bildirmişlər. Nümayəndələri rəhbərlikləri ilə danışmış, lakin onlar razı olmamış, məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Bir neçə şirkətə də külli miqdarda borcları var. Amma iddiaçı tərəfdən gördüyü münasibəti heç birindən görmədiklərini bildirmişdir. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri, qiymətlərin razılaşdırılması protokolu, üzləşmə aktı, elektron qaimə fakturalar, ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəlcə məhkəmə iddia tələbinin “İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilənin ləğv edilməsi” hisəssinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli alqı-satqı müqaviləsi 3 il müddətinə (xx.xx.2027-ci il tarixədək) bağlanmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd edilən müqavilə üzrə cavabdehdən ödənilməmiş qalıq borcu tələb etdiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli alğı-satqı müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli alğı-satqı müqaviləsi ləğv edilməlidir. Bundan başqa tələbin “6785,64 manat əsas borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə bağlanmış 06/24 nömrəli alğı-satqı müqaviləsinə əsasən alıcı isə alqı-satqı predmetinin dəyərini ödəsə də, satıcı (Star Petrol” MMC) bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş neft məhsullarını alıcıya satılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyini laızmınca yerinə yetirmədiyindən ödənilməmiş 6785,64 manat borcu qalmışdır ki, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki tərəfin möhürü əks olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə dəyəri razılaşdırılmış yanacaq mallarının qiymətini cavabdehə ödəmiş, buna dair ödəniş tapşırığı, üzləşmə aktı, elektron qaimə fakturaları məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 6785,64 manat əsas borcu qalmışdır ki, cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında borcu etiraf etmişlər. Bu səbəbdən 6785,64 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə fakturalara münasibətdə məhkəmə onu da qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların dəyərinin iddiaçı tərəfindən ödənilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı, qiymətlərin razılaşdırılması protokolu ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alqı-satqısı ilə bağlı münasibətlər olmuş və iddiaçı tərəfindən müqavilə üzrə almalı olduğu yanacaq məhsullarının dəyəri cavabdehə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan başqa məhkəmə “416,91 manat pulun da tutulması”na münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında 416,91 manat pulu əldən çıxmış fayda kimi 7.25 faiz dərəcəsi ilə tələb etdiklərini bildirmişdir ki, iddiaçı tələbinin bu hissəsini Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırır. Göründüyü kimi MM-in 449.1-ci maddəsi faiz ödənilməsini özündə əks etdirir ki, bu səbəbdən 416,91 manat pula münasibətdə məhkəmə tərəfindən əldən çıxmış fayda kimi deyil, özgəsinin pul vəsaitini qanunsuz saxlanılmasına görə ödənilməli faiz kimi hüquqi qiymət verilir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi hazırki iş üzrə iddiaçı müqavilə ilə ona satılmalı malların dəyərini ödəsə də, cavabdeh bunun qarşılığında malların təhvil verilməsini lazımınca təmin etmədiyindən ödənilməmiş borcu qalmış və həmin borcu iddiaçıya qaytarmamışdır. Bu səbəbdən 449-cu maddənin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı faiz tələb etməkdə haqlı olsa da, tələb edilən faiz borcunun məbləği nisbətən yuxarı olmuşdur. Belə ki, qanunvericilikdən də göründüyü kimi borc məhkəmə qaydasında tutulduğu zaman məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə tərəfindən Mərkəzi Bankı rəsmi veb səhifəsindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, bank uçot faiz dərəcəsi xx.xx.2024-cü il tarixdə 7,75 %, xx.xx.2024-cü il tarixdə 7,5% və xx.xx.2024-cü il tarixdə 7,25 % olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən faiz məbləğinin 7.25 % dərəcəsinə uyğun olaraq tələb etdiklərini bildirmiş, eyni zamanda bir il üçün hesabladıqlarını bildirmişdir. İddiaçı tərəf bir il üçün hesablasa da, iddiaçıya məxsus nə qədər pul vəsaitinin hansı vaxtdan cavabdeh tərəfindən qanunsuz saxlanması ilə bağlı dəlillərini məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının pul vəsaitinin cavabdeh tərəfindən qanunsuz saxlama vaxtının tərəflər arasında xx.xx.2024-xx.xx.2024cü il tarixlər arasında aparılmış əməliyyatlara görə qalıq məbləğə münasibətdə olan üzləşmə aktının imzalandığı vaxtı əsas götürür. Belə ki, məhkəmə tərəfindən adi hesablama aparıldıqda müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli 06/24 nömrəli alğı-satqı müqaviləsi bağlandığı tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 7 ay 22 gün üçün 7,25 % dərəcəsi ilə 6785.64 manat borca münasibətdə hesablanmış faiz 316,98 manat (6785,64 x 7.25 % = 491.96 manat - 1 il üçün; 491.96 / 12 = 40.99 manat – aylıq; 40.99 / 30 = 1,3663 – günlük; 7 x 40.99 = 286,93 manat, 22 x 1,3663 = 30.05, cəmi 7 ay 22 gün üçün (286.93 + 30.05 = 316.98 manat)) təşkil edir. Bu səbəbdən tələb bu hissədə qismən təmin edilərək 316.98 manat faiz borcu cavabdehən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən iddiaçı tərəfindən 93 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və sonuncu həmin məbləği cavabdehdən tələb etdiyindən 93 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən 6785,64 manat əsas borc, həmin vəsaitin cavabdehdə saxlanılmasına görə 316,98 manat pul və 93 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar