Məhkəmə qərarları › İş №e-2-2(117)-1360/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1360/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1360/2024 30.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “cavabdehdən 279 551.21 manat əsas borcun, illik 5 faizlə hesablanmış 17653.85 manat gecikdirmə borcunun, hüquqi yardım üçün ödənilmiş 1000 manat məbləğin və 588 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair əsas iddiasına, “X1” MMC-nin İddiaçı MMC-yə qarşı “xx.xx.2023cü il tarixli, OP/2023/009 nömrəli və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “cavabdehdən 279 551.21 manat əsas borcun, illik 5 faizlə hesablanmış 17653.85 manat gecikdirmə borcunun, hüquqi yardım üçün ödənilmiş 1000 manat məbləğin və 588 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında iki ədəd alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə əsasən ümumilikdə 431 365.37 manat dəyərində malların cavabdehə təhvil verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən 399 551.21 manat dəyərində mal cavabdehə təhvil verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilməmiş və nəticədə borcu yaranmışdır. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixində “X1” MMC İddiaçı MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli, OP/2023/009 nömrəli və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, müqavlələr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir, iddiaçı öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən, qarşılqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OP/2023/009 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, alıcının istifadəsində olan ünvan 1i ünvanında yerləşən 42 hektar torpaq sahəsində soğan və kartof bitkiləri üçün 1 dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OP/2023/009- 02 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, alıcının istifadəsində olan ünvan 2i ünvanında yerləşən 59 hektar torpaq sahəsində arpa və buğda bitkiləri üçün 1 dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.10-cü bəndinə əsasən alıcı sifariş təsdiqləndikdən sonra ödənişi 100% həcmində satıcının bank hesabına və ya nağd yolu ilə köçürür. Müqavilələrin 3.2.1.1-ci bəndinə əsasən satıcı sifarişi qəbul etdiyi anda alıcı üçün qiyməti ödəmək öhdəliyi yaranır. Müqavilələrin 4.3-cü bəndinə əsasən malın təhvil verilməsi hesab-faktura, qaiməfaktura və təhvil-təslim aktı ilə həyata keçirilir. Həmin sənədlərdən birinə alıcı tərəfindən imza çəkildikdə və ya elektron qaimə-faktura təsdiq edildikdə mal təhvil verilmiş hesab edilir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli müqavilələrə 1 nömrəli əlavələrdən görünür ki, OP/2023/009 nömrəli müqavilə üzrə suvarma sisteminin dəyəri 225665.62 manat, OP/2023/009-02 nömrəli müqavilə üzrə isə suvarma sisteminin dəyəri 205699.75 manat təşkil etmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron qaimə fakturalara əsasən 225665.62 manat və 205699.75 manat olmaqla suvarma sistemlərinin quraşdırılması ilə bağlı borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, OP/2023/009 nömrəli müqaviləyə əsasən cəmi 399551.21 manat dəyərində suvarma sistemləri cavabdehə təhvil verilmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 279551.21 manat əsas, 461 günlük gecikmə məbləği olan 17653.85 manat faiz borcu mövcuddur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə əsas iddia üzrə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında iki ədəd alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə əsasən ümumilikdə 431 365.37 manat dəyərində malların cavabdehə təhvil verilməsi nəzərdə tutulmuş, lakin 399 551.21 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən ümumilikdə 120000 manat ödəniş olunmuş lakin öhdəliklər tam şəkildə yerinə yetirilməmiş və nəticədə borcu yaranmışdır. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OP/2023/009 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, alıcının istifadəsində olan ünvan 1i ünvanında yerləşən 42 hektar torpaq sahəsində soğan və kartof bitkiləri üçün 1 dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OP/2023/009-02 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, alıcının istifadəsində olan ünvan 2i ünvanında yerləşən 59 hektar torpaq sahəsində arpa və buğda bitkiləri üçün 1 dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür. Cavabdeh tərəf öhdəliklərini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 279 551.21 manat əsas borcun tutulması” hissəsin münasibətdə hesab edir ki, iddiaçı həmin borcun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, hər iki müqavilə üzrə 431 365.37 manat dəyərində malların cavabdehə təhvil verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron qaimə fakturalara əsasən 225665.62 manat və 205699.75 manat olmaqla suvarma sistemlərinin quraşdırılması ilə bağlı borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, OP/2023/009 nömrəli müqaviləyə əsasən cəmi 399551.21 manat dəyərində suvarma sistemləri cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən ödənilmiş 120000 manat ödəniş nəzərə alınmaqla müəyyən olunur ki, cavabdehin həqiqətən də 279 551.21 manat əsas borcu vardır (399551.21 – 120000 = 279 551.21). Bundan başqa məhkəmə iddia tələbinin “illik 5 faizlə hesablanmış 17653.85 manat gecikdirmə borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Əlavə olaraq xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 279551.21 manat əsas, 461 günlük gecikmə məbləği olan 17653.85 manat faiz borcu mövcuddur. Bundan əlavə cavabdeh öhdəliyi icra etməli olduğu vaxt tərəflər arasında bağlanmış müqavilələrin 3.2-ci bəndinə əsasən satıcının qəbul etdiyi anda alıcı üçün qiyməti ödəmək öhdəliyi yaranır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından müəyyən edilir ki, cavabdehin qiyməti ödəmək öhdəliyi ən azı xx.xx.2024-cü il tarixdə yaranmışdır. Ona görə də iddiaçının həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək qeyd edilən ödənilməyən məbləğə münasibətdə MM-in 445.7-ci maddəsinə əsasən ən azı illik 5 % ödəmək öhdəliyi yaranır. Göründüyü kimi, qanunvericiliyin müvafiq tələbində faiz borcunun illik hesablanması nəzərdə tutulsa da, iddiaçı tərəfindən günlərə uyğun olaraq faiz borcu hesablanmışdır. Məhkəmə tərəfindən aparılan hesablamadan müəyyən olunur ki, cavabdehin illik 5%-lə hesablanmış faiz borcu 17471.93 manat təşkil edir. (279551.21 x 5% = 13977.56 13977.56 / 12 = 1164.79 1164.79 x 3 ay = 3494.37 13977.56 + 3494.37 = 17471.93). Yuxarıda göstərilən hesablamaya əsasən məhkəmə hesab edir ki, illik 5 faizlə hesablanmış 17471.93 manat gecikdirmə borcu cavabdehdən tutulmalıdır. Əlavə olaraq məhkəmə “X1” MMC-nin İddiaçı MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli, OP/2023/009 nömrəli və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına münasibətdə bildirir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, cavabdeh tərəf qarşılıqlı iddia ərizəsində müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini və iddiaçı tərəfin öhdəliklərini icra etmədiyini bildirmişdir. Bundan əlavə cavabdeh tərəf qarşılıqlı iddiasını əsaslandıra biləcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə praktikasında formalaşmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qəbul etdiyi qərarların təhlili nəticəsində müəyyən edilir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Ali məhkəmə orqanlarının qərarlarında qeyd ediir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmə cavabdehin qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarsızlığına əsas və ya səbəb ola biləcək qanunvericilikdə nəzərədə tutulan və yuxarıda sadlanan həm əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, həmçinin əqdin formasına dair şərtlərin mövcud olaması və ya qeyd edilən şərtlərin pozuntusu ilə bağlı arqumetlər irəli sürlüməmiş və belə hallar aşkar edilməmişdir. Buna görə də qarşılıqlı iddia bütövlükdə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini ödəmədiyindən və bu iş materiallarında olan sənədlərlə sübut olunduğundan cavabdehdən 279551.21 manat əsas və 17471.93 manat illik 5 faizlə hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən halla bağlı iddiaçı tərəf kifayət qədər sübut təqdim etmədiyindən və vəkilin işdə iştirakı nəzərə alınmaqla hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi bütövlükdə əsasən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 588 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi zamanı müəyyən olunmuş 100 manat ödənilməmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh “X1” MMC-dən 279551.21 manat məbləğində əsas borc, illik 5 faizlə hesablanmış 17471.93 manat gecikdirmə borcu, hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğ və 588 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. “X1” MMC-nin İddiaçı MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli, OP/2023/009 nömrəli və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilməmiş 100 manat dövlət rüsumu cavabdeh “X1” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar