Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1365/2024 21.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “2007.30 manat borcun, 400 manat cərimənin və 44.10 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “2007.30 manat borcun, 400 manat cərimənin və 44.10 manat məbləğində dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 14 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-041 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Yevlax rayonu, Səmədabad kəndində yerləşən 14 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 21369.66 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə xx.xx.2023-cü il tarixli aktda öz təsdiqini tapır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən 19112.34 manat məbləğində olan 25531.84 kq xam-pambıq iddiaçıya təhvil verilmiş və təsərrüfat dövründə müəyyən məbləğdə nəğd ödəniş edilmişdir. Nəticədə cavabdehin müqavilə üzrə 2007.30 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2007.30 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 2257.32 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19936 nömrəli ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçının hesabına pambıq borcu ilə bağlı 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, müqavilə, aktlar, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, müqavilənin adı “xam pambığın alqı-satqısına dair müqavilə” olsa da mahiyyət etibarı ilə tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 14 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-041 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Yevlax rayonu, Səmədabad kəndində yerləşən 14 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 2257.32 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Lakin iddiaçı tərəf cavabdehin təsərrüfat dövründə etdiyi nağd ödənişlərin olduğunu bildirərək ümumilikdə 2007.30 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19936 nömrəli ödəniş qəbzindən göründüyü kimi xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçının hesabına pambıq borcu ilə bağlı 100 manat ödəniş edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən 19112.34 manat məbləğində olan 25531.84 kq xam-pambıq iddiaçıya təhvil verilmiş və təsərrüfat dövründə müəyyən məbləğdə nağd ödəniş edilmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixdə iddiaçıya ödəmiş olduğu 100 manat məbləğ də nəzərə alınmaqla, cavabdehin müqavilə üzrə 1907.3 manat (2007.30-100=1907.3) borcu yaranmışdır. İddiaçı təsərrüfat dövründə cavabdeh tərəfindən nağd qaydada olunmuş ödənişi təsdiq edən sənədləri tam şəkildə məhkəməyə təqdim etməsə də, məhkəmə iddia tələbindən kənarlaşa bilmədiyi üçün hesab edir ki, 1907.3 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “400 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərin, nağd pul vəsaitin, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10% artıq olmamaq şərti ilə “Satıcı”ya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 1907.3 manat məbləğində əsas borc və 50 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh məhkəmə icraatı barədə məlumatlı olsa da, iddia barədə hər hansı bir etiraz və ya vəsatət təqdim etməmiş, iddia tələbi ilə razı olmadığını bildirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən əlavə araşdırma aparılmamış, iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 44,10 manat dövlət rüsumu ödəsə və həmin dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış dövlət rüsumu 44,08 manatdır. Həmçinin, iddia tələbi qismən təmin edildiyindən 35.84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddianın rədd edilən hissəsinə uyğun olaraq 8.24 manat dövlət rüsumu və artıq ödənilmiş 0.02 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1907.3 manat borc, 50 manat cərimə borcu və 35.84 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov