Məhkəmə qərarları › İş №e-2-2(117)-1369/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1369/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1369/2024 07.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, X1 ilə İddiaçı Cavabdeh qarşı “50440.75 manat əsas borcun, 12350.81 manat cərimə borcunun və 278.37 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “50440.75 manat əsas borcun, 12350.81 manat cərimə borcunun və 278.37 manat dövlət rüsumunun ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında 50 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 23 *** **** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh 50 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 3.1-ci bəndinə əsasən, alıcı satıcının təhvil verdiyi xam pambığın dəyərini hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş satınalma qiymətlərinə uyğun olaraq alış tarixindən 15 bank günü ərzində satıcıya ödəməlidir. Həmin Müqavilənin 4.1-cü bəndinə əsasən, alıcı bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1 % miqdarında, lakin ödənilməyən məbləğin 0.5%-dən artıq olmamaq şərti ilə satıcıya cərimə ödəyir. Müqavilənin 6.9-cu bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və öhdəliklər icra edilənədək hüquqi qüvvədədir. İş materiallarına əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh ilə bağlanmış müqavilə üzrə iş və xidmətlərin görülməsinin ümumi dəyəri 52724.28 manat olmuşdur. Cavabdeh həmin borcdan 2283.526 manat ödəmiş və onun 50440.75 manat ödənilməmiş borcu qalmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin ümumilikdə ödəməli olduğu cərimə məbləği 12350.81 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, 50440.75 manat əsas borcunun olmasını qəbul edir. Cərimə borcunun silinməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə cədvəl, maliyyə arayışı, müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 50 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 23 *** **** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh 50 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “50440.75 manat əsas borcun tutulması” hissəsinə münasibətdə cavabdehin də borcun etirafı barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh ilə bağlanmış müqavilə üzrə iş və xidmətlərin görülməsinin ümumi dəyəri 52724.28 manat olmuşdur. Cavabdeh həmin borcdan 2283.526 manat ödəmiş və onun 50440.75 manat ödənilməmiş borcu qalmışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixində cavabdeh ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, 50440.75 manat əsas borcunun olmasını qəbul edir. Cərimə borcunun silinməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.İddia tələbinin əsas borca münasibətdə təmin edilməsi labüddür. Bundan başqa məhkəmə ödənilməli 12350.81 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-cü bəndinə əsasən, alıcı bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1 % miqdarında, lakin ödənilməyən məbləğin 0.5%-dən artıq olmamaq şərti ilə satıcıya cərimə ödəyir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır. Belə olan halda dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, məhkəmə hesab edir ki, 50440.75 manat əsas borc, 200 manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 278.37 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 224.50 manat hissəsi cavabdehdən tutulmalı, qalan 53.87 manat isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 50440.75 manat əsas borc, 200 manat cərimə borcu və 224.50 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar