Məhkəmə qərarları › İş №e-2-2(117)-1397/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1397/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1397/2022 06.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “808,52 manat əsas borc, 200 manat dəbbə pulu, 100 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş xidmət haqqı, 40 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1148,52 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20/093 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən təmsilçi İddiaçı öz nizamnaməsinə uyğun olaraq sifarişçi Cavabdeh tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşaiyət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sifarişçi təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. 3.2-ci bəndinə əsasən sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 iş günü ərzində köçürmə yolu ilə təmsilçinin hesabına ödəməyi, ödənişin hər gecikdirilmiş gününə görə sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Təmsilçi İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, sifarişçi üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə xx.xx.2021-ci il tarixli 165615 nömrəli qaimə fakturaya əsasən 528,35 manat, həmin tarixli 165447 nömrəli qaimə fakturaya əsasən 129,50 manat və xx.xx.2021-ci il tarixli 427753 nömrəli qaimə fakturaya əsasən 150,87 manat olmaqla ümumilikdə 808,52 manat məbləğində ödənilməmiş xidmət haqqı borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1, 777.1, 787.1. 787.2). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20/093 nömrəli broker müqviləsi bağlanmışdır. Gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən təmsilçi İddiaçı öz nizamnaməsinə uyğun olaraq sifarişçi Cavabdeh tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşaiyət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə əsasında cavabdehə göstərilmiş brokerlik xidməti üçün ödənilməli olan 808,52 manat məbləğində xidmət haqqı üçün göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən ödənilməmiş və nəticədə cavabdehin həmin məbləğdə ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması xx.xx.2021-ci il tarixli 165615 nömrəli, həmin tarixli 165447 nömrəli və xx.xx.2021-ci il tarixli 427753 nömrəli qaimə fakturalarla öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə 200 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı elektron qaimələr üzrə məbləği ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimə məbləğinin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 200 manat deyil, 50 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan 150 manat hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçıya hüquqi yardım göstərilməsi üçün müqavilə bağlanmış və 100 manat dəyərində ödəniş 18 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Məhkəmə, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (808,52 + 200 manat) ödənilməli dövlət rüsumu 30,08 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən, 0,08 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı tərəfindən bu məbləğ dövlət büdcəsinə ödənilmişdir. İddiaçı iddia tələbində 40 manat dövlət rüsumunun əvəzi olaraq ödədiyi məbləği tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin məbləğ iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmişdir. Odur ki, iddiaçı 40 manat məbləği dövlət rüsumunun əvəzi olaraq tələb etsə də, sözügedən məbləğ mediasiya xərci olaraq cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 808,52 manat əsas borc, 50 manat dəbbə pulu, 100 manat hüquqi yardımın göstərilməsi üçün xidmət haqqı, 40 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar