Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-14/2025 18.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı İstahsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İstahsalat Birliyinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı İstahsalat Birliyinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məsxus (Orman kafesi) tərəfindən İsmayıllı rayonunun ərazisindən keçən, İddiaçı Ağsu X4 İdarəsnin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində üzərinin cavabdehin vəsaiti hesabına açılması və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İsmayıllı- Qəbələ magistral avtomobil yolunun kənarından keçən İddiaçı Ağsu RQİİ-ninbalansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonası pozularaq kəmərin üstü 8 metr məsafədə 15 metr enində basdırılmışdır.(üzəri örtülmüşdür) Qaz kəmərinin üzərinin basdırılması daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Qaz kəmərinin üzərinin örtülməsi kəmərin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. İddiaçı İB-nin Ağsu X4 İdarəsi tərəfindən Pretenziya məktubu ilə cavabdehə “Qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə” müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bugünədək heç bir əməli tədbir görülməmişdir.
3. İddiaçı İstahsalat Birliyi iddia tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilənlərə və MPM-nin 53-cü maddəsinə əsasən Cavabdeh məsxus (Orman kafesi) tərəfindən İsmayıllı rayonunun ərazisindən keçən, İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində üzərinin cavabdehin vəsaiti hesabına açılması, kəmərin mühafizə zonasının bərpa edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. Məhkəmə qeyd edir ki, İddiaçı İstahsalat Birliyi ilə Cavabdeh (“Orman” fərdi yeməkxanası) arasında 27 sentyabr 2022-ci iltarixdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır.
8. İddiaçı İstahsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə qaz təsərrüfatında mühafizə zonalarının və təhlükəsizlik tədbirləri qaydalarının pozulması haqqında tərtib edilmiş aktdan görünür ki, İsmayıllı-Qəbələ yolunun sağ tərəfi ərazisindən keçən polad d-219 mm-lik yerüstü qaz kəmərindən 8 metr məsafədə, 15 metr enində “Orman Restoran” tərəfindən 15 metr enində üstü örtüldüyü qeyd olunmuşdur. Həmin akt İddiaçı İstahsalat Birliyinin əməkdaşları tərəfindən imzalanmışdır.
9. Ağsu RQİİ-nin İsmayıllı üzrə TBX-nin rəisi tərəfindən təsdiq edilmiş, İsmayıllı rayonu Orman kafesi ərazisindən keçən istismarda olan d-219 mm-lik orta təzyiqli paylayıcı qaz xəttinin mühafizə zolağının pozulduğu hissənin sxemindən görünür ki, d-219 mm-lik orta təzyiqli paylayıcı qaz xəttinin 5 metrlik hissəsi “Orman” kafesi ərazisi tərəfindən daş ilə örtülmüşdür.
10. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-537/2024 nömrəli qərardadı ilə hazırki iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş və qeyd edilən ekspertiza üzrə xx.xx.2025-ci il tarixli 10/6554 nömrəli rəy məhkəməyə daxil olmuşdur. Həmin rəydə tədqiq olunan ünvana baxış zamanı İddiaçı X2 RQİİ-nin balansında və istismarında olan qaz borusunun, İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesinin istifadəsində olan torpaq sahəsindən keçən hissəsində 3 hissədə üzərinin bağlandığı ( asfaltlandığı), 3 hissədə isə üzərinin dəmir barmaqlıqlarla örtüldüyü müəyyən olunduğu, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrdə orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir. Həmçinin ekspertlər tərəfindən qeyd olunan qaz kəmərinin Orman” kafesinin istifadəsində olan torpaq sahəsindən keçən hissəsinin şəkilləri kəçilmiş və həmin şəkillər ekspert rəyində əks olunmuşdur.
11. İddiaçı tərəfindən təqdim edilən 46 inventar nömrəli, 2018-ci il tarixli Qəbələ- İsmayıllı yolunun sağ tərəfində yerləşən d-219 mm-lik orta təzyiqli qaz kəmərinin pasportunda qaz kəmərinin texniki əlamətləri göstərilmiş və qaz kəmərinin 1983-cü ildə istismara verildiyi göstərilmişdir.
12. İddiaçı İB-nin Ağsu X4 İdarəsi tərəfindən Pretenziya məktubu ilə cavabdehə “Qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə” müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 180.1-ci maddəsində əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır. 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır.
15. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinin 2-ci hissəsinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.13-cü maddəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 3.21-ci maddəsinə əsasən yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular tikinti xəttindən, binanın divarından, sənaye, yaxud kommunal müəssisənin hasarından 2 metrdən az olmayan məsafədə, habelə ona xidmət etmək üçün əlçatan yerdə yerləşdirilməlidir. Çöl şəraitində quyuların ağzı yerin səthindən 0,4—0,5 metr hündürdə olmalı və asanlıqla açılan, qıfıllı qapaqla örtülməlidir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;
17. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir.
V. Məhkəmənin mövqeyi:
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı-Qəbələ magistral avtomobil yolunun kənarında Cavabdeh istifadəsində olan “Orman” kafesinin yanından keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində hissəsinin 3 hissədə üzəri bağlanmış ( asfaltlanmış), 3 hissədə isə üzəri dəmir barmaqlıqlarla örtülmüşdür. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola biləcəyindən qaz kəmərinin üzərinin örtülməsi kəmərin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Nəticə etibarilə, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş mühafizə zonası və təhlükəsizlik tədbirləri qaydaları pozulmuşdur.
20. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozulduğundan, iddia təmin edilməli, İsmayıllı-Qəbələ magistral avtomobil yolunun kənarında “Orman” kafesinin yanından keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində hissəsinin üzəri Cavabdeh (“Orman” kafesi) hesabına açılmalı və kəmərin mühafizə zonası bərpa edilməlidir.
21. Bundan başqa Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Vİ. Nəticə:
22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İsmayıllı-Qəbələ magistral avtomobil yolunun kənarında “Orman” kafesinin yanından keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində hissəsinin üzəri Cavabdeh (“Orman” kafesi) hesabına açılsın və kəmərin mühafizə zonası bərpa edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova