Məhkəmə qərarları › İş №e-2-2(117)-1408/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1408/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1408/2025 08.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QA 051/2024 saylı, 14 noyabr 2024-cü il tarixli “alqı-satqı müqaviləsi”-nə əsasən yaranmış 5040 manat borcun, həmin borcun gecikdirilməsinə görə hesablanmış 352,80 manat faizin və ödənilmiş 73,92 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında QA 051/2024 saylı, 14 noyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi (bundan sonra “müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı (satıcı) cavabdehə (alıcıya) 10 000 manat dəyərində 2 baş iribuynuzlu cins damazlıq heyvan satmağı, cavabdeh isə bu malları təhvil alıb onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən iribuynuzlu cins damazlıq heyvanlar satılarkən cavabdeh, yəni alıcı ümumi dəyərin 40%-ni ödəməli və Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 19 dekabr tarixində 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydaların 6.2.2-ci maddəsinə əsasən müvafiq sənədlərlə AKİA-ya (Aqrar Kredit və İnkişaf Agentliyi) müraciət etməli və AKİA da (alıcı tərəfindən müvafiq sənədlər düzgün təqdim edildikdə) öz növbəsində qalan 60% məbləği "xxxx" MMC-nin, yəni satıcının hesabına köçürməli idi. Qeyd edilən müqavilənin 1.2-ci bəndinə əsasən nəzərdə tutulan 60% məbləğdə güzəştin ödənilməsi 3 ay müddətində hayata keçirilmədiyi təqdirdə sözügedən məbləğ alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Həmçinin müqavilənin 14 noyabr 2024-cü il tarixli 1 saylı əlavəsinin 2-ci bəndinə əsasən, alıcı malın dəyərinin güzəşt hissəsinin də ödənişi üçün məsuliyyət daşıyır və güzəşt hissəsinin ödənişinin həyata keçirilməsi üçün sənədlərin hazırlanaraq tələb olunan yerə təqdim edilməsi üçün addımlar atır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı damazlıq heyvanların dəyərinin alınması və alıcı tərəfindən bu müqavilə ilə üzərinə qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüququna malikdir. Belə ki, alıcı tərəfindən ümumi məbləğin 4960 manat hissəsi iddiaçının hesabına ödənilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən güzəştli şərtlərlə alışa görə tələb olunan sənədlər AKİA-ya göndərilməsi üçün banka təqdim edilmədiyindən AKİA müqavilə üzrə qalıq məbləği cavabdehin hesabına köçürməyib. Beləliklə, iddiaçının cavadehə 5.040 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehlə müqavilə öhdəliklərini icra etməsi, qalan borc məbləğinin tam ödənilməsi ilə bağlı danışıqlar və yazışmalar aparılmış, cavabdehə öhdəliyin tam icra edilməsi ilə bağlı 18 avqust 2025-ci il tarixli pretenziya məktubu ilə onlayn kargüzarlıq vasitəsilə xəbərdarlıq ünvanlanmış, öhdəliyin 5 iş günü ərzində (25 avqust 2025-ci il tarixinədək) tam icrası tələb edilmişdir. Lakin cavabdeh nə pretenziyaya cavab vermiş, nə də indiyədək borcunu ödəmişdir. Həmçinin, qeyd edilir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cavabdehdən borcun gecikdirilməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixində müəyyən etdiyi 7%-ə uyğun hesablanmış 352,80 manat faiz də tələb edirlər.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə etdiyini bildirdi.

4. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iribuynuzlu heyvanı lizinq yolu ilə alıb. Pulun yarısını özü ödəyəcək, yarısı isə dövlət tərəfindən ödəniləcəkdir. Malı təhvil alanda ödənişin yarısını edib. Şirkət tərəfindən özünə sənədlər verilmişdi ki, həmin sənədləri banka təqdim etsin. Həmin sənədlər 3 ay müddətinə çatmalı idi ki, qalan pul da dövlət tərəfindən ödənilsin, lakin şirkətin ona verdiyi sənədə şirkət tərəfindən qol çəkilməmişdi. Buna görə də həmin sənədlər geri qaytarıldı, sənədə şirkət tərəfindən imza çəkildikdən sonra sənədləri yenidən göndərdi. Lakin sənədlər 3 ay müdətinə çatmalı idi, həmin sənədlər geç çatdığı üçün həmin pulu ondan tələb edirlər. Keçən həftə bankdan əlaqə saxlayıb ona bildiriblər ki, AKİA tərəfindən fevral ayının sonunda həmin pul hesaba köçürüləcəkdir. İddiaçıya olan borcunu qəbul edir, ona bank tərəfindən ödəniş edildikdən sonra iddiaçıya olan borcunu ödəyəcəkdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “satıcı” İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2024-cü il tarixli QA 051/2024 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” Kənd təssərüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkminləşdirilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş qaydalara əsasən, cins damazlıq heyvanları yerli istehsal olunduqda qiymətləndirilən, idxal olunduqda isə gömrük dəyərinin 60 % həcmində güzəşt tədbiq edilməklə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların bu müqavilənin 1.2-ci bəndinə müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. 1.2-bəndinə əsasən nəzərdə tutulan 60 % məbləğində güzəştin ödənilməsi 3 ay müddətində həyata keçirilmədiyi təqdirdə sözügedən məbləğ alıcı yəni Cavabdeh tərəfindən satıcıya ödəniləcəkdir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.3-cü bəndində göstərilən qəbul aktı imzalandıqdan sonra heyvanlar alıcı tərəfindən qəbul edilmiş sayılır. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli QA 051/2024 nömrəli müqaviləyə imzalanmış xx.xx.2024-cü il tarixli 01 saylı əlavədən görünür ki, iddiaçı müqavilə predmenti olan ümumi dəyəri 10000 manat, 1 başının dəyəri 5000 manat olan 2 ədəd “Holishtein” cinsi damazlıq düyəni 5040 manat güzəşt dəyəri çıxmaqla, qalan 4960 manat cavabdeh tərəfindən ödənilməsi şərti ilə cavabdehə satmağı öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci bəndinə əsasən alıcı malın dəyrinin güzəşt hissəsinin də ödəniş üçün məsuliyyət daşıyır və bunun üçün tələb olunan sənədlərin hazırlanması və tələb olunan yerə təqdimi üçün məsuliyyət daşıyır. Həmin əlavə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli QA 051/2024 nömrəli müqaviləyə imzalanmış QA 051/2024 nömrəli əlavədə cavabdehə müqavilə üzrə satılan damazlıq heyvanın göstəriciləri və təsnifatı öz əksini tapmışdır.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli anbar məxaric orderindən görünür ki, Cavabdeh müqavilə üzrə ona satılan 2 ədəd heyvan anbardan çıxarılaraq təhvil verilmişdir. Həmin order iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesab fakturada Cavabdeh müqavilə üzrə satılan 2 ədəd heyvanın hər birinin qiyməti öz əksini tapmışdır.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktda Cavabdeh üzrə satılan 2 ədəd heyvanın satışı iddiaçı tərəfindən rəsmiləşdirilmişdir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli QA 051/2024 nömrəli müqavilə üzrə cavabdehə satılan 2 ədəd heyvanın dəyəri 10000 manat təşkil etmiş, cavabdeh bu məbləğin 4960 manat hissəsini ödəmiş, yerdə cavabdehin ödənilməmiş 5040 manat borcu qalmışdır.

13. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 12568071 nömrəli elektron qaimədə iddiaçının cavabdehə verdiyi heyvanların adı və borc məbləği öz əksini tapmışdır.

V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Vİ. Məhkəmənin mövqeyi:

15. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş cavabdehə müqavilə üzrə satılan ümumi dəyəri 10000 manat olan 2 ədəd heyvanı təhvil vermiş, bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində həmin borcdan qismən ödəniş etmiş, lakin yerdə qalan məbləğin ödənilməsini müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən təmin etməmişdir. Nəticədə iddiaçıya qalıq 5040 manat borcu qalmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2024-cü il tarixli QA 051/2024 nömrəli müqavilə üzrə 5040 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə həmçinin tələb edilən faiz borcuna münasibətdə qeyd edir ki, iddia tələbi faiz borcuna münasibətdə də təmin edilməlidir.

18. Belə ki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirilməsi faktı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən iddiaçı gecikdirilmiş borc məbləğinə illik 7 % bank uçot dərəcəsi ilə hesablanmış faiz borcunun tələb edilməsində haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, 352,80 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

19. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 73,92 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Vİl. Nəticə:

21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5040 manat məbləğində əsas borc, həmin borcun gecikdirilməsinə görə hesablanmış 352,80 manat məbləğində faiz borcu olmaqla cəmi 5392,8 manat pul vəsaiti və ödənilmiş 73,92 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar