Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1409/2022 31.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMM-ə qarşı “xx.xx.2019-cu il tarixli 017 nömrəli alqı-satqı müqaviləsi üzrə 20715,36 manat borc, 22683,31 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3107,30 manat, 449.1-ci maddəsinə əsasən 4660,95 manat olmaqla ümumilikdə 51166,92 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh MMM arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcıya onun sifarişi əsasında qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı Cavabdeh MMM isə həmin malları qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. 4.3-cü bəndinə əsasən mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir. 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 % - i miqdarında (lakin malın dəyərinin 20 % - dən artıq olmamaq şərtilə) cərimə ödənilməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədə qalır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 (on) iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə müqavilə tərəflər arasında daha 6 (altı) ay müddətinə uzadılmış hesab olunur. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 12208,36 manat və xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 11794,80 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli qaimə-fakura ilə 8680 ABŞ dolları məbləğində malları alıcıya satmış, alıcı 4100 ABŞ dolları ödəniş etməklə malların dəyərini tam ödəməmiş və nəicədə ödənilməmiş 20715,36 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMM-nə xx.xx.2019-cu il tarixli 017 saylı alqı-satqı müqaviləsinə əsasən 2019-cu ilin aprel, may, sentyabr aylarında 20715,36 manat dəyərində solod və digər malları təqdim edilərək, satılmışdır. Lakin indiyə qədər Cavabdeh MMM-nə satılmış həmin malların 20715,36 manat məbləğində olan dəyəri İddiaçı MMC-yə ödənilməmişdir. Müqavilənin 8.4-cü bəndinə əsasən borcun ödənilməməsinə görə cərimə məbləği 22683,31 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin məbləğ hazırda 3107,30 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitiniəsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytında olan (https//www.cbar.az) məlumata əsasən bank uçot dərəcəsi 7,5 faizdir. Həmin məbləğ hazırda 4660,95 manat təşkil edir. Cavabdeh MMM-nin vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, iddianı qəbul etmirlər və iddianın rədd edilməsini xahiş edirlər. Belə ki, iddiaçının iddia etdiyi pul məbləğinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddia ərizəsi üzrə məhkəməyə yalnız müqavilə və elektron qaimələr göndərilmişdir ki, bu da iddia tələbini əsaslandıracaq sübutlar deyildr. Elektron qaimənin verilməsi, göndərilməsi malın verilməsini təsdiq etmir. İddiaçı adi elektron qaimə verməklə guya onlara mal satdığını iddia edir, lakin bu heç də belə olmamış və ümumiyyətlə bu miqdarda mal onlara təhvil verilməmişdir. İddiaçı tərəfindən onlara mal verilməsi təsdiqini tapmamaqla, həmçinin iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Çünki iddiaçının tələb etdiyi müqavilə üzrə və istinad etdiyi elektron qaimələrə diqqət yetirilsə 2019-cu ilin aprel və may aylarına təsadüf edir. Hazırkı iş isə məhkəməyə 2022-ci ilin sentyabr ayında daxil olmuşdur. Bununla da iddiaçı həmçinin 3 illik iddia müddətini də ötürmüşdür. Göstərilənlərə əsasən İddiaçı MMC-nin Cavabdeh MMM-nə qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli **********987500 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMM-nə təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron faktura qəbul edilərək sistem tərəfindən, xx.xx.2019-cu il tarixli elektron faktura isə qəbul edilərək vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasnda iahatında bildirdi ki, cavabdeh tərəf borcun hamısını ödəməmişdir. İddiaçı tərəf buna görə çətinlik yaşamışdır. Elektron qaimələrdən də göründüyü kimi cavabdeh tərəf müəyyən qismdə ödənişlər etmişdir. İddia müddətinin ötürülmədiyi aydın görünür. Qaimə-fakturada göstərilən malın elektron qaimələrə aidiyyatı yoxdur. O tamamilə başqa qaimədir. 2019 və 2020-ci il ərzində qaimədə göstərilən həcmdə mal verilmişdir. 2020-ci ilin may ayında 8680 ABŞ dolları təşkil edən başqa mallar verilmişdir. Bunun 4100 ABŞ dolları ödənilmişdir. Yerdə 4580 ABŞ dolları borc olaraq qalmışdır. 2019-və 2020-ci il ərzində cavabdehin iddiaçıya cəmi 20700 manat borcu qalmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək eyni gündə Bakı Apelyasiya Məhkəməsinin icraatında işi olduğundan məhkəmə iclasına gələ bilmədiyini və iştirakı olmadan işə baxılmasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, elektron qaimələr, qaimə faktura və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli 017 nömrəli alqı-satqı müqaviləsi üzrə 20715,36 manat əsas borc məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" MMC ilə Cavabdeh MMM arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcıya onun sifarişi əsasında qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı Cavabdeh MMM isə həmin malları qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 12208,36 manat , xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 11794,80 manat və xx.xx.2020-ci il tarixli qaimə faktura ilə 8680 ABŞ dolları məbləğində malları alıcıya satmış, alıcı 4100 ABŞ dolları ödəniş etməklə malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 20715,36 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iddiaçı tərəfindən verilmiş, sistem və cavabdeh tərəfindən şəxsən qəbul edilməklə hazırki vaxtadək qüvvədə olan elektron qaimələrlə, habelə imzalarla təsdiq edilmiş qaimə-faktura ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 22683,31 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı malın dəyərini ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 % - i miqdarında (lakin malın dəyərinin 20 % - dən artıq olmamaq şərtilə) cərimə ödənilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən ödənişlər gecikdirilməsinə baxmayaraq iddiaçı üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 22683,31 mana deyil, 2000 məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3107,30 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçı əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada dəbbə pulu tələb edir ki, belə olan halda gecikdirilmiş vaxt üçün faiz tələb edə bilməz. Belə ki, iddiaçı başqa əsasdan, yəni müqavilə əsasızndan çıxış edərək daha böyük məbləğ tələb edə bilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 4660,95 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; Hazırki iş üzrə iddiaçı borcun gecikdirilməsi, pul vəsaitinin əsassız əldə edilməklə və ya toplamaqla ondan faydalanması, habelə əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə də rədd edilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, cavabdehin vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, əvvəla elektron qaimələr borcun yaranmasına dair sübut qismində qəbul edilə bilməz. Habelə, mallar cavabdehə təhvil verilməmişdir və iddia müddəti ötürülmüşdür. Cavabdehin vəkilinin elektron qaimənin borcun yaranmasına dair sübut kimi qəbul edilməli olub-olmaması, habelə malların təhvil verilməməsi ilə bağlı etiraz dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə əsasən cari elektron qaiməfaktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində..... Göründüyü kimi, vergi qeydiyyatına alınmış fiziki və hüquqi şəxslər tərəfindən malların alqı-satqısı, qaytarılması və s. zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada və formada elektron qaimə-faktura tərtib edilməsi vergi ödəyicilərinin vəzifəsidir. Elektron qaimə-faktura elektron qaydada imza ilə təsdiq edilən, hüquq, vəzifələr və hüquq məsuliyyəti yaradan sənəddir, hansı ki, həmin qaimə-fakturalar nəzərə alınmaqla vergi orqanları tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin dövriyyəsi və gəlirləri müəyyən edilir. Bu səbəbdən hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş və statusu təsdiqlənmiş olan elektron qaimələr sübut qismində qəbul edilmişdir. Bundan başqa işin məhkəmə araşdırması zamanı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********987500 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMM-nə təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron faktura qəbul edilərək sistem tərəfindən, xx.xx.2019-cu il tarixli elektron faktura isə qəbul edilərək vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mallar təhvil verilməsəydi, bu zaman həmin malların dəyərini əks etdirən elektron qaimə də cavabdeh tərəfindən təsdiq edilməzdi. Sistem tərəfindən təsdiq edilmiş elektron qaiməyə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qaimə iddiaçı tərəfindən verildikdən sonra cavabdeh vergi orqanında olan elektron kabinetində qaiməni görmüş, ancaq imtina etməmiş, hətta onun sistem tərəfindən təsdiq edildiyindən məlumatlı olmuş, buna baxmayaraq həmin qaimə onun tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2020-ci il tarixli qaimə faktura isə malı təhvil alan tərəfindən imza edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Bundan əlavə cavabdehin vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı etiraz dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixli 017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədə qalır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 (on) iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə müqavilə tərəflər arasında daha 6 (altı) ay müddətinə uzadılmış hesab olunur. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi olmaqla iddiaçının hazırki tələbi həmin müqavilədən irəli gələn tələbdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixədək qüvədə olduğundan həmin müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti xx.xx.2023-cü ildir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 (on) iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə müqavilə tərəflər arasında daha 6 (altı) ay müddətinə uzadılmış hesab olunur. Göründüyü kimi, nə müqavilə müddətinin bitmə tarixi kimi göstərilmiş xx.xx.2020-ci il tarixdən, nə də müqavilənini 10.1-ci bəndinə əsasən uzadılmış tarixdən hesablandıqda iddia müddəti ötrülməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin etiraz dəlilləri əsassız, iddia qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 243,50 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş dövlət rüsumunun 135,40 manat hissəsi iddiaçıdan, 108,10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 108,10 manat dövlət büdcəsinə və iddiaçıdan 135,40 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 400 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 135,40 manat dövlət rüsumu çıxılmaqla 264,90 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 135,40 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 108,10 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 243,50 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMM-dən xx.xx.2019-cu il tarixli 017 nömrəli alqı-satqı müqaviləsi üzrə 20715,36 manat əsas borc, 2000 manat cərimə borcu və 264,90 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 243,50 manat dövlət rüsumu Cavabdeh MMM-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1409/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1409/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver