Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1419/2022 25.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh X3 qarşı “4393 manat əsas borc, 439 manat penya, 60 manat mediasiya xərci və 8,92 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 4900,92 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 354/21 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə fakturada öz əksini tapan malları alıcı X1, alıcı isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməyi, malların dəyəri 15 təqvim günü müddətində ödənilmədikdə satıcı malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri alıcıdan tələb etmək hüququna malikdir. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh X4 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 4393 manat borcu yaranmışdır. Qeyd olunan məbləğdə cavabdehin borcunun olması İddiaçı tərəfindən verilmiş və cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktı və xx.xx.2021-ci il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapır. Borcun 3 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 354/21 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə Fakturada öz əksini tapan malları alıcı X1, alıcı isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2021-ci il tarixində imzalanmış “öhdəliklərin qarşılıqlı tanınması” aktı tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 4393 manat borc qalığını ödəməmişdir. Beləliklə, cavabdeh bu günədək öz borcunu ödəməmiş və bu da o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0.5% həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixində çatdırılmasına (anasına) baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, akt, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 354/21 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə fakturada öz əksini tapan malları alıcı X1, alıcı isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhədliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 4393 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması İddiaçı tərəfindən verilmiş və cavabdehin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktı və xx.xx.2021-ci il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 4393 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 439 manat dəbbə pulu (penya) hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli borcun qarşılıqlı tanınması aktına əsasən borcun ödənilməsini öhdəliyini götürsə də, borcunu ödəməmişdir. Həmin tarixdən etibarən müqavilə şərtinə uyğun olaraq cavabdeh borcunu ödəmədiyi halda iddiaçı təxminən 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək 50 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 68,32 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən həmin dövlət rüsumunun 62.82 manat hissəsi cavabdehdən, 5.50 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 8,92 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən həmin məbləğdən iddiaçı tərəfindən ödənilməli rüsumdan çıxılmaqla qalan 3,42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya və 59,40 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X2 4393 manat əsas borc, 50 manat penya, 60 manat mediasiya xərci və 3,42 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 59,40 manat dövlət rüsumu X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1419/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1419/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver