Məhkəmə qərarları › İş №e-2-2(117)-1432/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1432/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1432/2024 28.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1200,00 manat dəymiş maddi ziyanın və 33,00 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1200,00 manat dəymiş maddi ziyanın və 33,00 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 03/02418 nömrəli kənd təsərrüfatı texnikasının müvəqqəti icarəyə verilməsi barədə müqavilənin: 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə 1 ədəd ** AB *** dövlət qeydiyyat nömrəli, F48116 mühərrik nömrəli, 701331 zavod nömrəli Sampo Rosenlew SR- 2065 markalı taxılyığan kombaynı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş 6500 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 1200 manat borcu qalmışdır. 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasnı, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini lizinq alan öhdəsinə götürür. 2.2.6-cı bəndinə əsasən, texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən geci 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 03/02418 nömrəli müqaviləyə əsasən, cavabdeh texnikanı saz vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 1200 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 03/02418 nömrəli akta əsasən 1 ədəd ** AB *** dövlət qeydiyyat nömrəli, F48116 mühərrik nömrəli, 701331 zavod nömrəli Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynı "xxxx" ASC-nin Tərtər RN-nin rəhbəri X3 tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 03/02418 nömrəli akta əsasən 1 ədəd ** AB *** dövlət qeydiyyat nömrəli, F48116 mühərrik nömrəli, 701331 zavod nömrəli Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynı Cavabdeh tərəfindən "xxxx" ASCnin Tərtər RN-nin rəhbəri X1 vəziyyətdə geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, ** AB *** dövlət qeydiyyat nömrəli, F48116 mühərrik nömrəli, 701331 zavod nömrəli Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn nasaz vəziyyətdədir və nasazlıq kimi “motor və barabanın remeni nasazdır, şinekin 7 barmağı yoxdur, dənqaldıran reduktorun yastığı dağılıb” qeyd olunmuşdur. Əlavə olaraq iş materiallarına əlavə edilmiş texnikanın saz vəziyyətə gətirilməsi üçün sərf olunacaq xərclər haqqında arayışdan görünür ki, texnikanı saz vəziyyətə gətirmək üçün 1200 manat xərc tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının müvəqqəti lizinqə verilməsi barədə müqavilə, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli 03/02418 nömrəli kənd təsərrüfatı texnikasının müvəqqəti icarəyə verilməsi barədə müqavilə imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 1200 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasnı, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini lizinq alan öhdəsinə götürür. Məhkəməyə təqdim edilmiş texnikanın saz vəziyyətə gətirilməsi üçün sərf olunacaq xərclər haqqında arayışdan görünür ki, texnikanın saz vəziyyətə gətirilməsi üçün, barabanın qayışı 517 manat, mühərrikdən sistemə hərəkətötürücü qayış 511 manat, şnek barmağı 7 ədəd 112 manat, dənqaldıran reduktorun yastığı 2 ədəd 30 manat və işçilik haqqı 30 manat olmaqla cəmi 1200 manat xərc tələb olunur (517+511+112+30+30=1200). Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı hər hansı bir etiraz və iddia ilə bağlı münasibət məhkəməyə daxil olmamış və ona qarşı olan tələbin əsası mübahisələndirilməmişdir. Bu səbəbdən tələb edilən zərər məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uyğunsuzluq təşkil etmədiyindən əlavə araşdırma aparılmamışdır. İş üzrə cavabdeh iddia tələbinə dair etirazları məhkəməyə bildirməmiş və ya onların əsasında dayanan sübutlar barədə məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə tədqiq edilmiş sübutlar əsasında bu nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 1200 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilməli olan 33 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1200,00 manat dəymiş maddi ziyan və 33 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar