Məhkəmə qərarları › İş №e-2-2(117)-145/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-145/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-145/2024 02.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 119166,37 manat əsas borc, 17874,95 manat məbləğində dəbbə pulunun tutulması, cavabdeh "xxxx" MM-Cdən İddiaçı MMC-nin xeyrinə 27 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AE/2021- 0125/4 nömrəli alğı-satqısı müqaviləsinə əsasən iddiaçı müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada müvafiq əlavələrdə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % həcmində satıcıya dəbbə pulu ödəyir. 10.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə hər yeni 1 müddətinə uzadılmış hesab edilir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 119166,37 manat məbləğində əsas borcu yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli, AE/2021- 0125/4 nömrəli alğı-satqısı müqaviləsi əsasında 146274,38 manat dəyərində müxtəlif nömrəli elektron qaimələri alıcıya təqdim etmiş, alıcı isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 119166,34 manat borcu qalmışdır. Cavabdehin 119166,34 manat borcunun olması tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ofis avadanlıqları satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranmış 119166.37 manat məbləğində borcu indiyə kimi ödəməmişdir. Tərtib olunmuş elektron qaimələrdən və xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMCnin İddiaçı MMC-yə borcu 119166,34 manat təşkil edir. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi keçirilmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hazırda "xxxx" MMC İddiaçı MMC-yə olan 119166.37 manat borcunu ödəməkdən imtina edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə alıcı hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində satıcıya dəbbə pulu ödəyir. Alıcı isə satıcıya heç bir pul məbləği ödəməmişdir, ona görə də mediasiya təklifinin göndərildiyi günə - xx.xx.2023-cü il tarixə 17874,95 manat dəbbə pulu məbləğində borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etiraz ərizəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 119166 manat borcu yoxdur. Tərəflər arasında baglanmış xx.xx.2021 ci il alqı satqı müqaviləsinə əsasən Cavabdeh MMC, AE UNİON MMC-yə 64234.29 azn məbləgində avadanlıg satmışdır. Bunu təsdiq edən elektron qaimələr və təhvil təslim qaimələri sistemə əlavə edilmişdir. Lakin bugunə qədər AE Union MMC həmin malların pulunu ödəməmişdir.Qeyd olunan məsələdə iddiaçının tələb etdiyi məbləg ilə əlaqəlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Üzləşmə aktı, Elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk növbədə məhkəmə iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AE/2021-0125/4 nömrəli alğı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsinə az qalmış tərəflərdən hər hansı biri digər tərəfə bu müqaviləni ləğv etmək niyyəti barədə yazılı şəkildə xəbərdar etmədikdə bu müqaviləavtomatik surətdə eyni şərtlərlə hər yeni 1 il müddətinə uzadılmış hesab edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AE/2021-0125/4 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı yazılı bildiriş kimi xəbərdarlıq məktubu cavabdehə göndərilmişdir. Göründüyü kimi müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmiş, buna dair bildiriş cavabdehə təqdim edilmişdir. İddiaçı tərəfindən birtərəfli qaydada cavabdehi qabaqcadan xəbərdar etməklə müqavilə ləğv edildiyindən artıq ləğv edilmiş müqavilənin ləğvinin tələb edilməsi əhəmiyyətsiz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Bundan başqa alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AE/2021-0125/4 nömrəli alğı-satqısı müqaviləsinə əsasən iddiaçı müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada müvafiq əlavələrdə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtləri üzrə satıcı öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini lazımınca ödəməmiş və nəticədə 119166,37 manat məbləğində əsas borcu yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli, AE/2021- 0125/4 nömrəli alğı-satqısı müqaviləsi əsasında 146274,38 manat dəyərində müxtəlif nömrəli elektron qaimələri alıcıya təqdim etmiş, alıcı isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 119166,34 manat borcu qalmışdır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğısatqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini lazımınca ödəməmiş və nəticədə 119166,34 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı və elektron qaimələrdə 146274,38 manat borcun olduğu göstərilsə də, iddiaçı 119166,34 manat pulun tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində 119166,34 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə tələbin 17874,95 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münaibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % həcmində satıcıya dəbbə pulu ödəyir. Məhkəmə dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, AE/2021- 0125/4 nömrəli müqavilə üzrə 1000 manat cərimə tutularaq iddiaçıya ödənilməsi daha ədalətli və ağlabat olmaqla qanuni hesab edilməli, iddia qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə cavabdehin iddia tələbinin sübutu qsimində məhkəməyə təqdim etdiyi elektron qaimələrə və üzləşmə aktına münasibətdə qeyd edir ki, həmin sənədlər yalnız cavabdeh tərəfindən imzalanmış və sonuncunun möhürü vurulmuşdur. İddiaçı tərəfin imzası və möhürü qeyd edilən sənədlərdə öz əksini tapmamışdır. Göründüyü kimi həmin sənədlər yalnız cavabdeh tərəfindən rəsmiləşdirilmiş, həmin sənədlərdə onların iddiaçı tərəfindən qəbulunu təsdiq edəcək hər hansısa forma (imza, möhür və s.) mövcud deyildir. Bu səbəbdən həmin sənədlər məhkəmə tərəfindən sübut qismində qəbul edilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 119166,37 manat əsas borc və 1000 manat dəbbə pulunun tutulması hissəsində təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 400 manat mediasiya xərci və 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunu və 400 manat mediasiya xərcini cavabdehdən tələb etsə də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 405,29 manat tutularaq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan xərc iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 119166,34 manat əsas borc, 1000 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 405,29 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar