Məhkəmə qərarları › İş №e-2-2(117)-146/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-146/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-146/2024 13.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 59000 manat əsas borcun, 73042 manat cərimənin, 2950 manat dəymiş ziyanın, 200 manat mediasiya xərcinin, vəkilə ödənilmiş 220 manat xidmət haqqının, cəmi 135412 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra məntdə iddiaçı) Cavabdehnə (bundan sonra məntdə cavabdeh) qarşı “xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 59000 manat əsas borcun, 73042 manat cərimənin, 2950 manat dəymiş ziyanın, 200 manat mediasiya xərcinin, vəkilə ödənilmiş 220 manat xidmət haqqının, cəmi 135412 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində 05 nömrəli və xx.xx.2020-ci il tarixində 04 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli Müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin 2-ci bəndində göstərilən sement, beton və digər malları alıcıya satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinin üçüncü hissəsində qeyd edilmişdir ki, satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0.1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malın dəyərini, malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixinədəkdir. İddiaçı iddia ərizəsində əvvəlcə xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borcun tutulmasını məhkəmədən xahiş etsə də, xx.xx.2024-cü il tarixində iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək borcun xx.xx.2020-ci il tarixli müqavilə üzrə deyil, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yarandığını qeyd etmiş və həmin borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli 1 saylı əlavədən görünür ki, iddiaçı dəyəri hər tonunun qiyməti 90 manat müəyyənləşdirmişlər. Eyni zamanda məhkəməyə təqdim edilmiş 2019-cu il üzrə təqdim edilmiş bütün elektron qaimə-fakturalar üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək mövcud olmuş 6 ədəd elektron qaimə-faktura məhkəməyə təqdim olunmuşdur. Elektron qaimələrə əlavə edilmiş köçürmə sənədlərindən də görünür ki, cavabdeh tərəfindən malın dəyəri tam şəkildə ƏDV daxil olmaqla ödənilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən tarixi qeyd olunmamış və dəyəri 50000 manat, ƏDV daxil yekun qiyməti 59000.01 manat olan elektron qaimə məhkəməyə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır, iddiaçının təqdim etdiyi 59000 manatlıq qaimə ilə bağlı heç bir alqı-satqı əmaliyyatı aparılmamışdır, eyni zamanda müqavilənin müddəti bitmiş və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Eyni zamanda məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış sorğular ilə, İddiaçı MMC (Əvvəlki adı- "xxxx" MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə və ya 2020-ci ildə "xxxx" MMC-yə 50000 manat, ƏDV daxil 59000 manat dəyərində sement məhsuluna görə elektron qaimə verib-verməməsi, həmin elektron qaimə üzrə pulun ödənilib-ödənilməsi və ya hansı hüquqi şəxsə ödənilməsi ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmiş, Məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş məlumatlarda 2019 və 2020-ci illərdə 59000 manat məbləğində hər hansı elektron qaimə-fakturanın verilməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında (əvvəlki) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü ildə iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında ərizə məhkəməyə təqdim edilmiş, və ərizədə qeyd edilmişdir ki, məhkəmə tərəfindən vergi orqanına verilmiş sorğuların cavabından göründüyü kimi iddia tələbi ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir, bu səbəbdən də iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaya mahiyyəti üzrə baxılmasının davam etdirilməsi haqqında ərizə məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında olan kommersiya işinə mahiyyəti üzrə baxılaraq yekun qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianın əsasını təşkil edən malların alqı-satqısına dair qaimələr mövcud deyil, bu fakt məhkəmənin müvafiq sorğularına cavab ilə də öz təsdiqini tapmışdır, iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqavilələri, elektron qaimələr, qəbzlər, ərizələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019cu il tarixində 05 nömrəli və xx.xx.2020-ci il tarixində 04 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı müqavilənin 2-ci bəndində göstərilən sement, beton və digər malları alıcıya satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə vı ya nəğd olaraq həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinin üçüncü hissəsində qeyd edilmişdir ki, satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0.1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malın dəyərini, malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixinədəkdir. İddiaçı iddia ərizəsində əvvəlcə xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borcun tutulmasını məhkəmədən xahiş etsə də, xx.xx.2024-cü il tarixində iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək borcun xx.xx.2020-ci il tarixli müqavilə üzrə deyil, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yarandığını qeyd etmiş və həmin borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş 2019-cu il üzrə təqdim edilmiş bütün elektron qaimə-fakturalar üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək mövcud olmuş 6 ədəd elektron qaimə-faktura məhkəməyə təqdim olunmuşdur. Elektron qaimələrə əlavə edilmiş köçürmə sənədlərindən də görünür ki, cavabdeh tərəfindən malın dəyəri tam şəkildə ƏDV daxil olmaqla ödənilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən tarixi qeyd olunmamış və dəyəri 50000 manat, ƏDV daxil yekun qiyməti 59000.01 manat olan elektron qaimə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə həmin elektron qaiməyə münasibətdə qeyd edir ki, malların məbləğini göstərən qaimə əsassızdır. Belə ki, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.3.1-ci maddəsinə əsasən elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi elektron qaimə-fakturada əks etdirilməlidir. Eyni zamanda həmin qərarın 2.3.27- 2.3.29-cu maddələrinin tələblərinə əsasən elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı, elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı, ştrix-kod (sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan kod) elektron qaimələr tərtib edilərkən göstərilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 59000 manatlıq qaimədən görünür ki, elektron qaimələrin tərtibi qaydalarına əməl edilməmiş, elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi, elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin vəzifəsi, soyadı, adı və ştrix-kod həmin elektron qaimədə qeyd edilməmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış sorğular ilə, İddiaçı MMC (Əvvəlki adı- "xxxx" MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə və ya 2020-ci ildə "xxxx" MMC-yə 50000 manat, ƏDV daxil 59000 manat dəyərində sement məhsuluna görə elektron qaimə verib-verməməsi, həmin elektron qaimə üzrə pulun ödənilib-ödənilməsi və ya hansı hüquqi şəxsə ödənilməsi ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş məlumatlardan da görünür ki, 2019 və 2020-ci illərdə 59000 manat məbləğində hər hansı elektron qaimə-fakturanın tərtib edilmədiyi qeyd edilmişdir. Bundan əlavə qeyd edilən ƏDV daxil 59000 manat dəyərində sement məhsullarının cavabdehə təhvil verilməsinə dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə əsas tələbin əsassızlığını müəyyən etdiyindən digər əlavə tələblər də əsas tələbdən asılı olduğundan digər tələblər yəni, 73042 manat cərimənin, 2950 manat dəymiş ziyanın, 200 manat mediasiya xərcinin, vəkilə ödənilmiş 220 manat xidmət haqqının cavabdehdən tutulması tələbləri də əsassızdır. Bununla yanaşı, xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır, iddiaçının təqdim etdiyi 59000 manatlıq qaimə ilə bağlı heç bir alqı-satqı əmaliyyatı aparılmamışdır, eyni zamanda müqavilənin müddəti bitmiş və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddia müddətinin ötürülməsinə münasibətdə qeyd edir ki, ilkin olaraq iddianın mövcudluğu məhkəmə tərəfindən araşdırıldıqdan sonra iddia müddətinin tətbiq edilməsi məsələsi araşdırıla bilər. İddiaçı tərəfindən cavabdehə təhvil verilməyən sement məhsulunun təhvil verilməsini və onun dəyərinin ödənilməsi üçün qanunla müəyyən edilmiş qaydada və tərəflər arasında müqavilə tələblərinə uyğun müvafiq proseduraları aparılmayan fəaliyyətlə bağlı idiaçının pul tələbi əsaslı sayıla bilməz. Bundan başqa xx.xx.2024-cü ildə iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında ərizə məhkəməyə təqdim edilmiş, və ərizədə qeyd edilmişdir ki, məhkəmə tərəfindən vergi orqanına verilmiş sorğuların cavabından göründüyü kimi iddia tələbi ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir, bu səbəbdən də iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaya mahiyyəti üzrə baxılmasının davam etdirilməsi haqqında ərizə məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında olan kommersiya işinə mahiyyəti üzrə baxılaraq yekun qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılması barədə ərizə qanuni olsa da, cavabdeh tərəfindən verilmiş iddiaya mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə ərizəyə əsasən işə mahiyyəti üzrə baxılaraq yekun qərar verilməsi məqsədəuyğundur. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Qanunun tələbindən də aydın olur ki, cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdikdə məhkəmə yekun məhkəmə aktı qəbul etməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə qeyd edilənləri əsas tutularaq hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyil və iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 59000 manat əsas borcun, 73042 manat cərimənin, 2950 manat dəymiş ziyanın, 200 manat mediasiya xərcinin, vəkilə ödənilmiş 220 manat xidmət haqqının, cəmi 135412 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar