Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1469/2022 26.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “2839,17 manat borcun və ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilən 60 manat məbləğində pulun (48,39 manatın dövlət rüsumuna aid etməklə) cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2839,17 manat borcun və ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilən 60 manat məbləğində pulun (48,39 manatın dövlət rüsumuna aid etməklə) cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28 nömrəli müqaviləyə əsasən istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan / icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Ağdaş rayon Ərəbocaq kəndində yerləşən 18,5 ha torpaq sahəsində yüksək keyfiyəti pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Həmin Müqavilənin 2.4-cü bəndinin c yarımbəndinə əsasən, pambıq Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsulunu yığıb “X1” MMC-yə təhvil verməlidir. Həmin Müqavilənin 2.4-cü bəndinin e yarımbəndinə əsasən Cavabdeh MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəyir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 4386,56 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2839,17 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2839,17 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 1547,39 manat məbləğində xam-pambıq təhvil verilmiş, 2839,17 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə 1050 manat, xx.xx.2018-ci il tarixdə 497,07 manat pul xam pambıq üçün Cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırki iddia üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilə 1 il müddətinə bağlanmış və xx.xx.2019-cu il tarixdə müddəti bitmişdir. Həmin tarixdən isə 3 ildən çox müddət ötmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxaışdan görünür ki, İddiaçıMMC” hüquqi şəxs olaraq xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, digər kənd təsərrüfatı müəsissələrinin, həmçinin “X1” MMC-nin qoşularaq yenidən təşkil edilməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etmiş, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmədiyini və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd olunmuş tələb üzrə iddia müddətinin ötürülməsi səbəbindən hazırki iş üzrə məhkəməyə verilən iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi ilə məhkəmə tərəfindən iddia tələbindən imtina olunmasını xahiş etmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə məktub ünvanlanmış tərəflər arasında bağlanmış müqavilə üzrə edilmiş ödənişə dair sənədlər, qəbzlər və bank sənədləri tələb edilmişdir. İddiaçı tərəf sonuncu ödənişə dair xam pambığın təhvil verilməsinə dair xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktları təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı, cavabdehin etirazı, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi müddət ötürüldüyündən rədd edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, “X1” MMC sonradan yenidən təşkil edilməsi nəticəsində hazırkı hüquqi şəxsə birləşdirindən hazırkı iddiaçının bu tələblə çıxış etmə hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə- MM) 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (MM maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28 nömrəli müqaviləyə əsasən İstehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Ağdaş rayon Ərəbocaq kəndində yerləşən 18,5 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 4386,56 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2839,17 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 1547,39 manat məbləğində xam-pambıq təhvil verilmiş, 2839,17 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və onun iddiaçıya 2839,17 manat ödənilməmiş borcu qalmışdır. Lakin, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən qanunvericiliyin tələbinə görə bu müraciətə baxılması və hüquqi qiymət verilməsi zəruridir. MM-in : 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı alqı-satqı müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə 1 il müddətinə bağlanmış və alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Cavabdehin sonuncu ödənişi xx.xx.2018-ci il tarixdə olduğundan, həmin tarixdən xx.xx.2018-ci il tarixədək ümumiyyətlə ödəniş edilmədiyindən iddia müddəti üzrə 3 illik iddia müddəti, müqavilənin icra müddətinin bitmə tarixi olan xx.xx.2019-cu il tarixdən hesablanır. İddia müddəti xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə ilkin məhkəməyə müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddiaçının tələbini və cavabdehin etirazını əsaslandıran işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmənin yalnız pozulmuş hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçının tələbi tərəflər arasında bağlanmış müqavilə münasibətinə əsaslansa da, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etdiyindən onun etirazı qanuni və ədalətli hesab edilir. Odur ki, hazırki iş üzrə iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 48,39 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən həmin dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci tutulmamalıdır. qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “2839,17 manat borcun və ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilən 60 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 48,39 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1469/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1469/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver