Məhkəmə qərarları › İş №e-2-2(117)-1469/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1469/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1469/2025 25.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli EC- 24/272/D7 nömrəli məhsul və xidmətin alqı-satqı müqaviləsinə əsasən 18 115 manat borcun və 144.35 manat dövlət rüsumunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli EC-24/272/D7 nömrəli məhsul və xidmətin alqı-satqı müqaviləsinə əsasən 18 115 manat borcun və 144.35 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, EC-24/272/D7 nömrəli Məhsul və Xidmətin alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh tərəfindən ümumi dəyəri, ƏDV daxil, 31 115 manat olan istilik sistemləri və ehtiyat hissələri satın alınmışdır. Mallar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində təhvil-təslim aktı əsasında lazımi qaydada və yüksək keyfiyyətlə alıcıya təqdim edilmişdir. Alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsi olan X1na əsasən, satın alınmış malların dəyərinin 50% hissəsi avans formasında, qalan dəyəri isə malların təhvil verilməsindən sonra 15 gün ərzində Alıcı tərəfindən Satıcıya ödənilməlidir. Alıcı tərəfindən müvafiq öhdəlik kobud şəkildə pozulmuş, təqdim edilmiş malların qiymətinin 18 115 manat olan hissəsi indiyə kimi ödənilməmişdir. Bu ödənişin yerinə yetirilməməsi ilə cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. 03 oktyabr 2025-ci il tarixində iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və qalıq pul borcunun 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh bu tələbi də nəzərə almamış və heç bir tədbir görməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 427-ci, 442-ci, 445.1-ci, 448.2-ci, 597.1-ci, 600-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1469/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etdiklərini, bundan əlavə iş üzrə təhvil-təslim aktı, X1 və cavabdeh tərəfin məhkəməyə qədər ödənişlərinə dair bank qəbzlərinin əsillərini məhkəməyə təqdim edə biləcəklərini bildirdi.

6. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İşdə olan İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli EC-24/272/D7 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə sahib vəziyyətdə olan məhsullar və görülmüş iş satmağı, alıcı isə həmin malı və xidməti qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın və xidmətin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, mal və xidmətin qiyməti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3” ilə müəyyən edilir. 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı tərəfindən mal və xidmətin dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra köçürmə yolu ilə həyata keçirilir.

16. İddiaçı və cavabdeh arasında 26 avqust 2024-cü il tarixdə bağlanmış “xx.xx.2024cü il tarixli, EC-24/272/D7 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 nömrəli X1” ilə Kombi Qaz 24 kw Vanward L1PB26-Y24B NG 24K (20 ədəd), Kombi bacası X4 60/100 (3.025911) (20 ədəd), Radiator RUSSKİY RADİATOR RRC500 Otoplenieopt (1000 dilim), Ventil rad. 940PM ½ Pettinaroli (**********C) (150 ədəd), Stablizator Slim-500 Staba (20 ədəd), Mounting Brackets kollektor asılqan Danfoss (088U0585) (75 ədəd) adlı malların qiyməti ümumilikdə ƏDV daxil olmaqla 31115 manat müəyyənləşdirilmişdir.

17. 28 avqust 2024-cü il tarixli yerinə yetirilmiş işlərin (xidmətlərin) təhvil-təslim aktından göründüyü kimi xx.xx.2024-cü il tarixli, EC-24/272/D7 nömrəli müqaviləyə 1 nömrəli Əlavəyə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə müvafiq məhsullar təhvil verilmiş, həmin aktların doğruluğu hər iki tərəfin möhürü və nümayəndələrinin imzaları ilə təsdiqlənmişdir.

18. xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11757419 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan göründüyü kimi xx.xx.2024cü il tarixli, EC-24/272/D7 nömrəli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə 31 114,9952 manat dəyərində məhsul verilməsi barədə məlumat elektron qaydada göndərilmişdir.

19. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli BŞ-XOxx.xx.2025-006 nömrəli arayışdan göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hesabına müqaviləyə əsasən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ümumilikdə 13 000 manat məbləğində pul köçürülmüşdür.

Vİ. Məhkəmənin mövqeyi:

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

23. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli EC-24/272/D7 nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2024-cü il tarixli 1 nömrəli X1nun bağlanmasından, təhvil-təslim aktı və elektron qaimə-faktura əsasında ümumilikdə 31115 manat dəyərində məhsulların təhvil verilməsindən, cavabdeh tərəfindən borcun ümumi dəyərindən ümumilikdə 13 000 manat məbləğində ödəniş edilməsindən ibarətdir.

24. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya olan borcunun tam şəkildə ödənilib-ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

25. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli EC-24/272/D7 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra həmin tarixdə bağlanmış 01 nömrəli qiymətin razılaşdırma protokolundan göründüyü kimi müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə veriləcək məhsullar və onların dəyəri müəyyənləşdirilmiş, xx.xx.2024-cü ildə bağlanmış təhvil-təslim aktından göründüyü kimi razılaşdırılmış ümumlikdə 31 115 manat dəyərində olan məhsullar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfin həmin məhsulları təhvil alması faktı cavabdeh hüquqi şəxsin möhürü və nümayəndəsinin imzası ilə təsdiqlənmişdir (bu fakt xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11757419 nömrəli elektron qaimə-fakturalarla da təsdiq olunur). Qeyd olunanlardan əlavə olaraq "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi cavabdeh iddiaçıya olan borcundan cəmi 13 000 manat ödəniş etmişdir.

26. Göründüyü kimi cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 18 115 manat (31 115 manat – 13 000 manat) əsas borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş təhvil-təslim aktı, elektron qaimə-faktura və arayış ilə öz təsdiqini tapır.

27. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

29. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

30. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

31. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

32. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə hər hansısa etiraz və ya münasibət bildirməmiş, iddia tələbinin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

33. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh MMC-dən 18 115 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

34. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən 144.35 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Vİİİ Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 18 115 manat borc və 144.35 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar