Məhkəmə qərarları › İş №e-2-2(117)-1476/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1476/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1476/2022 26.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “5744,15 manat borcun və ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilən 100 manat məbləğində pulun (77,44 manat olan hissəsinin dövlət rüsumuna aid edilməklə) cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu, Kükəl kəndində yerləşən 18 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14310,05 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 13178,31 kq dəyəri 8565,90 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5744,15 manat məbləğində borcu qalmışdır. Borcun olması ödəmə tapşırıqları və üzləşmə aktı ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, bir sıra kənd təsərrüfatı müəssisələri, o cümlədən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək İddiaçı MMC-yə qoşulma yolu ilə yenidən təşkil edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 5744,15 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə xx.xx.2022ci il tarixdə bildirişləri qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qaimə faktura, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu, Kükəl kəndində yerləşən 18 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14310,05 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 13178,31 kq dəyəri 8565,90 manat olan xampambıq təhvil vermiş, bununla iddiaçıya 5744,15 manat məbləğində borcu qalmışdır. Borcun olması ödəmə tapşırıqları və üzləşmə aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddiaçının tələb etdiyi 5744,15 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 77,44 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı ödədiyi 100 manat mediasiya xərcini tələb etdiyindən cavabdehdən həmin vəsait iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5744,15 borc və 100 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh ödənilməmiş 77,44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar