Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1477/2022 25.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 3769,86 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 46,62 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1970-ci il təvəllüdlü Balakən rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA - *******, FİN nömrəsi–xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan Maraqlı şəxs öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə vergi üzrə 3769,86 manat, Dövlət Sosial Müdafiə Fonduna 46,62 manat borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs öhdəliklərini yerinə yetirmədiyindən dövlət büdcəsinə 3769,86 manat, Dövlət Sosial Müdafiə Fonduna 46,62 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, sonuncu tərəfindən vergi üzrə xx.xx.2022ci il tarixdə 1298 manat, xx.xx.2022-ci il tarixdə 1298,05 manat, xx.xx.2022-ci il tarixdə 1218,17 manat, DSMF üzrə xx.xx.2022-ci il tarixdə 50 manat məbləğində ödəniş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs məhkəmə iclasına gələməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan fiziki şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən elektron poçt vasitəsilə məhkəməyə təqdim edilmiş 253181585, 255293622, ********* və ********* nömrəli ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, sonuncu tərəfindən dövlət büdcəsinə vergi üzrə xx.xx.2022-ci il tarixdə 1298 manat, xx.xx.2022-ci il tarixdə 1298,05 manat, xx.xx.2022-ci il tarixdə 1218,17 manat, DSMF üzrə xx.xx.2022-ci il tarixdə 50 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan borc məbləği ödənildiyindən mövcud olmayan borca görə fiziki şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bu səbəbdən ərizə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Ərizə rədd edildiyindən və ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 100 manat dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 3769,86 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 46,62 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1970-ci il təvəllüdlü Balakən rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA - *******, FİN nömrəsi–xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1477/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1477/2022
25.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver